Mehdi Mehdiyev: “Düşmən postlarını ələ keçirən hərbçilərimiz bunun sayəsində həm də müəyyən əraziləri nəzarətdə saxlayırlar”
“Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk”. Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paraddakı çıxışında deyib.
Ali Baş Komandan qeyd edib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhu mövcuddur: “Ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan Ordusu işğalçını yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad olundu. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır”.
Ölkə başçısının fikrincə, strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan tərəfinə üstünlük verir: “Biz strateji yüksəklikləri əldə etmişik və bu bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik. Onların illərlə yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində darmadağın etdik”.
Azərbaycan Ordusunun göstərdiyi yüksək döyüş peşəkarlığı sayəsində cəbhədə bir sıra vacib strateji yüksəkliklər işğaldan azad edilib. Nəticədə təmas xəttində üstünlük Azərbaycanın xeyrinə dəyişib. Bu baxımdan ölkə başçısının “Bizim əsgərlərimiz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstərir” açıqlaması nə deməkdir? Məsələyə münasibət bildirən hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, burada söhbət işğaldan azad edilən torpaqlarda yerləşən postlardan gedir: “Məsələ ondadır ki, son iki il ərzində Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində bir sıra ərazilər düşməndən azad olunub. Məlum olduğu kimi, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar nəticəsində 2000 hektardan artıq ərazi düşməndən azad edilib. Həmin ərazilərdə qurulan postlarda vaxtilə düşmən əsgərləri dururdular. Ancaq sözügedən ərazilər azad ediləndən sonra oradakı postlarda indi Azərbaycan əsgərləri dayanıblar. Düşmən postlarını ələ keçirən hərbçilərimiz bunun sayəsində həm də müəyyən əraziləri nəzarətdə saxlayırlar. Bununla yanaşı, ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində işğal olunmuş 11 min hektar ərazi düşməndən azad edilib. Sözügedən əməliyyat sayəsində çox mühüm əhəmiyyətə malik strateji yüksəkliklər, vacib obyektlər azad edildi. Məsələn, həmin ərazidə yerləşən şərab zavodu azad edilib və ordumuz ora nəzarət edir. Bununla belə, Naxçıvanda həyata keçirilən uğurlu əməliyyat sayəsində ordumuz Ermənistan ərazisində sərhədə yaxın kəndlərə nəzarət edə bilir. O cümlədən, İrəvandan işğal altında olan torpaqlarımıza gedən yola nəzarət olunur. İstənilən halda, Ermənistan həmin yol vasitəsilə qəfildən canlı qüvvə və döyüş texnikası göndərə bilməz. Nəzərə almaq lazımdır ki, Naxçıvanda düşməndən azad edilən 11 min hektar ərazidə ermənilərin postları var idi. Yüksəkliklər onlarda idi. Bu gün həmin postlarda Ermənistan əsgərləri deyil, Azərbaycan hərbçiləri keşik çəkirlər”.
Vidadi ORDAHALLI