Fuad Hüseynzadə: “Diaspor Gənclərinin I Yay düşərgəsində müxtəlif ölkələrdəki gənclərimiz bir-birini tanıyacaq, eyni zamanda, fikir mübadiləsi aparılaraq yeni layihələrin təşkili üçün qərarlar veriləcək”
Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir. Həmin gənclər komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.
Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, düşərgədə iştirak üçün qeydiyyat davam edir. Düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunur. Arzu edənlər sənədlərini iyunun 30-dək elektron qaydada göndərməlidirlər. Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak pulsuzdur. Qeyd edək ki, iştirakçıların seçim meyarları və digər məlumatlarla komitənin saytında tanış olmaq mümkündür.
Dünyada yaşayan Azərbaycan əsilli gənclərin yay düşərgələrində iştirak etməsinin əhəmiyyəti barədə danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xaricdəki gənclərimizin aktivliyi diasporun gücünə güc qatır: “Xatırladım ki, biz Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq ilk dəfə xaricdə yaşayan və təhsil alan gənclərimizin regionlara səfərlərini təşkil etmişdik. O zaman da istəyimiz bu idi ki, diaspor gəncləri üçün Yay düşərgəsi geniş şəkildə dövlət səviyyəsində təşkil olunsun. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu səviyyəsində bu təşəbbüsün irəli sürülməsi çox müsbət irəliləyişdir. Bunu biz müsbət qarşılayırıq”.
Həmsöhbətimizin sözlərinə görə, xaricdəki gənclərimiz diaspor sahəsilə ilə bağlı aktiv fəaliyyət göstərirlər.
F.Hüseynzadənin fikrincə, belə gənclər sayəsində yeni diaspor imici formalaşdırmaq mümkün olacaq: “Diaspor Gənclərinin I Yay düşərgəsi bu baxımdan əhəmiyyət kəsb edir. Bu tədbir xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından da önəmlidir. Diaspor Gənclərinin I Yay düşərgəsində müxtəlif ölkələrdəki gənclərimiz bir-birini tanıyacaq. Eyni zamanda, fikir mübadiləsi aparılaraq yeni layihələrin təşkili üçün qərarlar veriləcək. Bu da gələcəkdə Azərbaycanın xaricdə təbliği üçün yeni imkanlar açacaq”.
Günel CƏLİLOVA