Arzu Nağıyev: “Bu, razılaşmanı şərtləndirən amillərdən biridir və belə məqamların müqavilədə əks olunması bizə ikitərəfli xeyirdir”
Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib. Müvafiq qərarda deyilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təqdim etdiyi, maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfləri ilə əvvəlcədən işlənilmiş Xəzər dənizinin hüququ statusu haqqında Konvensiya layihəsi təsdiq olunsun. Sənəddə bu konvensiyanın imzalanması üçün Rusiya Prezidentinə təqdim olunması təklif olunur.
Qeyd edək ki, Xəzərin statusu haqqında Konvensiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında beştərəfli sənəddir.
Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın iştirakçıları bu sənədə tərəf olmayan ölkələrin silahlı qüvvələrinin Xəzər dənizində mövcud olmaması prinsipinə sadiq qalmalıdırlar. Bu məqam Konvensiya layihəsində əksini tapıb. Layihədə bildirilir ki, Xəzər dənizində sahilyanı ölkələrin fəaliyyəti ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında tənzimlənəcək. Tərəflər Xəzər dənizindən sülh məqsədilə istifadə edəcəklər, problemləri sülh yolu ilə qaydasına salacaqlar, Xəzərdə silahlanma balansını qoruyacaqlar. Bundan başqa, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsində üzv ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ da təsbit olunub. Bu barədə Konvensiya layihəsinin Rusiyanın rəsmi hüquq portalında açıqlanmış mətnində deyilir. Bildirilir ki, üzv ölkələr Xəzərin dibi ilə sualtı boru kəməri və kabel çəkə bilərlər. Lakin vurğulanır ki, belə layihələr tərəflərin qoşulduğu beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələblərə və standartlara uyğun olmalıdır. Boru xətti çəkən ölkə onun koordinatları ilə bağlı Konvensiya tərəflərinə məlumat verməlidir. Rusiya hökumətinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq etməsi ilə bağlı təqdim olunan sənəddən görünür ki, bunun ölkəmiz üçün iki mühüm aspektdən xeyri var. Birincisi, bu sənədlə bir Xəzəryanı ölkə kimi ölkəmiz dənizin statusu ilə bağlı mübahisəli məsələni həll etmiş olub. İkincisi isə bu sənədi qəbul etməklə bütün Xəzəryanı ölkələr Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etmiş olublar və bu prinsipin təminatına dair öhdəliyə imza atıblar. Bu baxımdan Xəzərin statusu ilə bağlı imzalanan son sənədi necə dəyərləndirmək olar?
Politoloq Arzu Nağıyevin sözlərinə görə, Rusiyanın təsdiqlədiyi sənəd beş Xəzəryanı ölkənin konsensusa gələrək, Xəzərin hüquqi statusu haqqında mübahisəli məqamlara tam aydınlıq gətirdiklərinə bir sübutdur: “Qazaxıstan və Rusiya Azərbaycanla razılaşma imzalamışdı. Mübahisəli məqamlar cənub dövlətləri – Azərbaycan-İran, İran-Türkmənistan, Azərbaycan-Türkmənistan arasında qalmışdı. Uzun müzakirələrə, rəsmi şəxslərin məsələyə müdaxiləsinə rəğmən, çox ləng dinamika müşahidə olunurdu. İran və Azərbaycan prezidentləri arasında dialoq aparıldıqdan sonra məsələyə, bir növ, dinamika qatıldı. Bundan sonra Türkmənistan da regional siyasətində izolyasiya addımlarından yavaş-yavaş geri çəkilməyə başladı. Nəticədə üç ölkə arasındakı münasibətlərdə müsbət dəyişiklik müşahidə olundu və siyasi qətiyyət qələbə çaldı”.
Arzu Nağıyev hesab edir ki, Rusiya bu məsləyə aiddiyyəti olan tərəflərlə bütün lazımi məqamları razılaşdırıb: “Bunun kimə sərfəli, kimə daha sərfəli olması haqqında çox danışmaq olar. Amma artıq nəticə əldə olunub. Xəzərin statusu ilə bağlı əsas məqam ondan ibarətdir ki, bütün məsələlər, həm dənizin dibi, həm üstü, dənizdə olan bütün vəsaitlər, problemlər 5 dövlətin arasında bölünməlidir. Beş dövlət artıq bütün proseslərə cavabdeh olmalıdır. Əgər Rusiya bu Konvensiyaya imza atdısa, onda yəqin digər dövlətlərin rəhbərləri ilə görüşlər keçiriləcək və addımlar atılacaq. Xəzərin statusuna dair Konvensiyanın bu il Astanada keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində imzalanması gözlənir. Sammitin avqust ayında keçirilməsi nəzərdə tutulur. Bəli, sənəddə Azərbaycan üçün vacib olan məsələlərdən biri də Xəzəryanı ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və ona hörmətlə yanaşmasıdır. Bu, razılaşmanı şərtləndirən amillərdən biridir və belə məqamların müqavilədə əks olunması bizə ikitərəfli xeyirdir. Çünki biz Xəzəryanı ölkə kimi ərazi bütövlüyümüzlə bağlı işğal problemi ilə üzləşmişik”.
Məhəmmədəli QƏRİBLİ