Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, Kreml Azərbaycana bu aralarda dəstək verə bilər”
Rusiya və Azərbaycan ictimai-siyasi xadimlərinin Cocuq Mərcanlı konfransı maraqlı məqamlarla yadda qaldı. Xüsusən də Prezident Putinə yaxın sayılan və Rusiya ictimai rəyinə təsiri olan ekspert və politoloqların - Aleksandr Duqin, Maksim Şevçenko, İqor Korotçenko, həmçinin, Duma deputatlarının, bütövlükdə, Azərbaycana rəğbəti olan rusiyalı xadimlərin Dağlıq Qarabağ mövzusunda səsləndirdiyi fikirlər diqqət çəkib.
Onların çıxışlarında Azərbaycanın Rusiya üçün artan önəmi xüsusi vurğulanıb. Ən maraqlısı isə odur ki, Rusiya ictimai xadimləri cəbhə xəttində Lələtəpə strateji yüksəkliyini ziyarət ediblər. Belə ki, Cocuq Mərcanlı kəndində konfrans başa çatdıqdan sonra Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, ictimai xadim Maksim Şevçenko və məşhur hərbi ekspert İqor Korotçenko Lələtəpə strateji yüksəkliyinə qalxıblar. Konfrans iştirakçıları bu mövqelərdə xidmət göstərən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə görüşüblər, hərbi növbətçilik şəraiti ilə tanış olublar, həmçinin, hərbçilərin kazarmalarında olublar. Görüşün sonunda rusiyalı deputatlar və ictimai xadimlər azərbaycanlı əsgərlərə uğurlu xidmət arzulayıblar.
Toplantı yeri kimi məhz aprel döyüşləri ilə azad edilən Çocuq Mərcanlının seçilməsi, ən başlıcası isə qonaqların Lələtəpəyə qalxmaları maraqlı gediş idi. O baxımdan maraqlıdır, Rusiyanı təmsil edən ictimai-siyasi xadimlərin Lələtəpədəki səngərlərə qalxması nə deməkdir? Bu, Azərbaycana, Ermənistana yönəlik hansı mesajları özündə ehtiva edir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, Nikol Paşinyana xəbərdarlıq məqsədi daşıyır: “Ermənistanda Nikol Paşinyanın Moskvaya qarşı apardığı siyasi kursda ziddiyyətli məqamlar Kremli artıq yeni siyasət üzərində düşünməyə vadar edir. Çünki İrəvanın Moskvaya qarşı demarşı Kreml dairələrində əksinqilab yaratmasına aparacaq. Hazırda N.Paşinyan daxildə Rusiyaya bağlı olan “Qarabağ klanı”nı sıradan çıxarmaq üzrə fəaliyyətlə məşğuldur. Qeyd edim ki, Rusiya daim məhz “Qarabağ klanı” vasitəsilə Ermənistanda siyasi proseslərdə aktiv rol alıb və Ermənistanı öz forpostuna çevirib. N.Paşinyan hazırda bu sistemi ləğv etməyi, Moskvadan asılı olmayan bir hökumət qurmağı planlayır. Rusiyanın Paşinyana qarşı əsas təzyiq rıçaqı məhz Qarabağ konflikti və Azərbaycana açıq dəstəyidir. Rusiya indi öz siyasi ekspertlərini Qarabağ ərazisinə göndərməklə, bir növ, dəstəkləməsi kimi mesajlar verməsi İrəvana qarşı Rusiyanın tutduğu siyasi xətdir. Düzdür, burada Rusiya siyasi ekspertlərinin Azərbaycana gəlişi və Cəbrayılın Cocuq Mərcanlı kəndinə aparılması Azərbaycanın uğuru kimi dəyərləndirilə bilər və Rusiya mətbuatında anti-Azərbaycan təbliğatının qarşısının alınmasında əsas siyasi gedişdir. Hesab edirəm ki, Kreml Azərbaycana bu aralarda dəstək verə bilər. Çünki İrəvanda həyata keçirilən siyasət Moskvanı qane etmir. Azərbaycan Moskva ilə diplomatik əlaqələri inkişaf etdirməli və bu yaxınlaşmadan maksimum istifadə edərək, hərbi əməliyyatlar fonunda, çalışmalıdır ki, Rusiyanı neytral saxlasın”.
Vidadi ORDAHALLI