Aydın Mirzəzadə: “Bunun nəticəsidir ki, bu gün ölkələr arasında, demək olar, bütün məsələlər üzrə eyni yanaşma var”
Xəbər verildiyi kimi, Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans təşkil olunub.
Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin konfransda qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir: "Bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var".
Azərbaycanın Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda 120 min rusun yaşadığını deyib. O, məmnunluqla qeyd edib ki, Rusiya ilə Azərbaycanın bir-birinə tərəf yönələn hərəkatı məmnunluqla qarşılanır. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin bu hərəkatın təşəbbüskarları olduqlarını diqqətə çatdıran Mixail Zabelin xalqlarımızın da bu təşəbbüsü dəstəklədiyini bildirib.
İzbor Klubunun üzvü Valeri Korovin Azərbaycanda bir neçə dəfə olduğunu deyib. O, hər səfərində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli inkişafın şahidi olduğunu bildirib. Valeri Korovin vurğulayıb ki, strateji əlaqələr quran Rusiya və Azərbaycan Qafqazda yeganə etibarlı tərəfdaşlardır.
O da məlumdur ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində İlham Əliyevlə Vladimir Putinin xidmətləri böyükdür. Onların bu yöndə göstərdiyi qarşılıqlı səylər iki ölkə arasında münasibətlərin inkişafına təkan verib. O baxımdan maraqlıdır, Rusiya-Azərbaycan əlaqələrinin xarakterində, iki ölkə münasibətlərinin keyfiyyətcə dəyişməsi və strateji müttəfiqliyə doğru yönəlməsində İlham Əliyevlə Vladimir Putinin şəxsi olaraq ümumən hansı rolu var?
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, dövlətlər arasında münasibətlərin inkişafında dövlət başçılarının rolu böyük olur: “O cümlədən, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında ölkə başçılarının xidmətləri böyükdür. Bu gün Rusiyada cənab Prezident İlham Əliyevi, Azərbaycanda isə cənab Vladimir Putini kifayət qədər yaxşı tanıyırlar. Onların apardığı siyasət, dövlətlər arasında münasibətləri möhkəmləndirməyə, əməkdaşlığı gücləndirməyə xidmət edir. Ən əsası isə dövlətlər arasında hər hansı bir problemin mövcudluğunu istisna edən siyasət aparmağa imkan verir. Bunun nəticəsidir ki, bu gün ölkələr arasında, demək olar, bütün məsələlər üzrə eyni yanaşma var. Beynəlxalq aləmdə bir mövqedən çıxış edirik, ticari-iqtisadi əlaqələr günü-gündən inkişaf edir. İki ölkə arasında humanitar əlaqələr çox güclüdür. Prezident İlham Əliyevin Rusiyaya münasibəti hər zaman Rusiya siyasi dairələrində yüksək qiymətləndirilib. Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Azərbaycan və Rusiya deputatlarının, ictimai-siyasi xadimlərinin Dağlıq Qarabağ məsələsinə dair konfrans keçirməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərən amillərdən biridir”.
Vidadi ORDAHALLI