Məlum olduğu kimi, Türkiyənin Rusiyadan aldığı S-400 zenit kompleksləri 12 iyuldan etibarən hissə-hissə Türkiyəyə gətirildi. Türkiyənin ABŞ təhdidlərinə rəğmən, S-400-ü alması ABŞ siyasi palitrasında ciddi səs-küyə səbəb oldu.
S-400-lərin Türkiyəyə gətirilməsinə Tramp ilk əvvəl səssiz qalsa da, ABŞ parlamentində bu hadisə cidddi rezonansa səbəb oldu. Parlamentin hər iki palatasında da müxtəlif qruplar Türkiyəyə sanksiyaların tətbiq edilməsi üçün hökumətə təzyiq etməyə başlayıblar. Türkiyənin Rusiyadan S-400 zenit komplekslərini alması səbəbindən ona sanksiyaların tətbiq edilməsi məsələsində parlamentdə təmsil olunan iki əsas partiya nümayəndələri – demokratlar və respublikaçılar anlaşıblar.
ABŞ-ın xarici siyasətinə özünəməxsus təsiri olan parlamentin yuxarı palatası - Senatda bu məsələ müzakirə edilib və senatorlar Trampı Türkiyəyə sanksiya tətbiq etməyə çağırıblar. Öz növbəsində, ABŞ parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasında Türkiyəyə qarşı bir qanun layihəsi hazırlanıb. Xüsusən də Türkiyənin F-35 proqramından kənarlaşdırılması və sözügedən təyyarələrin bu ölkəyə ixracının dayandırılması gündəmdədir.
Bu arada erməni mediası da Türkiyə və ABŞ arasında baş verənləri böyük maraqla izləyir. Onlar belə fikirlər səsləndirirlər ki, S-400-lərin alınması davam edərsə, 2020-ci ilin aprelində ABŞ qondarma “erməni soyqırımı”nı tanıyacaq. CXP-dən kənarlaşdırılan və müstəqil millət vəkili olan Öztürk Yılmazın bununla bağlı fikirlərini erməni mediası geniş tirajlayıb. Onun fikrincə, S-400-lərə görə “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamənin Konqresin gündəliyinə salınacağı və daha sonra qəbul ediləcəyi ehtimal olunur.
Bütün hallarda, bu fikirlər nə dərəcədə realdır? ABŞ Türkiyə S-400 raketlərini aldığına görə qondarma “erməni soyqırımı”nı tanıya bilərmi?
Məhəmməd Əsədullazadə: “Ermənistana və lobbiyə görə Türkiyə kimi önəmli ölkəni itirmək Birləşmiş Ştatların strateji səhvi olar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etdi: “Türkiyə-ABŞ münasibətlərində müəyyən siyasi soyuqluqdan istifadəyə cəhd daim ermənilərin xislətində olub. Hazırda iki ölkə arasında S-400 böhranından istifadəyə cəhd edən Ermənistanın bu məkrli planı da fiaskoya uğrayacaq. Qeyd edim ki, ABŞ administrasiyası “soyqırım” məsələsində daha ehtiyatlı davranır və bu məsələyə toxunmur. Baxmayaraq ki, hər bir namizəd seçki kampaniyasında bunu tanıyacaqlarını vurğulasa da, son nəticədə buna getməyib. Bu dəfə də məhz belə olacaq. Vaşinqton iki ölkə arasında S-400-lə bağlı soyuqlaşmaya baxmayaraq, “qırmızı xətt”i keçməyəcək. Çünki dərin dövlət Türkiyə ilə strateji əlaqələrin qorunmasında maraqlıdır. Ermənistana və lobbiyə görə Türkiyə kimi önəmli ölkəni itirmək Vaşinqtonun strateji səhvi olar. Ümumiyyətlə, ABŞ-ın qondarma “soyqırımı” tanımasında da faciəli bir şey yoxdur. Bununla heç nə dəyişmir. Türkiyə daim arxivləri açıq tutur. ABŞ-ın özündə də arxivlərdə belə bir soyqırımın olmadığı barədə məlumatlar var. Ona görə də ABŞ bu addımı atsa, ilk növbədə, öz tarixinə kölgə salmış olar . Tarixi uydurmanı böyük siyasətə gətirmək ABŞ üçün səhv strategiyadır. Hesab edirəm ki, ermənilərin bu avantürası baş tutmayacaq”.
Vidadi ORDAHALLI