Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilən əsgəri texnika ordumuzun düşmən üzərində kifayət qədər böyük üstünlüyə malik olduğunu bir daha praktiki olaraq göstərdi.
Xatırladaq ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Bunlar Silahlı Qüvvələrimizin potensilanın çox kiçik hissəsini təşkil etsə də, ilk olaraq Ermənistanda kifayət qədər böyük qorxu yarada bilib.
Əslində, düşmən tərəfin təşvişə düşməsi heç də əbəs deyil. Çünki hərbi parad fonunda Ermənistan növbəti dəfə güc baxımından böyük fərqlə Azərbaycana uduzduğunu anladı. Ermənistanı narahat edən başlıca məqamlardan biri Azərbaycanın malik olduğu raket-artilleriya sistemləri, o cümlədən silahlanmaya yeni qəbul olunan “Polonez” və “Lora” kompleksləridir. Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 millimetrlik “Polonez” əməliyyat-taktiki raket kompleksləri artıq ordumuzun silahlanmasına daxil edilib və hərbi paradda da nümayiş etdirilib. Gürcüstandan olan sabiq briqada generalı, hərbi analitik Amiran Salukvadze bu vəziyyətin Azərbaycanın hərbi üstünlüyünü daha da artırıdığını bildirir: “Biz tez-tez müşahidə edirik ki, Azərbaycan ordusu müxtəlif təlimlər keçirir. Düşünürəm ki, son illər Azərbaycan ordusu öz keyfiyyətini artırıb. Bu realdır və uğurludur. İslahatlara gəlincə, biz görürük ki, son 5-6 ildə hakimiyyət, xüsusən də aparıcı ölkələrdən – İsraildən, Rusiyadan, eləcə də başqa ölkələrdən silahlar alır. Məsələn, hava hücumundan müdafiə, artilleriya texnikası, raket sistemləri alır. Odur ki, ordunun qüdrətinin gücləndirilməsi doğrudur, realdır. Müxtəlif reytinqlərə görə, Azərbaycan ordusu Qafqazın bütün ordularını ötür, o cümlədən Gürcüstanın”.
Baş verənlərlə bağlı Ermənistanın “1-in. am” portalı yazır: “Azərbaycanın keçən ilin sonunda aldığı 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemi Bakıda böyük təntənə ilə təqdim olunub. “Polonez” sistemi nişan mənzili planında Rusiyanın, yeri gəlmişkən, Azərbaycanın çoxmilyonluq silah alqısı müqaviləsi çərçivəsində Rusiyadan əldə etdiyi “Qasırğa”sından daha təhlükəli sistemdir. Bu sistemlərin Bakıda təqdimatının bir neçə təyinatı və ünvanı var.
Birincisi, Almatıda Ermənistan xarici siyasət idarəsi başçısı Zohrab Mnatsakanyanın da qatıldığı KTMT-yə üzv ölkələrin XİN başçılarının görüşü olub. Azərbaycan hökuməti “Polonez”lərin təqdimatı ilə göstərir ki, heç bir hərbi-siyasi bloka üzv olmamaq silah əldə etməkdə onun üçün maneə deyil. Ermənistan Belarus və Rusiya kimi KTMT üzvüdür, lakin hərbi-siyasi müttəfiqlərimizin bizim düşmənimizə silah satışı məsələsində faktiki olaraq hər hansı maneə olmamağı davam etdirir. “Polonez” sistemlərinin dünənki nümayişi başqa bir məqsəd də güdür. Azərbaycan son həftə ərzində Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində yetərincə müntəzəm əməliyyatlara əl atır. Azərbaycan tərəfi bu istiqamətdə öz mövqelərini kifayət qədər irəlilədib və təbliğat meydanında Ermənistan ərazilərinin tutulduğu haqda dezinformasiya yaymağı davam etdirir. Yəni Azərbaycan göstərmək istəyir ki, KTMT, Ermənistanın KTMT-yə üzvlüyü onun hətta Ermənistan istiqamətində hərbi əməliyyatlara başlamasından ötrü əsla problem deyil. Azərbaycan Naxçıvan istiqamətində KTMT-ni sınayır və bu sınaqlar hələlik uğurla gedir: KTMT hətta bəyanat səviyyəsində də susur, KTMT-nin görkəmli üzvlərindən biri isə Azərbaycana silah tədarük edir. Bu, ən şübhəli olmasa da, ən problemli və indiyədək həll edilməmiş məsələlərdən biridir. Hələ köhnə hakimiyyətin idarəçiliyi dönəmində hətta Serj Sarksiyan səviyyəsində birinci növbədə Rusiya silahının Azərbaycana tədarükü ilə bağlı narahatlıq səsləndirilib. Lakin bu səslənişin tətbiqi əhəmiyyəti olmayıb, çünki silah satıcıları eyni tərzdə hərəkəti davam etdirib, ən yaxşı halda parlament diplomatiyası və yaxud ekspert səviyyəsində təəssüf sözləri ifadə ediblər.
