Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunub. Trend-in məlumatına görə, hesabat Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında Azərbaycanda prezident seçkilərini müşahidə edən 33 nəfərdən ibarət AŞ PA nümayəndə heyətinin rəhbəri Viorel Riserd Badea tərəfindən təqdim edilib.
Nümayəndə heyətinin rəhbəri bildirib: "AŞ PA seçkiləri müşahidə etdi. AŞ PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu işdə çalışdılar. Biz Azərbaycanda olanda nümayəndə heyəti 19 qrupa ayrıldı, Bakıda və yaxın rayonlarda səsvermənin gedişini izlədi".
V.R.Badea qeyd edib ki, Azərbaycan hakimiyyəti xarici müşahidəçilərə çox müsbət yanaşdı və müşahidəçilərin fəaliyyətinə heç bir məhdudiyyət olmadı: "Seçki orqanları səmərəli hazırlığı və seçkilərin keçirilməsini təmin etmək üçün zəruri resurslara malik idi".
Millət vəkilindən Azərbaycana qarşı ikili standartlara son qoyun çağırışı...
“Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır”. Bunu deyən AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib: "Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik keçirilməsi ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib. Sadəcə ATƏT və AŞ PA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərin azad, ədalətli, demokratik, şəffaf keçirildiyini deyir, amma AŞ PA onların səslərini eşitmək istəmədi və istəmir. AŞ PA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir".
Millət vəkili qeyd edib ki, Azərbaycanda seçkilərdə əhali fəal iştirak edərək öz istədiyi namizədə azad səs verib: "Namizədlər üçün təbliğat-təşviqat kampaniyası zamanı bərabər imkanlar yaradılıb. Qeyd edim ki, seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən "exit-pol"larda da Prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı. Dünya ölkələrinin, o cümlədən Avropa ölkələrinin rəhbərləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması, prezident seçilməsi münasibətilə təbrik edib".
Q.Paşayeva AŞ PA-dakı həmkarlarını məsələyə daha həssas, obyektiv yanaşmağa çağırıb: "Düz 100 il əvvəl Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika quran, qadınlara seçmək və seçilmək haqqı verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini təkrar qazanan Azərbaycanda demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də Assambleyamız ikili standartlara son qoyub Azərbaycana daha çox dəstək olmalıdır. Azərbaycanın Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında bir körpü olduğunu nəzərə alsaq, bu, Azərbaycan qədər təşkilatımız üçün də çox önəmlidir”.
Milli Məclisin deputatı Rafael Hüseynov isə bildirib ki, Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir. O, prezident seçkilərində müşahidəçi qismində iştirak etdiyini bildirib: “Bu seçkilər Azərbaycan xalqının mütləq çoxluğunun fikrini əks etdirdi”.
R.Hüseynov əlavə edib ki, buna mane olmağa çalışan müəyyən qüvvələr də olub: “Onlar elə təəssürat yaratmaq istəyirdi ki, guya seçkilərin nəticələri xalqın iradəsini əks etdirmir. Onlar seçkiləri öz niyyətləri üçün alət etməyə çalışırdılar. Mən şadam ki, bu şər qüvvələr məğlub oldular. Onlar Azərbaycan xalqının iradəsi ilə bacara bilmədilər. Azərbaycanın siyasəti xaricdən göstərişlərlə həyata keçirilməyəcək. Biz haqq yolumuzdan dönməyəcəyik. Bizə heç kim müstəqil siyasət yürütməyə mane ola bilməcəyək. Prezident seçkilərinin gedişi və nəticələri Azərbaycan xalqının zəfəridir. Azərbaycan xalqı doğru seçim etdi”.
Səməd Seyidov: "AŞPA-nın islahatlara ehtiyacı var"
"Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tiblisi-Qars dəmiryolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu proyektləri hökumətin dəstəyi olmadan edə bilmərik. Mənim ölkəm haqqında tənqidlər olur. Siz anlamalısınız ki, Azərbaycanda hazırda burda göstərilməyə çalışılandan fərqli vəziyət var".
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞPA müşahidə missiyasının hesabatının müzakirəsi zamanı deyib.
"Biz çox güclü, müstəqil dövlətik və demokratiya yolunda irəliləməkdə qərarlıyıq. Bizim bir- birimizi eşitməyə ehtiyacımız var. Bu dediklərim Azərbaycanı anlamaq üçün bir imkandır. AŞPA-nın özünün islahatlara ehtiyacı var", - deyə S. Seyidov bildirib.
Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda seçkilərdə şəffaflığın təmin olunması üçün hər şey edilib: “Gəlin, qərarımızda daha ədalətli olaq. İnsanların seçimlərinə hörmət edək və bunu siyasi oyunlara çevirməyək”,- deyə S. Fətəliyeva qeyd edib.
AŞ PA-nın yay sessiyası iyunun 29-dək davam edəcək.