Məhəmməd Əsədullazadə: “Çünki danışıqların bitdiyi anda silahlar dillənir”
Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin ümumilikdə 4000 nəfərədək şəxsi heyəti iştirak edib.
Paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin, Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib. Bir sözlə, ordunun 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parad çox möhtəşəm alınıb. Paradın möhtəşəm alınması və orada ən müasir silah komplekslərinin nümayiş olunması Ermənistanda təşviş yaradıb. İşğalçı ölkə fərqindədir ki, rəsmi İrəvan danışıqlarda qeyri-konstruktiv mövqeyini davam etdirsə, bu onlar üçün çox pis nəticələnəcək. 2016-cı lin aprelində və 2018-ci ilin mayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altındakı müəyyən ərazilərin azad olunması bunu bir daha sübut edir. Bu baxımdan bütün bunlar paraddan sonra Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesinə hansı formada təsir göstərəcək? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycan daim regionda sülhün və təhlükəsizliyin təmin olunmasını öz siyasətində prioritet hesab edib. Təəssüf ki, bir sıra ölkələrin, xüsusilə Rusiya və onun forpostu olan Ermənistanın regionda destibilizasiyaya xidmət edən siyasəti Cənubi Qafqazın ümumi təhlükəsizliyini və dövlətlərin suverenliyini, ərazi bütövlüyünü təhdid etməkdədir. Ermənistanın 25-ildir davam edən işğalçı siyasəti və ölkəmizin 20 faiz ərazilərini işğal etməsi bu illər ərzində müharibə ehtimalını gündəmdə saxlayır. Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksəldilməsi və silah arsenalını yeniləmək, gücləndirmək üçün bu illər ərzində kifayət qədər işlər görüb. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında 50-ci yerdədər və 5-ci nəsil silahlarla təmin olunub. Ermənistan isə axrıncı sıralarda qərarlaşıb və 1-2-ci nəsil silahlarla silahlanıb. Göründüyü kimi, hərbi paritet Azərbaycanın xeyrinə dəyişib. Ölkəmiz son 10 il ərzində iki dəfə regionda böyük siyasi səs-küyə səbəb olan parad keçirib. 2008-ci ildə keçirilən möhtəşəm paradda Azərbaycan son model silahları ilə Ermənistanı pat vəziyyətə salmışdı. Məhz 2016-cı il aprel döyüşləri ordumuzun Ermənistan üzərində qələbəsinə apara biləcək uğurlu əməliyyat idi. Srağagün keçirilən möhtəşəm paradda ordumuzun arsenalında olan müasir silahlar və şəxsi heyətin peşəkarlığı aydın şəkildə sezildi. Hesab edirəm ki, rəsmi İrəvan və onun havadarları Azərbaycanın gücünün və hərbi qabiliyyətinin fərqində oldular. Bu parad Ermənistanın yeni hakimiyyətinə mesaj idi və hesab edirəm ki, erməni hakimiyyəti bundan nəticə çıxarmalıdır. Çünki danışıqların bitdiyi anda silahlar dillənir. Müharibə isə Ermənistanın bir dövlət kimi çökməsinə apara bilən proses olacaq. Bu hərbi parad Ermənistanda diqqətlə izlənib və onlar da bundan bir nəticə çıxarıb Azərbaycan qarşısında acız olduqlarını gördülər. Ermənistan nə qədər çalışsa da, bundan sonra öz hərbi arsenalını bizim vəziyyətə gətirə bilməyəcək. Bu parad Qarabağ danışıqlarına bir impuls verə bilər. Masa arxasında aparılan diplomatik danışıqlarda artıq gücümüzə arxalana biləcəyik”.
Vidadi ORDAHALLI