Daşdəmir Əliyev: “Bu parametrləri əsas götürüb, düşmən ordusu ilə paralellər aparsaq, məlum olar ki...”
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda keçirilən hərbi paradda bildirib ki, ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib: “Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin, Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır”.
Prezident vurğulayıb ki, son illər ərzində ən müasir texnika və silahlar alınıb: “Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Göründüyü kimi, ölkə başçısı Azərbaycan Ordusunun qüdrəti barədə qısa da olsa məlumat verib. Diqqətçəkən məqamlardan biri də Azərbaycanın son illər ərzində silah istehsal və ixrac edən ölkə statusunu qazanmasıdır. Bu xüsusda ölkə başçısı bildirib ki, Azərbaycanda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ermənistanın isə özü hətta barıt da istehsal edə bilmir. Bu göstəricilərin Ermənistanla müqayisəsi hansı mənzərəni üzə çıxarmış olar?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, son hərbi parad bir daha göstərdi ki, Azərbaycan Ordusu hansı qüdrətə sahibdir: “Nümayiş olunan silahlarla yanaşı, ölkə başçısının məhz həmin tədbirdə etdiyi çıxış da bir çox mətləblərdən xəbər verdi. Hesab edirəm ki, düşmənə bundan təsirli mesaj ola bilməzdi. Bu mesajdan dünya birliyi də lazımi payını götürməlidir. Onlar bilməlidirlər ki, bu cür müasir orduya malik olan ölkə heç vaxt torpaqlarının işğalı faktı ilə barışmayacaq. Bəli, ölkə başçısı qeyd etdi ki, Azərbaycan 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizdə güclü hərbi sənayə kompleksi fəaliyyət göstərir. Bu, dünyanın sürətlə inkişaf etmiş ölkələrinə xas olan göstəricidir. Çünki texnoloji, elmi cəhətdən inkişaf etməyən ölkə bu kompleksi ərsəyə gətirə bilməz. Bu parametrləri əsas götürüb, düşmən ordusu ilə paralellər aparsaq, məlum olar ki, müqayisə gərəksizdir. Yəni Ermənistan ordusu elementar nizam-intizam qaydalarını mənimsəyə bilməyib. Onların ordusunda fərarilik, korrupsiya baş alıb gedir. Son hakimiyyət dəyişikliyindən sonra özləri ordularındakı acınacaqlı durumu təsdiqlədilər. Bir sıra generallarla bağlı başlanan cinayət işlərinin materialları buna əyani sübutdur. Azərbaycan isə öz hərbi sənayesinin hesabına dünyaya silah ixrac edən ölkələr sırasındadır. Bu bizim ordumuzun Ermənistandan müqayisəyə gəlməyəcək dərəcədə irəlidə olduğunun əlaməti sayıla bilər. Ermənistan rəhbərliyi bunların fərqində olduğu üçün, müxtəlif bəhanələrlə Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdən yayınır”.
Məhəmmədəli QƏRİBLİ