Yuxarı Lars yoluna alternativin yaradılmasıyla bağlı danışıqların yeni mərhələsi başlayır. Bunu Gürcüstandakı erməni icmasıyla görüşdən sonra jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. O, alternativ yol məsələsinin ilk növbədə Rusiya və Gürcüstana aid olduğunu və danışıqların davam etdirilməsi gərəkliyini bildirib.
Mnatsakanyan Ermənistanın baş verənləri diqqətlə izlədiyini, Rusiya və Gürcüstanla müzakirələr apardığını bildirib: “Təbii olaraq, bu barədə Rusiya və Gürcüstanla olduqca diqqətlə danışırıq. Bu prosesi ardıcıllıqla izləməyi davam edirik. Ümid edirəm ki, məsələ öz həllini tapacaq və nəzərəçarpan nəticə əldə ediləcək”.
Mnatsakanyana sual olunub ki, bu, yaxın gələcəyinmi məsələsidir? Mnatsakanyan cavabında bunları deyib: “Ümid edirəm ki, danışıqlar yeni mərhələyə yaxınlaşır və məncə, bu baş tutacaq”.
Göründüyü kimi, Mnatsakanyan açıq şəkildə konkret hansı alternativ yoldan söhbət getdiyini deməyib. Ancaq çox güman ki, söhbət Abxaziyadan keçən dəmir yolunun bərpasından gedir. Ancaq nəzərə alsaq ki, Abxaziya separatçıların nəzarəti altındadır, o zaman bunun nə dərəcədə reallaşacağı şübhə altındadır. O mənada ki, Gürcüstan buna getsə, belə çıxır ki, Abxaziyadakı separatçılarla razılaşıb.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Söhbət hansı alternativ yoldan gedə bilər?
Məhəmməd Əsədullazadə: “Bu həm də Gürcüstanın milli suverenliyini təhdid edəcək”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Mnatsakanyanın Gürcüstana səfərində əsasən Yuxarı Lars yolu və buna alternativ olaraq Abxaziyadan keçən dəmir yolunun açılması müzakirə predmeti olub. Çox güman ki, Ermənistan Abxaziya vasitəsilə Rusiya ilə əlaqə saxlamaq istəyir. Çünki Yuxarı Lars qış aylarında bağlı olur. Bu da Ermənistan üçün bir sıra çətinliklər yaradır. Abxaziya dəmir yolunun açılması barədə detallara varmaması bu məsələnin Azərbaycan və Türkiyə üçün mühüm amil olmasından qaynaqlanır. Abxaziyadan keçən dəmir yolunun açılması Ermənistanın Rusiya ilə quru əlaqəsinin bərpası və blokadanın qismən yarılması deməkdir. Bu həm də Gürcüstanın milli suverenliyini təhdid edəcək. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bu məsələdə aktiv olmalıdırlar. İşğalçı ölkənin Rusiya ilə dəmir yolu vasitəsilə əlaqə qurmasına imkan verilməməlidir. Bu məsələdə Ermənistan və Rusiya birgə çalışaraq regionda yeni bir situasiyanın başlanmasına, Azərbaycanın geosiyasi üstünlüyünə mane olmağa çalışırlar. Hesab edirəm ki, Mnatsakanyanın bu kimi səfəri əsasən regionda destabilizasiyaya xidmət edir. Azərbaycanın isə regionda siyasəti regionda təhlükəsizliyin qorunmasına xidmət edir. Ona görə də baş verən proseslər ciddidir”.
Vidadi ORDAHALLI