"Bakıda möhtəşəm hərbi parad günü erməni mediasındakı reaksiyaları xüsusi izlədik. Nümayiş olunan hərbi texnikanın və ciddi əsgəri intizamın Ermənistan rəhbərliyinə hansı mesajları verdiyini tam görürük. Dünya və Ermənistan ən uzaqgedən mesajları Prezident İlham Əliyevin çıxışından aldı. Hamı gördü ki, Azərbaycan Prezidentinin "Qarabağ problemini hərbi yolla da həll edə bilərik" bəyanatının arxasında real olaraq nələr dayanır. Hətta barıt belə istehsal edə bilməyən Ermənistan 1200 adda məhsul buraxan Azərbaycan Hərbi Sənaye Kompleksinin gücü barədə Prezident İlham Əliyevin bəyanatlarının üstündən rahatlıqla keçə bilməz".
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Prezident Əliyevin bütün mülahizələrindəki inam və qətiyyətin Ermənistan auditoriyasına və beynəlxalq dairələrə təsirsiz ötüşmədiyini xüsusi vurğulayan Aydın Quliyev bildirdi ki, işğal altındakı bütün torpaqlarda milli bayrağın qaldırılacağı, xalqımızın işğalla heç vaxt barışmayacağı, dünyanın Azərbaycanın haqlı olduğunu başa düşməsi, Ermənistanın beynəlxalq hüquq və beynəlxalq siyasət prinsipləri qarşısında təkləndiyi barədə Prezidentin fikirlərindəki qətiyyətin böyük təsirlərinin olacağı şübhəsizdir.