Aydın Mirzəzadə: “Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”
Məlum olduğu kimi, 26 iyun tarixində paytaxtımız Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Həmin paradda Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olan müasir Silahlı Qüvvələrimiz öz güc və qüvvətini, eləcə də Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu bir daha nümayiş etdirdi.
Möhtəşəm hərbi parad bir daha göstərdi ki, bugünkü Azərbaycan Ordusu müstəqil dövlətimizin polad dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş müasir Azərbaycanımızın güclü-qüvvətli ordusu var. Bu ordu qarşısına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə hər an hazır və qadirdir. Budəfəki hərbi paradı digərlərindən fərqləndirən bir çox xüsusiyyət nəzərə çarpdı. İlk olaraq onu qeyd edək ki, hərbi paradda Azərbaycan televiziyaları vasitəsilə birbaşa translyasiya edilsə də, çoxlu sayda vətəndaşımız paradı izləmək üçün Bakı güçələrinə axışdı. Ən diqqətçəkən və qürur duyulası mənzərələrdən biri də parada valideynlərin özü ilə balaca övladlarını aparması oldu. Əksər valideynin isə öz balaca övladlarını hərbi uniformaya bənzər geyimdə parada gətirməsi ölkəmizdə orduya bəslənən dərin hörmət və ehtiramın əlaməti sayıla bilər. Bütün dünyanı heyrətə salan digər vacib faktor isə Azərbaycan pilotlarının helikopter və qırıcılarla göstərdikləri məharət oldu. Biz nə vaxtsa havada göstərilən bu hərbi fəndlərə həsrətlə baxırdıq. Yadımızdadır ki, 2000-ci illərin əvvəlində qardaş Türkiyəyə məxsus qırıcılar Bakı səması üzərində bənzər hərəktləri edəndə biz çox qürurlanmışdıq. Bu gün isə sevindirici haldır ki, həmin hərəkətləri öz ordumuza məxsus təyyarələrlə azərbaycanlı pilotlar həyata keçirir. Tribuna önündən 2016-cı ilin aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında torpaqlarımızın bir hissəsini azad etmiş, strateji yüksəkliklərə - Lələtəpə və Talış zirvəsinə bayraq sancmış və həmin döyüşlərdə xüsusilə fərqlənmiş hərbi hissələrin, eləcə də bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndini və strateji yüksəklikləri ələ keçirmiş Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu hərbi hissələrinin döyüş bayraqlarının Azadlıq meydanına gətirilərək, tribuna qarşısından keçirilməsi isə bizlərə qarşıda olan böyük qələbənin müjdəsini vermiş oldu.
Budəfəki paradı digərlərindən fərqi edən vacib amillərdən biri də ondadır ki, ilk dəfə olaraq Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyəti tribuna önündən keçdi. Bu da bir daha sübut etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır. Bu hərbi paradla Azərbaycan Ordusu öz gücünü dünyaya və düşmənə necə nümayiş etdirdi?
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, vaxtilə müstəqil dövlətimizin müstəqil yaşaması üçün maksimum səviyyədə 23 ay səy göstərmiş ordumuz 20-ci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra yenidən formalaşmağa başladı: “Ancaq 1993-cü ilə qədər, faktiki olaraq, bu istiqamətdə hər hansı ciddi iş görülmədi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda ciddi ordu quruculuğuna başlandı. İndi ümummilli liderin uğurlu fəaliyyətini hazırkı Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev davam etdirir. Paraddan əvvəl çıxış edən Prezident İlham Əliyev ordumuzun çətin şəraitdə yarandığını, amma ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğunun geniş vüsət aldığını bir daha diqqətə çatdırdı. Hərbi paradın özü isə Azərbaycan Ordusunun hazırkı vəziyyətinin gözəl göstəricisi oldu. Nümayiş etdirilən müasir silahlar və texnikalar, hərbi təyyarə və helikopterlərin uçuşu, 2016-cı ilin aprelində və bu yaxınlarda Naxçıvanın Günnüt kəndi ətrafındakı əməliyyatlarda iştirak etmiş hərbçilərin parada qatılması Azərbaycanın müstəqilliyinin qarantlarından biri olan çox ciddi dövlət strukturunun uğurla fəaliyyət göstərdiyini bir daha sübut etdi. Bu parad bir daha sübut etdi ki, bu gün ordumuzun gücü və peşəkarlığı istənilən an Ermənistanın işğalı altında olan ərazilərimizi azad edə bilmək iqtidarındadır. Dövlət başçısı, eyni zamanda, ordumuzun öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirdiyini, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi işlər görüldüyünü söylədi. Ordumuzun ən müasir silahlarla təchiz edildiyini və bundan sonra da ən yeni silahların alınacağını diqqətə çatdırdı. Cənab Prezidentin "Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək" fikri isə Ermənistana və onu müdafiə edən dairələrə çox ciddi xəbərdarlıq idi. Azərbaycan heç bir halda öz müstəqilliyini və ərazi bütövlüyünü müzakirəyə çıxarmaq fikrində deyil. Bu istiqamətdə görülən işlər xalq və cəmiyyət tərəfindən də dəstəklənir. Bu gün hər bir bir azərbaycanlı ordumuzla fəxr edir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun son qələbələri isə bir daha göstərir ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi gün uzaqda deyil".
Məhəmmədəli QƏRİBLİ