İqtisadi burulğanda çabalayan Ermənistan öz “inkişafı” ilə bağlı əsatirlər uydurmaqda davam edir. İşğalçı ölkənin mətbuatı indi də güya milli valyutalarının gücləndiyinə dair yalnış rəy formalaşdırmağa girişib. Yazırlar ki, ötən həftə ərzində keçmiş SSRİ-ni təmsil edən ölkələrin valyutasında dollara nisbətdə ucuzlaşma qeydə alınıb. Bu xüsusda qeyd edirlər ki, güya Ermənistanın milli valyutası olan dram 0,09 faiz dəyər qazanıb. Həmin məlumatda qeyd edilir ki, Orta Asiya ölkələrinin hamısının milli valyutasında ucuzlaşma qeydə alınıb. İqtisadiyyatı tənəzzülə uğrayan ölkənin milli valyutasının dəyərə mindiyini elan etməsi təzad sayılırmı?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, Ermənistanın bir tərəfdən zəif təbii, mineral və coğrafi resurlara malik olması, digər tərəfdən apardığı işğalçılıq siyasəti və ərazi iddiaları nəticəsində özünü qonşu ölkələrdən təcrid etməsi onu çətin vəziyyətə salıb: “ Milli valyutanın dəyərə minməsi üçün iqtisadiyyatın inkişafı lazımdır. Zəngin enerji resursları və dənizə çıxışı olmayan Ermənistan coğrafi baxımdan da əlverişsiz vəziyyətdədir. Ölkənin Azərbaycan və Türkiyə ilə olan sərhədlərinin uzunluğu toplam sərhədlərinin 85%-ni təşkil etməkdədir. Azərbaycan və Türkiyə ilə sərhədləri Dağlıq Qarabağın işğalı səbəbilə Azərbaycan və Ermənistan arasında davam edən münaqişənin nəticəsi olaraq bağlıdır. Dənizə çıxışı olmayan öklənin coğrafi xüsusiyyətlərindən dolayı ticari əlaqələri zəifdir. Buna əlavə olaraq, İran və qismən də Gürcüstan xaricində bütün qonşuları ilə problem yaşamaqdadır, bu da təbii olaraq sərhəd ticarətinə mənfi yöndə təsir edir. Bu böhranlı vəziyyətdə onun sağ qalmasında, heç şübhəsiz, diasporanın rolu çox əhəmiyyətlidir. Yəni ölkə, demək olar ki, ianələr hesabına yaşayır. Bu gün dünya iqtisadiyyatında baş verən proseslər Ermənistanda böyük narahatlıqla izlənməkdədir. Bunun işğalçı ölkəyə hansı təsirlər göstərəcəyi geniş müzakirə predmetinə çevrilməkdədir. Səbəbi isə Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyüdür. Çünki Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər və yaşanan tənəzzül Ermənistana həmin dövlətlər tərəfindən edilən yardımların kəsilməsi deməkdir. Belə bir vəziyyətdə Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatmaqdadır. Vəziyyətdən yeganə çıxış yolu kimi Ermənistan əhalisi əvvəlki qaydada ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutur. Bu, Ermənistan əhalisinin haqlı narazılığının daha da artmasına, etiraz aksiyalarının geniş vüsət almasına səbəb olur. Erməni ekspertləri mətbuata verdikləri açıqlamalarında qeyd edirlər ki, bu gün vergi sahəsində də vəziyyət çox bərbaddır. Vergi yığımlarının miqdarının aşağı olmasının əsas səbəbi ölkədə əksər biznes, ticarət və digər kommersiya obyektlərinin məmurlara məxsus olmasıdır. Müxtəlif qiymətləndirmələrə görə, Ermənistanda gizli iqtisadiyyatın xüsusi çəkisi ümumi daxili məhsulun ən azı 70 faizinə çatır. Hökumətin buna qarşı apardığı mübarizə isə yalnız kağız üzərində mövcuddur. Sadə əhali hər keçən gün daha acınacaqlı vəziyyətə düşməkdə, gündəlik maddi ehtiyaclarının qarşılanmasında belə ciddi çətinliklər yaşamaqda, az qala hər gün qiymətlərin qalxmasından əziyyət çəkməkdədir. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, sənaye və kənd təsərrüfatı sahələri tamamilə çöküb. İqtisadi geriləmə biznes mühitinə də zərər vurub. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis vəziyyətdə yaşamağa başlayıb. Belə iqtisadi göstəricilərə malik olan ölkənin milli valyutasının gücləndiyini iddia etmək, absurddan başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