Ermənilərin işğal altında saxladıqları ərazilərimizdə tarixi-dini, mədəniyyət abidələrinə qarşı həyata keçirdikləri vandalizm aktlarına hələ də beynəlxalq hüquq müstəvisində münasibət göstərilməyib. Abidələrimizə qarşı saxtalaşdırma, məhvetmə kimi dünya qanunlarına, beynəlxalq konvensiyalara zidd olan əməllər törədən ermənilərin bu hərəkətlərinə hüquqi müstəvidə cavab verilməlidir.
Doğrudur, Azərbaycan dövləti uzun illərdir müxtəlif beynəlxalq təşkilatlar qarşısında ermənilərin bu əməllərinin ifşa edilməsi istiqamətində işlər aparır, lakin hələ də ermənilərə qarşı hər hansı bir tədbir görülməyib.
Ekspertlər qeyd edirlər ki, hətta faşistlər belə işğal etdikləri ərazilərdə tarixi abidələri dağıtmayıblar, amma ermənilər dağıdırlar.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə UNESCO kafedrasının milli irsin öyrənilməsi üzrə “Günəşin axtarışında” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan torpaqlarında tarixi-dini abidələrə qarşı ermənilərin saxtakarlıq və cinayət əməllərinin təsbit olunması üçün beynəlxalq səviyyədə müvafiq strukturlar qarşısında vəsatət qaldırılması təklif olunub.
Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsovun da qatıldığı və çıxış etdiyi tədbirdə bu məsələ önə çəkilib.
Əziz Qənbərov: “Bu məsələ ilə bağlı vəsatət qaldırılması çox vacibdir və beynəlxalq məhkəmələr buna beynəlxalq hüquq müstəvisində qiymət verməlidirlər”
Tanınmış hüquqşünas Əziz Qənbərov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin bu və digər sahələrdə törətdiyi cinayətlər cavabsız qalmamalıdır. Ə.Qənbərovun sözlərinə görə, ermənilərin tarixi-dini, mədəniyyət abidələrinə qarşı həyata keçirdikləri saxtalaşdırma və vandalizm hərəkətlərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir. “Bilirsiniz ki, Azərbaycan tərəfi ermənilərin abidələrimizə qarşı törətdikləri qanunsuz əməllərlə bağlı bütün beynəlxalq qurumlara məlumat verib. Bu məsələ bir sıra beynəlxalq tədbirlərdə səsləndirilib. Ancaq təəssüflər olsun ki, hələ də torpaqlarımız işğaldan azad edilməyib və ermənilər ərazilərimizdə abidələrimizə qarşı cinayətlər törədirlər. Azərbaycan ərazilərində tarixi-dini abidələrimizə qarşı ermənilərin saxtakarlıq və cinayət əməllərinin təsbit olunması üçün beynəlxalq səviyyədə müvafiq strukturlar qarşısında vəsatət qaldırılması çox mühüm bir məsələdir. Dövlətimiz beynəlxalq aidiyyəti məhkəmələrə müraciət etməli və erməni vandalizminə hüquqi qiymət verilməsinə nail olmalıdır. Biz haqlı tərəfik və ümid edirəm ki, bu məsələ ilə bağlı vəsatət qaldırılması çox vacibdir və beynəlxalq məhkəmələr buna beynəlxalq hüquq müstəvisində qiymət verməlidirlər. Müxtəlif beynəlxalq konvensiyalarda, eləcə də BMT-nin, onun təsisatlarından biri olan UNESCO-nun müvafiq sənədlərində də işğal olunmuş ərazilərdə abidələrə qarşı hər hansı bir cinayətin törədilməsi qadağası əks olunub. Lakin ermənilər heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən Azərbaycana məxsus ərazidəki abidələrimizə qarşı vandalizm aktları törədiblər”.
Tarixi torpaqlarımızda ermənilərin törətdikləri cinayətlərin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyən Ə.Qənbərov bildirdi ki, artıq Qarabağa Qayıdış adlı ictimai birlik yaradıb və birliyin sənədləri təsdiq olunmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib. “Fikrim var ki, ermənilərin bu hərəkətləri ilə bağlı təşkilat adından beynəlxalq məhkəməyə müraciət edək. Azərbaycanın ermənilərin işğal altındakı ərazilərimizdə abidələrimizə qarşı həyata keçirdikləri saxtalaşdırma və vandalizm aktlarına beynəlxalq hüquq müstəvisində qiymət verilməsi üçün beynəlxalq məhkəmələrə müraciət etməyə əsası çoxdur. Dövlətimizin əlində kifayət qədər məhkəmə predmeti olan sənəd, fakt var ki, onlara əsasən beynəlxalq məhkəmə erməniləri cəzalandıra bilər” - deyə Ə.Qənbərov bildirdi.
İradə SARIYEVA