Azər Həsrət: “Ümidliyəm ki, onlar bu işi bacara biləcəklər”
Azərbaycan çap sənayesinin böyük uğuru. Belə ki, yayılan məlumata görə, ingilisdilli “Azernews” qəzeti ABŞ-da nəşr olunacaq.
Müstəqilliyin qısa dövrü ərzində Azərbaycan mətbuatı böyük irəliləyişə nail olub. Ölkədə jurnalistika üçün yaradılmış şərait öz səmərəsini verir. Bunun nəticəsidir ki, “Azernews” qəzeti və nüfuzlu Amerika yayımçısı qəzetin çap versiyasının ABŞ-da nəşri üçün müqavilə imzalayıb.
Amerikalı yayımçı mətbuata açıqlamasında qeyd edib ki, alınan çoxsaylı müraciət dinamikası “Azernews” qəzetinin tezlikə ABŞ media sənayesində layiqli yer tutacağını deməyə əsas verir.
“Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova isə açıqlamasında qəzetin geniş oxucu auditoriyası qazanacağına inandığını deyib: “Biz əminik ki, tezliklə "Azernews" qəzeti yayım coğrafiyasını genişləndirməklə beynəlxalq səviyyədə daha geniş oxucu auditoriyası qazanacaq. Azərbaycan qəzetinin bu uğuru bütün respublikada baş verən inkişaf və müasirləşmənin bariz nümunəsidir. Ölkə rəhbərliyi tərəfindən media sahəsinə göstərilən diqqət və dəstək sayəsində bu gün Azərbaycan mətbuatı güclüdür və beynəlxalq səviyyədə maraq doğurur”.
Heç şübhəsiz ki, Azərbaycan mətbuatının bu uğuru ölkənin dünyada daha yaxından tanıdılmasında, Azərbaycanı sevməyən qüvvələrlə informasiya müharibəsində daha yaxşı nəticələrin əldə olunmasında öz sözünü deyəcək. Çünki ABŞ kimi böyük bir ölkədə buna nail olmaq çox böyük bir uğurdur. O baxımdan media ekspertləri bunun əhəmiyyətini necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət belə bir nailiyyətin əldə olunmasına müsbət prizmadan yanaşdı. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda belə bir çap mediasının olması sevindirici haldır: “Özü də ingilis dilində bu ölkədə yayımlanması mühüm hadisədir. Ancaq onu da diqqətdən qaçırmaq olmaz ki, ABŞ kimi böyük bir ölkədə qəzet saxlamaq çox ağır bir iş olacaq. Bu baxımdan düşünürəm ki, “Trend”dəki dostlarımız həqiqətən də çox böyük bir işin altına giriblər. Yəqin ki, özlərində o gücü hiss edirlər, görürlər və ona görə də bu işə qol qoyublar. Təbii ki, bu, Azərbaycanın təbliğatının aparılması, ümumilikdə, ölkənin tanıdılması baxımından əhəmiyyətli bir addımdır. Bütün bunlarla yanaşı, biz bir şeyi də unutmayaq ki, indi internet mediası daha çox aktivdir və daha çox buna üstünlük verilməsinə ehtiyac var. Hər halda onu da nəzərə alaq ki, Birləşmiş Ştatlarda qəzet oxuma vərdişləri hələ də səngiməyib. Yəni insanlar hələ də qəzet oxuyurlar. O baxımdan düşünürəm ki, “Azernews” qəzetinin ABŞ-da nəşr olunması uğurlu bir şey olacaq. Sadəcə, yorulmamaq, ruhdan düşməmək lazımdır. Eyni zamanda, çətinliklərdən qorxmamaq lazımdır. “Trend”dəki dostlarımızın da nə qədər zəhmətkeş insanlar olduqlarını bilirəm. Ümidliyəm ki, onlar bu işi bacara biləcəklər”.
Vidadi ORDAHALLI