Vüqar Qədirov: “O narahat olmasın, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra...”
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Samvel Fərmanyan qurumun yay sessiyasındakı çıxışında bildirib ki, müharibə Dağlıq Qarabağ konfliktinin həll yolu deyil: “Azərbaycanın “Artsax” əhalisinə qarşı tətbiq edəcəyi hərbi aqressiyasının qarşısı Ermənistan silahlı qüvvələri tərəfindən alınacaq”.
Fərmanyan çıxışında Azərbaycanın son fəallığından ehtiyatlandığını dilə gətirib: “Bizdə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycanın tələbləri konkretləşib. Biz onların təmas xəttində fəallaşdığını hiss edirik. Azərbaycan ən müasir və bahalı silahları əldə edərək, hərbi arsenalına daxil edir”.
Deputat deyib ki, Ermənistanda yaranan fikir ayrılığı Dağlıq Qarabağın əldən verilməsinə səbəb ola bilməz: “90-cı illərdə də belə idi. Biz bu dəfə də vahid amal ətrafında birləşərək, Dağlıq Qarabağın “müstəqilliyini” qoruyub saxlayacağıq. Heç kim hərbi yolla “Artsax”ın müqavimətini qıra bilməz”.
Ermənistan deputatının bu çıxışından hansı nəticəni hasil etmək olar?
Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Fərmanyanın bu çıxışında qorxu, narahatlıq əlamətləri nəzərə çarpır: “Bununla o bir daha sübut edib ki, Dağlıq Qarabağ və onun ətrafında olan rayonları Ermənistan işğal edib. Fərmanyanın AŞPA-dakı çıxışı təhlil olunsa, bu nəticə ortadadır. O, beynəlxalq tribunadan Azərbaycanı hədələyərək bildirir ki, Dağlıq Qarabağla bağlı hər hansı addım atılsa, Ermənistan buna cavab verəcək. Biz bunu bilirik ki, bu işğalın arxasında Ermənistan durur. Fərmanyan bunu AŞPA-da etiraf edirsə, növbəti sözü həmin qurum deməlidir. Ən vacib məqam isə bundan ibarətdir ki, Fərmanyan bu məsələdə Ermənistandakı vəziyyəti təhlil edir. Bildirir ki, indiki vəziyyət onlar üçün pis nəticəyə səbəb ola bilməz. Buradan da ölkə daxilindəki siyasi güclər arasında gərgin münasibətlərin əlaməti aydın sezilir. Bu fikirlərin AŞPA-dan səsləndirilməsi o anlama gəlir ki, Ermənistan divarın sonuna çatdığını fərq edir. Məhz buna görədir ki, hətta Azərbaycanın hərbi arsenalına əlavə edilən silahların da adını çəkərək, səs-küy yaradır. Ziddiyyət bir də ondadır ki, Fərmanyan bu məsələdə guya “Artsax” xalqının marağını önə çəkir və sonra onların iradəsinin sındırıla bilməyəcəyini bəyan edir. Qarabağda yaşayan erməniləri zəlil günə salan elə Fərmanyan kimi siyasətçilərdir. O narahat olmasın, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra bizim vətəndaşımız olan ermənilər daha firəvan həyat sürməyə başlayacaqlar. Bunu bilmək üçün o, Ermənistandakı vəziyyətlə bizim durumumuzu müqayisə etsin. Əminəm ki, gözəl nəticə alacaq. Bəli, Fərmanyan dərk edir ki, artıq Ermənistanın daxilindəki vəziyyət gərgindir və nə vaxtsa onlar bu aqressiv siyasətdən imtinaya məcbur qalacaqlar. Azərbaycanın öz ərazilərində hərbi fəallığı artırması, arsenalına yeni silahlar daxil etməsi isə bizim öz işimizdir. Ərazisi işğala məruz qalan ölkənin buna tam haqqı çatır”.
Məhəmmədəli QƏRİBLİ