Arzuxan Əlizadə: “Günnüt kəndində belə bir tədbirin keçirilməsi...”
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır” adlı konfrans keçirilib. Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfransın əsas məqsədi Azərbaycan-Rusiya əlaqələrinə, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdən ibarət olub.
Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycanın Qarabağ icması, Azərbaycanın Rus icması və İzbor Klubu olub.
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli qeyd edib ki, konfrans bu miqyasda burada keçirilən ilk tədbirdir. Əli Hüseynli əsas məqsədin Azərbaycan-Rusiya əlaqələrinə, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdən ibarət olduğunu deyib.
Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin cəbhə xəttində konfransın keçirilməsi ideyasının yaranmasından danışıb. O, Rusiya və Azərbaycan prezidentlərinin iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşdığını diqqətə çatdırıb. “Rusiya-Azərbaycan münasibətləri təkcə bizim liderlərimizin dostluğu deyil, bu, əsrlər boyu qorunub saxlanan münasibətlərdir”, - deyən Beynəlxalq Avrasiya Hərəkatının lideri bildirib ki, konfrans iştirakçıları Moskva-Bakı oxuna daha da güclü təkan verməyi planlaşdırırlar.
Rusiya Dövlət Dumasının deputatı Aleksey Yezubov Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını qeyd edib.
Tədbirin 2 il əvvəl işğaldan tam azad edilən Cocuq Mərcanlıda keçirilməsi böyük marağa səbəb olub. O da məlumdur ki, bu ilin may ayında uzun illər erməni işğalı altında olan Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi və ümumən 11 min hektar ərazi işğaldan azad edilib. Heç şübhəsiz ki, Günnüt kəndi də yenidən bərpa ediləcək və orada da yaşayış təmin olunacaq. Bu baxımdan bənzər tədbirin Günnütdə keçirilməsinə ekspertlər necə baxırlar?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə, prinsipcə, buna çox müsbət yanaşdığını bildirdi: “Hesab edirəm ki, belə tədbirlərin məhz işğaldan azad olunan yaşayış məntəqələrində keçirilməsinin həm simvolik, həm də digər baxımdan özünəməxsus əhəmiyyəti var. Xüsusən də beynəlxalq ictimaiyyətin diqqətinin işğal olunmuş ərazilərə yönəldilməsi baxımından bənzər tədbirlər özünəməxsus rol oynayır. Müsbət haldır ki, Ermənistanın əsas müttəfiqi rolunda çıxış edən Rusiyanın tanınmış ictimai-siyasi xadimləri münaqişənin həllinə dair müsbət xarakterli çağırışlar səsləndirirlər. Bunun nə dərəcədə səmimi olub-olmamağına varmadan, istənilən halda, belə bir konfrasın keçirilməsi müsbət haldır. Dünyanın diqqətini münaqişənin ədalətli həllinə yönəltmək baxımından əlbəttə ki, belə tədbirlər nə qədər çox olsa, bu bir o qədər ümumi işə müsbət təsir göstərə bilər. Ən azından, Ermənistanın apardığı işğalçılıq siyasətini, erməni vandalizmini daim gündəmdə saxlamaq baxımından bunun müəyyən əhəmiyyəti var. Məlum olduğu kimi, bir ay əvvəl Naxçıvanda Günnüt kəndi işğaldan azad olundu. O cümlədən, bir sıra mühüm strateji yüksəkliklər də azad edildi. Bununla bir daha məlum oldu ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti təkcə Dağlıq Qarabağ və ətraf rayonlarla məhdudlaşmır. Eyni zamanda, Azərbaycanın digər əraziləri də işğala məruz qalıb. Yəni Naxçıvanın da bəzi əraziləri işğala məruz qalıb. Bu baxımdan, əlbəttə ki, Günnüt kəndində belə bir tədbirin keçirilməsi Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətdə ifşa olunmasına öz müsbət təsirini göstərəcək. Bunun müəyyən beynəlxalq əhəmiyyəti olacaq. Bir daha bəlli olacaq ki, Ermənistanın işğalçılıq siyasəti heç bir əndazəyə sığmır”.
Vidadi ORDAHALLI