İndi isə eyni şey KTMT üzrə başqa müttəfiqimiz – Belarusla bağlı baş verir. Və rəsmi İrəvanın, çox ehtimal ki, Zohrab Mantsakanyan tərəfindən Almatada səsləndirilən narahatlığı yenə də heç bir rol oynamır. Ermənistan diplomatiyası bu məsələdə etirafçı rolunda çıxış edir: növbəti silah partiyası satışı baş verir, Ermənistan diplomatiyası bundan sonra etiraz notası kimi, yaxud başqa formatda narahatlıq ifadə edir, lakin silah satışı postfaktum etibarsız elan edilmir, Azərbaycana göndərilən partiyalar geri çağırılmır.
Aydındır ki, Ermənistan diplomatiyası bizim üçün həyati önəm kəsb edən bu məsələdə yeni, önləyici strategiya ilə çıxış etməlidir: artıq baş tutmuş silah satışını pisləməklə deyil, gələcəkdə bu satışların qabağını almaqla. Əlbəttə, bu, Avrasiya tərəfdaşlarımızın ikili və prinsipsiz siyasəti nəzərə alınmaqla yetərincə qəliz vəzifədir, xüsusən də Rusiya ilə bağlı: Rusiya hər iki tərəfə silah satmaq yolu ilə yönəldilən münaqişəni saxlamaq taktikasını sürdürür. Belarusa gəldikdə, onun liderinin İlham Əliyevlə şəxsi münasibəti var. Lakin bu, Ermənistanla Azərbaycan arasında hərbi tarazlığın sonrakı pozulmasına yol verməmək üçün görulməli olan işdir. Nəhayət, vəsait kasadlığı olan Ermənistan üçün təkcə öz cəbbəxanasını doldurmaq deyil, həm də imkan daxilində Azərbaycana silah satışını önləmək mühümdür. Azərbaycanın əldə etmədiyi hərbi hücum sistemi bizim üçün, demək olar, ona qarşı duran müdafiə sistemininin əldə edilməsinə bərabərdir. Belə ki, Azərbaycana silah satışının qarşısının alınması Ermənistan XİN-in prioritetlərindən biri olmalıdır.
Konkret olaraq Belarusun “Polonez” sistemlərinə gəlincə, onun Azərbaycana satışı məsələsində həm də hansısa bir daxili-siyasi lay, yaxud komponent var. Məlum olduğu kimi, Belarus prezidenti Aleksandr Lukaşenko “Çiçəklənən Ermənistan” Partiyasının lideri Hagik Tsarukyanın yaxın dostudur. Hər halda bu, uzun illər boyunca belə təqdim olunub və məsələn, Belarusun Ermənistandakı səfirliyi, bu dostluğun əlaməti kimi, Avan-Arinçdə Tsarukyanın malikanəsinin yanında yerləşir. Lukaşenko Azərbaycana silah sataraq təkcə KTMT xətti üzrə Ermənistanla müttəfiqlik münasibətlərini deyil, həm də Tsarukyanla dostluğunu pozur. Çünki belə çıxır ki, Tsarukyanın dostu Tsarukyanın və Ermənistanın düşmənini silahlandırır”. Amma erməni tərəfinin bu narahatlığına baxmayaraq, prezident Aleksandr Lukaşenko Azərbaycanla hüquq çərçivəsində əməkdaşlıq həyata keçrildyini bildirir: “Biz əməkdaşlığımızın hansı xarakter daşıdığı haqda kiminsə qarşısında bəraət qazanmaq istəmirik. Təkcə bir şeyi demək istəyirəm ki, bizim münasibətlərimiz heç bir beynəlxalq müqaviləni, bütünlükdə BMT TŞ-nin də heç bir qətnaməsini pozmur. Biz suveren, müstəqil dövlətik və zamanın ruhuna, dövlətlərimizin tələbatlarına uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək haqqımız var”.
