Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə nitqi zamanı bildirib.
Prezident İlham Əliyev bildirib:
"Beləliklə, Komissiyanın növbəti iclaslarında bütün bu məsələlər geniş müzakirə olunmalıdır. Bir daha demək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, amma gərək daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır.
Fürsətdən istifadə edərək, bu vəziyyətdə bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm".