Ramil Hüseynov: “Bütün bunlar cəmiyyətdə ruh yüksəkliyi yaradır və eyni zamanda, torpaqların azad ediləcəyinə dair inamı artırır”
“Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”. Bu fikirləri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Bakıda keçirilən hərbi paradda səsləndirib. Onun fikrincə, tarixi ədalət Azərbaycanın tərəfindədir: “Beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir”.
Prezident İlham Əliyev vurğulayıb ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir: “Azərbaycan əsgəri, zabiti, generalı – Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərdi ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik”.
Ali Baş Komandan ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əməliyyatdan da danışıb. Dövlət başçısı qeyd edib ki, Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirilib. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərib. Bunun sayəsində strateji yüksəkliklər azad edilib: “Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq”.
Prezidentin fikrincə, Naxçıvan əməliyyatı bir daha Azərbaycan Ordusunun güclü ordu olduğunu göstərdi. Bundan sonra Silahlı Qüvvələr ölkənin ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olmalıdır.
Bütün bu səslənən fikirlər torpaqların işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqının əminliyini artırmaq üçün necə rol oynadı?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu yöndə gedən proseslər işğal altında qalan torpaqların azad edilməsi ilə bağlı ümidləri artırır: “Bu da, öz növbəsində, sözügedən məsələ ilə bağlı Azərbaycan xalqında əminliyi artırır. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycan Silahlı Qüvvələri əhəmiyyətli dərəcədə güclənib. Həm hərbi-taktiki nöqteyi-nəzərdən, həm də maddi-texniki baxımdan ordumuzun gücü artıb. Bu bir reallıqdır və bunu danmaq olmaz. Çünki bütün bunlar ordunun real döyüş qabiliyyətinin daha da artmasına xidmət edir. Hansı ki, son iki ildə biz bunun əyani şahidi olduq. Məlum olduğu kimi, 2 il əvvəl baş verən döyüşlər nəticəsində Qarabağda bir sıra vacib strateji yüksəkliklər və ərazilər işğaldan azad edildi. Eyni zamanda, düşmənə güclü zərbələr endirildi. Çoxsaylı işğalçı erməni əsgəri məhv edildi və s. 22 il atəşkəs rejimindən sonra ermənilərə endirilən güclü zərbələr Azərbaycan xalqının torpaqların azad olunacağına dair inamını əhəmiyyətli şəkildə artırdı. Bütün bunlarla yanaşı, ötən ay Naxçıvan Muxtar Respublikasında 11 min hektar ərazinin düşməndən azad edilməsi sözügedən məsələ ilə bağlı inamı, əminliyi daha da möhkəmləndirdi. Bu bir daha Azərbaycan Ordusunun yetərincə güclü olduğunu və qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu göstərdi. Bütün bunlar, heç şübhəsiz ki, cəmiyyətdə ruh yüksəkliyi yaradır və eyni zamanda, torpaqların azad ediləcəyinə dair inamı artırır. Belə olan halda, xalq əmin olur ki, gec-tez, torpaqlar işğaldan azad ediləcək”.
Vidadi ORDAHALLI