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan isə Minskdə belaruslu həmkarı Vladimir Makey ilə görüşündə yenidən “Polonoz” məsələsinə toxunub. O, Belarusun Azərbaycana “Polonoz” reaktiv yaylım atəşi sistemləri verməsilə bağlı narahatlığını gizlədə bilməyib: “Tərəfdaş ölkələr sülh atmosferinə təhlükə yaradacaq, regionda silahlanma yarışına səbəb olacaq və danışıqlar formatının razılaşdırılmış təbii işini pozacaq addımlardan qaçmalıdır”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusun bu ölkədəki səfiri İqor Nazarçukla görüşərək, KTMT çərçivəsində müttəfiqlik öhdəliyi olan rəsmi Minskin Azərbaycanı silahlandırmasını qınayıb. Ermənistan XİN-in yaydığı bəyanatda isə Belarusun bu addımından təəssüf hissi keçirdikləri bildirilib. Bu ölkənin Müdafiə Nazirliyi də məsəəlyə ağrılı reaksiya verib: “Biz təəssüf edirik ki, satıcı KTMT üzvü olmağından asılı olmayaraq Azərbaycana silah satır”. Separatçı Qarabağ rejimindən olan David Babayan əmindir ki, “Polonez”lərin Bakıya satılması haqda məlumatın cavabında Ermənistan məsələni KTMT toplantısında qoymalıdır: “Bu cür ölkə belə bir silahı necə sata bilib? Azərbaycan bu silahı müdafiə üçün deyil, hücum üçün alır. Bu, durumun radikal dəyişikliyinə səbəb olmayacaq. Amma təbii ki, gərginlik yarada bilər”. Lakin Minsk bütün bunları əhəmiyyətsiz yanaşma sayır və Azərbaycanla əməkdaşlığın inkiaşfında maraqlı olduğunu bildirir. Onu da qeyd edək ki, Belarus son 15 ildə Azərbaycana, az qala, Rusiyanın Ermənistana etdiyindən çox silah tədarük edir. Minsk təkcə 2004-2012-ci illərdə Bakıya 153 tank, 60 BTR-70, 11 Su-25 təyyarəsi, 120 artilleroiya sistemi, xüsusən də 122 millimetrlik D-30 haubitsaları, özütuşlayan “Pion” haubitsalarısatıb. Azərbaycan Belarusdan “BUK-MB” zenit-raket kompleksi alıb. Erməni tərəfinin bütün narazılığına baxmayaraq, Minsk bildirir ki, KTMT çərçivəsində imzalanan sənədlər bloka daxil olmayan dövlətlərlə hərbi-texniki əməkdaşlığa mane olmur. Belarus hərbi eksperti Sergey Martselov isə məsələyə belə yanaşır: “Azərbaycanla müqayisədə Ermənistanın ödəniş qabiliyyəti daha aşağıdır, buna görə də “Polonez”in sonuncuya satılması rəsmi Minsk tərəfdən daha çox siyasi praqmatizmin növbəti jestidir. Əliyevlə Lukaşenkonun qarşılıqlı mehribanlığı, Azərbaycanın Belarus silahına sərf etdiyi məbləğ nəzərə alınarsa, burada qeyri-adi heç nə yoxdur”. Bütün bunlar həm də Minskin Bakı ilə əməkdaşlıqda İrəvanla müqayisədə daha çox maraqlı olduğunu göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.