Ermənistanda yeni hakimiyyətin “Qarabağ klanı”na qarşı başlatdığı kampaniyanın sonda sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın həbsinə gətirib çıxaracağına dair prooqnozlar getdikcə reallıq həddinə yaxınlaşmaqdadır. Artıq Serj Sarkisyanın yaxınlarına qarşı atılan addımlar tezliklə həbs növbəsinin onun özünə də çatacağını göstərir. Məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Serj Sarkisyanın Sünik vilayətinin Teq kəndində yerləşən ata evində axtarış aparıb. Hazırda orada heç kim yaşamasa da, bina ailə yurdu kimi saxlanır.
Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında saziş aşkar edib. Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə ittiham edilib. Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyanla bağlanıb.
Məlumatda qeyd olunub ki, Levon Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəlirləri və maliyyə vəsaitləri barədə bəyannamə təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib. Bundan başqa, Sarkisyanın oğlu da 2017-ci ildə əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməyib. Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qanunsuz varlanma və digər maddələr üzrə cinayət işi başlanıb. Serj Sarkisyanın qardaşı eyni zamanda iri məbləğdə yeyintidə də ittiham olunur.
Ermənistanın digər keçmiş prezidenti Robert Köçəryanla da bağlı vəziyyət qəlizdir. O, 2008-ci il martın 1-də təşkil edilən kütləvi etirazlar zamanı nümayişçilərin atəşə tutulması əmrini verməkdə ittiham edilir. Bundan başqa, Robert Köçəryan barəsində 1999-cu il oktyabrın 27-də bir dəstə terrorçunun İrəvanda Ermənistan Milli Məclisinin binasına soxularaq parlamentin spikeri Karen Dəmirçiyanı və baş nazir Vazgen Sarksiyanı, eləcə də digər altı nəfəri güllələyənlərə yardımla bağlı ittihamlar səslənməyə başlayıb. Baş verənlərlə bağlı erməni siyasi şərhçi Sarkis Artsruni “1in.am” saytında yeni maraqlı məqamlar açıqlayıb. O qeyd edir ki, Robert Köçəryan 10 illik idarəçilik dövrü ərzində yalnız öz adını siyasi qətllərlə və hər yerdə aparılan talanlarla bağlamayıb, həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə hissolunacaq zərbə vurub: “Robert Köçəryan 1998-ci ildə prezident postunu tutaraq, “DQR” adından da danışıq aparmaq hüququnu özündə saxlayıb. Bu, danışıqlar prosesində dönüş anı idi, nəticədə “DQR” danışıqlar prosesindən çıxarıldı – dəyişən formatda münaqişənin subyektindən obyektinə çevrildi.
Danışıqlar prosesi transformasiyaya məruz qaldı, öz müqəddəratını təyin etmə haqqı ikinci plana sıxışdırıldı. Bu kontekstdə təsadüfi deyil ki, Köçəryanın prezidentliyinin birinci ilində Mehrinin mübadiləsi variantı meydana çıxdı. Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində danışıqların predmeti olaraq ərazilərin mübadiləsi və ya “Mehri məsələsi”lə bağlı Robert Köçəryan hakimiyyətilə müxalifət nümayəndələri arasında diskussiyalar 27 oktyabr 1999-cu ildə parlamentdə baş verən terror hadisəsindən sonra başladı və həmişə də baş vermiş cinayətin mümkün motivlərilə əlaqələndirildi. Robert Köçəryan və onun hakimiyyətinin əsas fiqurları isə hər zaman inandırıcı olmayan arqumentlərlə “Mehri variantı”nın mövcud olduğunu inkar edib, baxmayaraq ki, əksini sübut edən çoxlu faktlar da var.
Bu variantla bağlı Vazgen Sarkisyandan qalan hansısa bir əllə yazılmış sənəd var, həmin sənəddə o qeyd edib ki, “bu, bizim deyil, onların variantıdır”, o və Karen Dəmirçiyan isə bu varianta qarşıdır. O həmçinin yazıb ki, “Mehri benzin kimi qanınıza girəcək və … V. Sarkisyan birmənalı olaraq Laçının qorunub saxlanması baxışının tərəfdarı olub”. 16 noyabr 2000-ci ildə NTV televiziya kanalının “Seqodnya” informasiya proqramında Stepan Dəmirçiyanın belə bir bəyanatı sitat gətirilib: “Atam oktyabrın ortalarında mənimlə “Mehri variantı” haqqında danışıb. Belə variant müzakirə edilib. O, həddindən artıq həyəcanlı idi və dedi ki, qarşı çıxacaq və sonuna qədər dayanacaq”.
27 oktyabr 1999-cu il cinayətindən sonra Vazgen Sarkisyanı baş nazir vəzifəsində əvəz edən qardaşı Aram Sarkisyan Mehrinin təslim edilməsinə dair sui-qəsd planının qarşısının alınmasını özünün altı aylıq baş nazirlik dövrünün ən böyük nailiyyəti hesab edir. Bu məsələ ilə bağlı onun “Mehri variantı”nın baş lobbiçisi adlandırılan Robert Köçəryanla çox mübahisəsi olub. Aram Sarkisyan 2001-ci ildə “Çorord İnknişxanutyun” qəzetinə verdiyi müsahibədə deyib: “Özümün bir nömrəli nailiyyətim onu hesab edirəm ki, mən mövcud imkanlarım daxilində “Mehri variantı”nın reallaşdırılmasına mane oldum”. Maraqlıdır, Robert Köçəryan və onun Xarici işlər naziri Vardan Oskanyan öz“qəhrəmanlıq” addımlarını motivasiya edən hansı əks-arqumentlərlə və ya əsaslandırmalarla çıxış edirdilər?
“Aravot” qəzeti xarici işlər naziri Vardan Oskanyanın 25 aprel 2000-ci il tarixdə Qlendeylin erməni icması ilə görüşdəki çıxışını təqdim edib. Vardan Oskanyan öz şefi Robert Köçəryandan daha səmimi olub və məsələni məxfilikdən çıxarıb: “Mehri Azərbaycana verilir. Mehri vasitəsilə Ermənistana suveren yol verilir, Ermənistan bu yol vasitəsilə İranla suveren kommunikasiyaya malik ola bilər”. Oskanyanın bu bəyanatından sonra heç bir şübhə ola bilməz ki, Robert Köçəryan Mehrini mübadilə etməyə hazır olub və bu sui-qəsd planının qarşısı yalnız Ermənistanın siyasi sisteminin və cəmiyyətinin müqaviməti sayəsində alınıb.
Robert Köçəryan öz azğın hakimiyyətini qorumaq üçün ölkənin ərazi bütövlüyünə qəsd etməyə hazır olub. Böyük ehtimalla, Vazgen Sarkisyan və Karen Dəmirçiyan ona görə öldürülüb ki, Mehrinin mübadiləsilə bağlı sui-qəsd planına qarşı müqavimət göstərirdilər”.
Bütün bunlar isə Robert Köçəryana qarşı irəli sürülən ittihamların sayının artması deməkdir.
NAHİD