Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın həbsi fonunda diqqətçəkən məqamlardan biri erməni ordusunda acıncaqlı biri vəziyyətin hökm sürməsinə dair deyilənlərin artıq reallıqda tam əksini tapmasıdır. Yeni faktlarla bağlı belə məlum olur ki, bu ordu həqiqətən də cinayət yuvası olub və Azərbaycan Silahlı Qüvvələrinin qarşısında qətiyyən dayana biləcək gücə malik deyil.
İndi isə Manvel Qriqoryanın həbsindən sonra üzə çıxır ki, o, ermənilərin özlərini də xüsusi qəddarlıqla işgəncəyə məruz qoyub, var-yoxlarını soyub qarət edib, boynuna zəncir keçirərək it kimi bağlayıb, asıb öldürüb və əllərini arxaya bağlayaraq quyuya atıb. Bütün bunları general illər boyu özünün Qarabağdakı evində və Ermənistanın Armavir vilayətinin Arşaluys kəndindəki malikanəsində törədib. Generalın cinaytələri fonunda maraq doğuran məqamlardan biri 2016-cı ilin naprel savaşları zamanı həlak olan çavuş Robert Abramyanla bağlıdır. Onun atası Abram Abramyan bildirir ki, oğlunun məhkəmə tibbi ekspertizası dəhşətli faktları üzə çıxarıb. Məlum olub ki, ölümündən üç gün əvvələ kimi Robert Abramyan yeməyə heç nə tapmayıb. Abram Abramyan qeyd edir ki, oğluna və digər hərbçilərə çatacaq yeməyi Manvel Qriqoryan mənimsəyərək öz ayılarına yedirtməklə məşğul olub: “Deməli, o, həmin ərzaqları ayılarına yedizdirirdi, bizim uşaqlar isə yeməyə heç nə tapmırdı. Ac olmasaydı, oğlum heç olmasa ağrılarına dözə bilərdi, sağ qalardı. İndi o adamlar sağdı, bizim uşaqlarımızsa həyatda yoxdu”. Ararat rayonunda yaşayan Abramyan deyir ki, aprel döyüşlərindən əvvəl də əsgərlər korluq çəkiblər. Onun bildirdiyinə görə, əsgərlərə yardım aparan insanları şəxsən tanıyır, amma general onlara ərzağı öz evində saxlamağı təklif edib. Aprel döyüşləri zamanı həlak olan kapitan Ovsep Kirakosyanın ailəsi də mənimsəmələr haqda xəbərləri ürək ağrısı ilə qarşıladığını vurğulayır. Ailə Eçmiədzində yaşayır Onlar bildirir: “Qriqoryan bir dəfə bizə baş çəkməyib, amma bizdən elə də uzaqda olmayan heyvanlarına daha çox qayğı göstərib. Ordunu necə talamaq olar? Onda bizim uşaqlar niyə əsgər gedirdi?”. Kapitanın ailəsi, iki uşağı hələ də gözləyir ki, dövlət onlara ev verəcək. “Bizə 4 milyon dram ayırdılar. Bununla necə ev alasan?” - deyə həlak olan zabitin həyat yoldaşı Marqarita bildirib. Marqarita düşünür ki, Manvel Qriqoryan qəhrəman adından məhrum edilməlidir: “Qəhrəman onlar deyillər. Oğru qəhrəman ola bilməz”.
Ermənistanın “Arabo” dəstəsinin komandiri, “Birlik” partiyasının təşəbbüs qrupunun üzvü Manvel Yeqiazaryan bildirib ki, Manvel Qriqoryanın əməlləri dənizdə damladır: “Siz hələ elə şeylərin şahidi olacaqsınız ki, Manvelin əməlləri onun yanında dənizdə damla olacaq. Adamlar var ki, milyardlar oğurlayıblar, özü də dramla yox, dollarla. Onları xalqa göstərib cəzalandırmaq lazımdır”.
Erməni mediası yazır ki, orduda general rütbəsi daşıyan Qriqoryan vəziyyəsindən sui-istifadə edib xalqı da talan edib. Qeyd edək ki, xüsusi xidmət əməkdaşları onun evində axtarış zamanı dəhşətli arxiv fotoları və görüntüləri tapıblar. Bu görüntülərdə Manvelə haqq verməyən iş adamları onun malikanəsində qul kimi saxlanılır, boyunlarına zəncir keçirilib it kimi gəzdirilir. Manvelin bir erməni əsgərini asıb öldürdüyü barədə görüntülər də onun arxivindən tapılıb.
On illərdir Manvelin qorxusundan danışmayanlar indi onun həbsindən ürəklənərək bu cəlladın əməlləri barədə bəhs etməyə başlayıblar.
