Yeganə Hacıyeva: “O, bu xəbərdarlıqdan da nəticə çıxarmasa, biz regionda xeyrimizə dəyişə bilən hadisələrin şahidi olacağıq”
Məlum olduğu kimi, Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilib. Konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqa tanınmış personalar iştirak ediblər.
Konfransdakı çıxışı zamanı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir: "Bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var".
Onun sözlərinə görə, Rusiya və Azərbaycan xalqları ittifaqı bütövdür, həqiqidir: "Biz Azərbaycanın sülh şəraitində yaşamaq hüququ ilə həmrəyliyimizi ifadə etmək istəyirik. Azərbaycan Qafqazda Rusiyanın yeganə və əsas müttəfiqidir".
Göründüyü kimi, həm düzənlənən konfransın adında, həm də Kremlə yaxınlığı ilə bağlı kiminsə şübhəsi belə olmayan Duqinin çıxışında Azərbaycanın Qafqaz bölgəsində Rusiyanın yeganə müttəfiqi olduğu qeyd olunur. Burada diqqətçəkən məqam Azərbaycanın Rusiyanın tərəfdaşı deyil, məhz yaxın müttəfiqi kimi qeyd edilməsidir. Bu məqamla bağlı Rusiyanın mövqeyində kəskin dönüş hiss edilməyə bilməz. Çünki təxminən bir il bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində yayılan bəyanatda bildirilirdi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi, Azərbaycan isə yaxın tərəfdaşıdır. Kremlə yaxın olan ideoloqun qoşunların təmas xəttində Azərbaycanı Rusiya ilə münasibətlər fonunda yeni statusda təsnifatlandırmasını Azərbaycanın mühüm irəliləyişi saymaq olar. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə bölgədə maraqlı proseslərə şahidlik edə biləcəyik. Maraqlıdır, Azərbaycan strateji tərəfdaşdan Rusiyanın strateji müttəfiqinə çevrilə bilirsə, bəs onda Ermənistanın gələcək aqibəti necə olacaq?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, keçirilən son konfrans ermənilər üçün ciddi mesajdır: “Özü də bununla Rusiya Ermənistana elə mesaj verib ki, onun üstündə baş sındırmağa da gərək yoxdur. Konfransın adından, onun keçirildiyi yerə kimi hamısı Rusiyanın bölgədəki dəyişən yanaşmasından xəbər verir. Kremlə yaxın olan ən tanınmış adamlar təmas xəttinə gedib, işğaldan yenicə azad edilən qəsəbədə “Azərbaycan Rusiyanın yeganə müttəfiqidir” adında toplantı keçirirlər. Məhz həmin adamlar Azərbaycan Ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindəki səngərə girirlər. Orada qulluq edən Azərbaycan əsgərlərinin əlini sıxırlar. Bütün bunlar həmin ölkənin Azərbaycana və Ermənistana olan real münasibətinin göstəricisidir. Bütün bu yenilikləri bizə Paşinyanın hakimiyyətə gəlişinin rüzgarı gətirib. Etiraf etməliyik ki, Cənubi Qafqazda olan ölkələrdən Gürcüstanın meyli Qərbədir və həmin istiqamətdə xeyli yol gedib. Hiss olunur ki, Rusiya onu saxlamaqda, geri döndərməkdə maraqlı deyil. Regionda Rusiyanın ən etibarlı müttəfiqi, daha doğrusu isə arxa bağçası Ermənistan sayılırdı. Azərbaycan isə Rusiya ilə hər zaman balanslı siyasət yürüdüb. Ona görə də bir müddət əvvəl Rusiya Ermənistanı özünə bizdən bir köynək yaxın görürdü. Ermənistanda baş verən inqilabdan sonra hakimiyyətə Qərbpərəst Paşinyan gəldi. Rusiya hiss edir ki, Paşinyanın bütün gedişləri Moskvadan qopmağa hesablanıb. O, eyni zamanda, danışıqlar prosesini də uzadır ki, hakimiyyəti tam əlinə keçirənə kimi möhlət ala bilsin. Məhz Qarabağ kartı ilə indiki məqamda Rusiya onu şantaj etməsin. Amma görünür ki, Moskva Paşinyanın hətta nəyi düşündüyünün belə fərqindədir. Bu səbəbdən də Rusiya onunla müttəfiqlikdən imtina olunacağın anonsunu verir. Bunun da fonunda Azərbaycanı öz müttəfiqi olaraq qəbul etdiyinin ilk simptomunu nümayiş etdirdi. Hər şey Paşinyanın davranışlarından asılı olacaq. O, bu xəbərdarlıqdan da nəticə çıxarmasa, biz regionda bizim xeyrimizə dəyişə bilən hadisələrin şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