Seyid Camal Əzimbəyli: “24 iyun seçkilərindən sonra Türkiyə bir az da gücləndi”
Məlum olduğu kimi, Türkiyə daha bir tarixi, siyasi hadisəni geridə qoydu. İyunun 24-də seçki məntəqələrinə gedən türkiyəli seçicilər növbəti müddətə prezident və parlament üzvlərini seçdilər. Kifayət qədər gərgin siyasi mübarizə və atmosferdə keçən seçkilərin nəticələri əksəriyyətin proqnozlaşdırdığı kimi oldu.
Belə ki, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq növbəti müddətə Türkiyə Respublikasının Prezidenti seçildi. Həmçinin, hazırda hakim partiya rolunu oynayan Ədalət və İnkişaf Partiyası da bu seçkilərdən qalib ayrıldı.
Seçkilərdən Ərdoğanın qalib çıxmasını şərtləndirən başlıca amillərdən biri hazırkı dövlət başçısı və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra Türkiyədə baş verən iqtisadi yüksəlişdir. Son illər iqtisadi baxımdan dünyanın ən güclü ölkəsinə çevrilən Türkiyəyə bu inkişafı, tərəqqini məhz Ərdoğan gətirib.
O da məlumdur ki, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi Azərbaycan-Türkiyə dostluğunu və strateji münasibətlərini daha da möhkəmləndirəcək. Eyni zamanda, yeni perspektivlər yaradacaq. Çünki Azərbaycan-Türkiyə birliyi dünyada nümunə göstərilir. Bu birlik tarixi köklərə, milli, dini birliyə, dostluğa, qardaşlığa əsaslanır. Bu gün dünya Azərbaycan və Türkiyənin birgə imza atdıqları qlobal layihələrdən danışır O da məlumdur ki, Azərbaycanla Türkiyə arasında güclü strateji tərəfdaşlıq mövcuddur. Bu baxımdan son 20 il ərzində iki ölkə arasında olan strateji tərəfdaşlıq seçkilərdə məlum qələbənin əldə olunmasında dolayı da olsa necə rol oynayıb? Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın seçkilərdə məlum uğurun əldə olunmasında rolu var: “Çünki iki ölkə arasında həyata keçirilən böyük birgə layihələr Türkiyə iqtisadiyyatının həm inkişaf etməsinə, həm də geosiyasi baxımdan regionda rolunun artmasına öz müsbət təsirini göstərib. Söhbət böyük enerji və nəqliyyat layihələrindən gedir. Hansı ki, bu və digər işlər iki ölkə arasında olan strateji tərəfdaşlığın göstəricisidir. O da bir reallıqdır ki, Türkiyə-Azərbaycan münasibətləri həmişə yüsək səviyyədə olub və seçkilərdən sonra daha da yüksələn xətlə inkişaf edəcək. Həm iki qardaş ölkə xalqının siyasi sifarişi, həm də ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, onların daim xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 iyun seçkilərindən sonra isə Türkiyə bir az da gücləndi. Bu həm də o deməkdir ki, Azərbaycan da gücləndi. O baxımdan sadalanan amillərin də bu məsələdə rolu var”.
Vidadi ORDAHALLI