Belələrindən biri də qardaşı 90-cı illərin sonlarında Manvel tərəfindən oğurlanan, onun təhdidləri qarşısında Ermənistandan qaçıb ABŞ-da məskunlaşan Maya Mnoyandır. O, başına gələnləri özünün “Facebook” səhifəsində yazıb.
Maya Mnoyan bildirir ki, 1997-ci ildə onun həmin vaxt 21 yaşında olan qardaşı Edqarı oğurlayıblar. Edqar ordudan tərxis olunandan sonra Maliyyə Nazirliyində işə düzəlmişdi. Orduda isə Edqar Mnoyan çağırışdan az sonra general Manvelin Arşaluys kəndindəki malikanəsində onun mühafizə xidmətinə cəlb edilmişdi. Maya Mnoyanın bildirdiyinə görə, o vaxt ailələri imkanlı olub, atası vaxtaşırı olaraq xidmətdəki oğluna baş çəkmək üçün Manvelin malikanəsinə gedib. Qayğıkeş atanın tez-tez oğluna lazım olanları aparması, maşınları Qriqoryanın diqqətindən yayınmayıb.
Edqar ordudan qayıdıb işə düzələndən az sonra oğurlanıb. Smbatyan adlı biri onun ailəsinə zəng vuraraq Edqarın xidmətdə olarkən Manvelin malikanəsindən oğurluq etdiyini və bu səbəbdən ailəsinin 10 min dollar ödəməli olduğunu deyib. Bildirib ki, Edqarı ancaq pul ödəniləndən sonra buraxacaqlar. Ailə əgər oğurluq olubsa Edqarı polisə verməyi tələb edib. Ancaq zəng vuran adam cavab verib: qanun bizik, onu necə cəzalandırmağı biz müəyyən edirik. Bildirib ki, pul ödənilməsə hər dəfə ailəsinə Edqarın bədəninin bir hissəsini-qulağını, barmağını, burnunu kəsib göndərəcəklər. Ailə məcbur olub 10 min dolları verir. Ancaq Edqarı azad etmirlər və məlum olur ki, bu hələ başlanğıcdır. Manvelin adamları tez-tez Edqarın ailəsinə “baş çəkirlər”, onlara yeni tələblər irəli sürürlər. Hətta eyham vururlar ki, baxın, pulunuz qalmayıbsa qəşəng qızlarınız var. Maya Mnoyan yazır: “Biz onların tələb etdiyinin hamısını ödədik-iri məbləğdə pul, əmlak, maşınlar. Heç olmasa Edqarın səsini eşitmək ümidi ilə. Çünki onlar bütün tələblərinin yerinə yetirilməsinə baxmayaraq Edqarın sağ olub-olmadığı haqda heç bir informasiya vermirdilər. Növbəti tələblərdən biri 1 kiloqram qızıl oldu-ailəmiz yaxınlarımızın köməyi ilə bu qızılı da toplayıb verdi, hətta nişan üzüyümü də verdim. Üç ay ərzində onlar bizi elə müflis elədilər ki, yeməyə heç nəyimiz qalmadı, bizi yeməklə qohumlarımız , qonşular təmin etməyə başladı. Əlimizdə qalan yeganə əmlak Yerevandakı mənzilimiz idi, onu da axırda aldılar. Atamla anamı silahla təhdid edib onların tanışı olan notariusa apardılar, mənzili Manvelin yaxınlarından birinin adına keçirdilər. Qohumlarımızdan kimsə Edqarın taleyi barədə nəsə öyrənməyə cəhd edirdisə Manvelin adamları tərəfindən oğurlanırdı və Arşaluys kəndinə aparılırdı, orada girov saxlanılırdı. Onlardan biri mənim xalamın əri oldu, Arşaluys kəndinə getmişdi ki, qardaşım barədə nəsə öyrənsin. Ancaq Manvelin adamları onu oğurladı, bir ay qul kimi, qeyri-insani şəraitdə işlətdi və 8 min dollar alandan sonra buraxdı. Pulu xalamın oğlu tapıb verdi”. Qadın bildirir ki, Manvelin onların başına açdıqları zülmün hamısını danışmağa imkan yoxdur. Bu barədə çoxlu sayda dəhşətli epizodlar var: “Təkcə onu əlavə edə bilərəm ki, üç ay ərzində Edqarı quyuda əlləri arxadan bağlı vəziyyətdə, ac-susuz saxlamışdılar. Qardaşım Manvelin yanında xidmət edən əsgərin sayəsində sağ qalmışdı, həmin əsgər hərdən quyuya sarımsaq atırmış ki, Edqar sağ qala bilsin. Azad olunandan sonra qardaşım uzun müddət əlləri arxasında qatlanmış vəziyyətdə yatırdı”. Məlum olur ki, Edqar azad ediləndən sonra general Manvel onun ailəsindən Ermənistanı təcili tərk etməyi tələb edib. Əvvəlcə onlar Gürcüstana qaçıblar, sonra gizlicə Ermənistana qayıdıblar və oradan birdəfəlik ABŞ-a köçüblər.
