Məhəmməd Əsədullazadə: “Amerika Erməni Komitəsi ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizlik maraqlarından irəli gələn prioritetlərə təsir edə bilməyəcək”
Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı olan “Bell-412” helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbərin Ermənistanda yaratdığı narahatlıq davam edir.
Sözügedən narahatlıq müxtəlif səviyyələrdə özünü göstərir. Belə ki, erməni mətbuatına açıqlama verən Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Ovannisyanın sözlərin görə, nazirlik “Bell-412” helikopterlərinin Azərbaycanın silahlanmasına daxil olması haqqında məlumatları öyrənəcək: “Müdafiə Nazirliyi məcbur deyil ki, konkret nəyəsə təşəbbüs etsin. Biz xəbəri gördük, öyrənək, sonra baxacağıq”.
Bundan əvvəl “Sputnik” agentliyinin erməni xidmətinə danışan politoloq Suren Sarkisyan bildirib ki, Amerika helikopterlərinin Azərbaycana satışı məsələsi Ermənistan və Amerika hökumətləri tərəfindən dəqiq araşdırmanın predmeti olmalıdır.
Bu arada o da məlum olub ki, Ermənistan Milli Assambleyasının vitse-spikeri Arpine Ovannisyan da Azərbaycana Amerika helikopteri “Bell-412”nin satılmasından bərk narahatdır. Sözügedən şəxs bununla əlaqədar ABŞ Konqresinin erməni məsələsi üzrə komissiyasının sədr və üzvlərinə məktub göndərib: “Bu məlumatı sizinlə bölüşmək istərdim ki, bu bir çox suallar və narahatlıqlar yaradır”.
Erməni tərəfi iddia edir ki, guya ABŞ Konqresi münaqişə tərəflərinə silah satışını qadağan edib.
Qeyd edək ki, KİV-in yazdığına görə, iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə hərbi paradda ilk dəfə “Bell-412” helikopterlərinin iki vahidi nümayiş etdiriləcək. Qeyd olunur ki, bu helikopterlər yaxın vaxtlarda Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
O da məlumdur ki, ABŞ böyük dövlət olduğu üçün, Ermənistan bu ölkənin apardığı siyasətə müdaxilə edə bilməz. Belə olan halda, onlar niyə bu qədər narahatdırlar və onların belə bir təşəbbüslə çıxış etməsi nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycan öz hərbi arsenalını hər keçən gün gücləndirməkdədir. Məhz dövlət büdcəsinin əsas vəsaitləri bu istiqamətdə xərclənir. Ən müasir silahlar almaq əsas siyasi prioritetimizdir. İşğal olunmuş ərazilərin azad olunması üçün mütləq şəkildə Silahlı Qüvvələrimizin silah arsenalını yeniləməliyik. Bir neçə ölkədən silah alınır. O da məlumdur ki, ABŞ və Qərbi Avropa ölkələri Ermənistanla müharibə şəraitində olduğumuz üçün ölkəmizə silah satmırdılar. Hazırda isə İngiltərə, Çexiya, Slovakiya və digər Avropa ölkələri ilə silah ticarəti qurulub. Hərbi parad zamanı ABŞ-dan alınan helikopterlərin nümayiş etdiriləcəyi isə yenilkdir. Çünki ABŞ ölkəmizə silah satmırdı. Göründüyü kimi, artıq ABŞ-la silah ticarəti ortaya çıxdı. Ermənistanın bundan narahat olması və etiraz etməsi heç nəyi dəyişməyəcək. Qeyd edim ki, ordumuzun artıq ABŞ-dan silah alması Ermənistanda panika yaradır. Ermənistan çalışırdı ki, ABŞ silah ticarətində ölkəmizə qarşı məhdudiyyət tətbiq etsin. Azərbaycanın, başda ABŞ olmaqla, İsrail və Türkiyə kimi ölkələrdən silah idxal etməsi Ermənistanla hərbi pariteti üstələyir və psixoloji üstünlük də yaradır. Ermənistan hazırda Rusiyanın köhnə silahlarına ümid bağlayıb və bu silahlar Azərbaycanın müasir silahlarının qarşısında acizdir. Rəsmi Bakı Vaşinqtonun enerji və təhlükəsizlik tərəfdaşıdır və bunu artıq Ağ Ev də, Pentaqon da başa düşürlər. Ona görə də belə helikopterlərin verilməsi Azərbaycana qarşı siyasətin müsbət məcrada dəyişməsini göstərir və regionda ölkəmizin strateji önəmini nəzərə alırlar. Hesab edirəm ki, Amerika Erməni Komitəsi ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizlik maraqlarından irəli gələn prioritetlərə təsir edə bilməyəcək. ABŞ və Azərbaycan hərbi əməkdaşlığında yeni səhifə açılır. Bundan sonra Pentaqon müasir raket və radiokəşfiyyat qurğuları, həmçinin, tank əleyhinə raketlər verəcək”.
Vidadi ORDAHALLI