Vüqar Qədirov: “Bu, ermənilərin ilk yalanı deyil”
Ermənistan xarici işlər naziri Z.Mnaçakanyan Almaniyaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb. Erməni nazir ölkəsinin informasiya resurslarına bildirib ki, alman həmkarı Xayko Massla görüş zamanı Qarabağ konfliktinin nizamlanması ətrafında müzakirələr aprıb.
Sitat: “Mən Ermənistanın konfliktin sülh yolu ilə həlli variantının tərəfdarı olduğunu bəyan etdim. Bildirdim ki, Ermənistan münaqişənin Minsk Qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz həmçinin, belə bir qənaətə gəldik ki, “Artsax” (qondarma qurum – red.) danışıqlar prosesində müstəqil tərəf kimi iştirak etməlidir. Bu istiqamətdə biz Almaniyanın göstərdiyi dəstəyi yüksək dəyərləndiririk”.
Erməni nazirin açıqlamasından bu nəticəyə gəlinir ki, guya almaniyalı həmkarı onun qondarma qurumun müstəqil tərəf kimi danışıqlar prosesindəki iştirakına dair fikirləri ilə həmrəylik nümayiş etdirib. Erməni nazirin bu fikrini nə dərəcədə real saymaq olar?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, bu məlumatı da növbəti erməni yalanı kimi qəbul etmək olar: “Almaniyanın Azərbaycanla normal diplomatik münasibətləri mövcuddur. Bu münasibətlər çərçivəsində Almaniya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin həll edilməməsindən narahatlıq keçirdiyini bəyan edib. Hətta bu cür obyektiv yanaşmasına görə Azərbaycandakı bəzi siyasətçilər Almaniyanın həmsədr ölkələrdən biri ilə Minsk Qrupu formatında əvəzlənməsini tələb edib. Bu istiqamətdə araşdırma aparsanız görərsiniz ki, hətta Almaniyanın ölkəmizdəki səfirliyi müxtəlif illərdə qondarma Dağlıq Qarabağ rejimini və onun “nümayəndəliyini” tanımadığını bəyan edib. Almaniyanın bu məsələdə prinsipial mövqeyini sübut edən daha bir faktı nəzərinizə çatdırım. Ötən il Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Avropa Şurasının Nazirlər Komitəsinin Kiprdə keçirilən sessiyasında çıxışı zamanı Rusiyanı tənqid edib və Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətdən narahatlıq ifadə edib.
Mixael Rot Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib. Diplomat habelə Rusiyanın ilhaq etdiyi Krımda beynəlxalq hüquq normalarının pozulduğunu, Donbassın separatçıların nəzarətində olan bölgələrində insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini deyib. Mixael Rot bildirib ki, bu çağırış Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Almaniyanın bu istiqamətdə mövqeyini sübut edəcək daha mötəbər faktlar da var ki, biz onları ən yüksək postlu alman rəsmilərinin dilindən eşitmişik. Belə hallarla biz çox rastlaşmışıq. Bu, ermənilərin ilk yalanı deyil”.
Məhəmmədəli QƏRİBLİ