“Çiçəklənən Ermənistan” partiyasından keçmiş deputat, general Manvelin başçılıq etdiyi “Yerkrapa” təşkilatının keçmiş üzvü Rüstəm Qasparyan da onun necə acgöz, həris adam olduğunu danışıb. Bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Manvelin evindən tapdıqları onun oğurladıqları, taladıqları ilə müqayisədə heç nədir: “Manvel çox həris adamdır, müharibə vaxtı hamını talayıb. Kimsə ona hansısa məsələ ilə bağlı müraciət edirdisə kömək etmək əvəzinə bu adamın bütün əmlakını ələ keçirirdi. O yerə gəlib çatmışdı ki, öz qardaşı oğlunun da əmlakını talayıb ələ keçirdi. Mən onun acgözlüyünü, hərisliyini qəbul etmirdim, ona görə də tüpürüb çıxdım”. O bildirib ki, Manvel Qarabağ döyüşlərində xüsusi qəhrəmanlıq göstərməyib, işi-gücü qarət olub. “Manvel müharibə boyu bir nəfər də sağ türklə döyüş meydanında qarşılaşmayıb. Ola bilsin əsir tutub gətiriblər, onda görüb, amma sağ, döyüş meydanında görməyib. Amma qəhrəman adı alıb, bilmirəm nəyə görə. Yəqin ki, hakimiyyətin sifarişlərini yerinə yetirmək, insanları döymək, öldürmək üçün”.
Bütün bunlarla yanaşı, daha bir maqaqlı epizod 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük döyüşdə yaralanan daha bir erməni əsgəri ilə bağlıdır. Məlum olur ki, döyüşlərdən sonra əsgər ailəsindən gizlədilib.İki il gizlədilən hərbçi bu müddət ərzində ailəsindən müalicə adıyla 11 min dolar pul istəyib və yemək göndərilməsini tələb edib. Ailə əsgərə lazım olan pul və yeməyi yollayıb, lakin 2 il onun harada saxlanmasından xəbərsiz olub. Yaxınları mətbuata bildiriblər ki, ərzaq və pulu əsgərə tanımadıqları şəxs vasitəsilə çatdırıblar: “Əgər o, Ermənistanda saxlanılsaydı bilərdik, çox güman ki, Qarabağ, ya da Qarabağ ətrafındakı azərbaycanlı kəndlərindən birində saxlanılıb. Biz isə uzun müddət onun hərbi hissədə olduğunu düşünmüşdük”.
Əsgərin özü komandirləri tərəfindən işğal altında olan Azərbaycan kəndində saxlanıldığını deyib: “Hərbi hissədən olan 15 nəfərlik qrup idi. Bir Azərbaycan kəndinə gəldik, mən ağır yaralanmışdım. Bizə müharibənin davam edəcəyini dedilər, lakin heç nə olmadı. Əvəzində ailəmdən pul göndərilməsini tələb etdilər. 2 il orada qaldıq, 11 min dollar və hər həftə yemək göndərdilər. Yeyib-içirdilər, müharibə də yox idi. Pul qrupa başçılıq edən kapitanın Qarabağdakı bank hesabına yatırılırdı. Məni sərbəst buraxdıqda əlavə olaraq 15 min dram istədilər. Bunu da verib evə qayıda bildim. Üstəgəl, Qarabağdakı hərbi hissələrdən benzin oğurlayıb satırdılar. Mənim kimi girov götürülmüş digər əsgər yoldaşlarımdan da pul alırdılar. Sonradan başa düşdük ki, bu adamlar fürsətdən istifadə edib əylənir, bizi isə girov saxlayırdılar”. Əsgərin ailəsi bu barədə dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini bildirib, lakin müraciətlərə baxılmayıb. Bu cür faktların sayı kifayət qədərdir və erməni ordusunun hansı durumda olduğu aydın göstərir. Bundan başqa Azərbaycan ordusuun aldığı yeni silahlar, o cümlədən “Polonez” reaktiv yaylım atəşi sistemi indi ermənilərin qorxusunu daha da artırır. Bu durumda düşmən tərəfin Qarabağ siyasətini indik qaydada davam etdirməsi daha mümkünsüz hala gəlir. Bunu Ermənistanda da sezənlər var.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.