Azərbaycanda yeni siyasi sistemin, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir. Məhz ümummilli lider vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu.
Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Bu baxışın nəticəsi olaraq ölkədə müxtəlif ideologiyalara malik siyasi partiyaların fəaliyyəti bərqərar oldu. Müasir vətəndaş cəmiyyətinin əsas elementi anlamında isə qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib.
Azərbaycanın ictimai həyatında QHT fəallığı
Artıq QHT-lər milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər ki, bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən amillərdəndir. Etiraf edilməlidir ki, hazırda Azərbaycanda 3 mindən artıq qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib və ölkədə normal fəaliyyət göstərir. Son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı QHT-lər qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində ixtisaslaşıblar. Siyasi hakimiyyət uğrunda mübarizədən çəkinmələri onların birbaşa nizamnamə fəaliyyətinə şərait yaradıb. Bu isə ölkənin demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının rolunu xeyli dərəcədə artırıb.
Hazırkı şəraitdə cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, demokratik institutların inkişafında onların rolunu danmaq vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma kimi dəyərləndirilə bilər. Çünki QHT-lər ölkədə demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik, azadlıq, yaşamaq, şəxsi toxunulmazlıq, vicdan, tətil, şərəf və ləyaqətin müdafiəsi, fikir və söz azadlığı, sərbəst toplaşmaq və sair kimi hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu danılmazdır. Bunu nəzərə alan QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir. Etiraf edilməlidir ki, ölkədə vətəndaş cəmiyyətlərinin çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki gördüyü işlər Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Bu məqsədlə 27 iyul 2007-ci ildə prezident QHT-lərə dövlət dəstəyi konsepsiyasını təsdiq etdi və dekabrın 13-də Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla artıq QHT-lər üçün yeni bir mərhələyə qədəm qoymuş oldu. Bununla da vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxmış oldu. QHT-lərə dövlət dəstəyinin digər bariz nümunəsi kimi qanunvericilik təşəbbüsündən istifadə edən Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələrinin parlamentə təqdim edilməsidir.
Əli Hüseynli: “Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə edib”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır: "Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir". Artıq qətiyyətlə söyləmək olar ki, Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə edən, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirən, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları formalaşdırıb. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məhkəmə-hüquq islahatlarının mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi: "Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar öz bəhrəsini verir. Qanunun aliliyinin təmin edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır".
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, hüquqi dövlət qanunun aliliyini, insan hüquq və azadlıqlarını, hər kəsin qanun və məhkəmələr qarşısında bərabərliyini təmin edir. “Hüquqi dövlətin effektiv fəaliyyət göstərməsi onun bərabərhüquqlu tərəfdaşının olması ilə şərtlənir. Belə tərəfdaş kimi isə vətəndaş cəmiyyəti çıxış edir”. Ə.Nuriyev qeyd edib ki, vətəndaş cəmiyyəti institutları bütün mümkün vasitələrlə ictimiyyətlə əlaqələrini genişləndirməli, daha açıq olmalı, öz fəaliyyətində şəffaflıq prinsiplərinə son dərəcə həssaslıqla yanaşmalıdırlar. III sektor nümayəndələri özləri, missiyaları, dəyərləri, fəaliyyətləri haqqında daha çox danışmalı, müzakirələr açmalı, məlumat verməlidirlər. Ümumiyyətlə, cəmiyyəti QHT-lərsiz təsəvvür etmək olmaz. QHT-lər bir növ dövlət üzərində arbitr rolunu oynayır, Azərbaycan hakimiyyəti də QHT-lərin cəmiyyət üçün vacibliyini nəzərə alaraq, onların inkişafı üçün hər bir şərait yaradır.
Elman Nəsirov: “Vətəndaş cəmiyyəti institutlarının inkişafı istiqamətində dövlət siyasəti var”
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündən bu vaxta qədər ölkənin demokratik inkişaf yolu ilə getdiyini bildirən millət vəkili Elman Nəsirov isə deyib ki, bu istiqamətdə ciddi islahatlar aparılmaqdadır: “İslahatlar bütün sferaları əhatə eləyir. Demokratik inkişafın ən mühüm elementlərindən biri vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlıdır. Bu istiqamətdə xeyli işlər görülüb. QHT-lərə dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsini və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasını vurğulamaq olar. Bununla da QHT-lər üçün yeni bir mərhələ başladı, vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxmış oldu. Eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrildi. Vətəndaş cəmiyyətinin inkişafında bu təşkilatların rolu olduqca böyükdür və o, üçüncü sektor kimi bütün dünyada əsas institutlardan hesab olunur. QHT-lərin sayının artması və müxtəlif istiqamətlər üzrə QHT-lərin fəaliyyət göstərməsi onu sübut edir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı istiqamətində dövlət siyasəti var. Hədəflər bəllidir və bu işlər üzrə tədbirlər davam etməkdədir.
Eyni zamanda, Azərbaycanda söz və mətbuat azadlığının təminatı istiqamətində də xeyli işlər görülüb, azad internet mövcuddur. Ölkə əhalisinin 75 faizi internet istifadəçisidir. İnternet istifadəçisi olmaq o deməkdir ki, hər bir vətəndaşın öz qəzeti var və ora düşündüyünü rahat şəkildə yaza bilir. Bununla yanaşı, bizdə hər şey qanunla tənzimlənir. Ölkədə hüquqi dövlət prosesi həyata keçirilir.
Bütövlükdə Azərbaycan demokratik inkişaf yolunda addımlayır. Bir şeyi bilmək lazımdır ki, demokratiyanın son nöqtəsi yoxdur. Söyləmək olmaz ki, filan nöqtə demokratiyanın maksimum səviyyəsidir, ora çatdınsa dayanmalısan”.
Samir GÜLƏLİYEV “Trend” İnformasiya Agentliyinin müxbiri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.