Fikrət Sadıqov: “Ölkə başçılarının təbrik və səfərlərlə bağlı bir-birinə etdiyi jestlər ölkələrimiz arasındakı münasibətlərin hansı dərəcədə səmimi olduğuna bir işarədir”
Türkiyədə keçirilən seçkilərdə rəsmi nəticələr elan olunmadan Rəcəb Tayib Ərdoğanı ilk təbrik edən ölkə başçısı İlham Əliyev olub. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
Artıq Türkiyə ilə Azərbaycan dövlət rəhbərləri arasında yenidən ölkə başçısı seçilmələri ilə bağlı bir-birini qarşılıqlı olaraq ilk təbrik etmələri və yeni prezidentliyin başlanması dönəmində ilk rəsmi səfərlərin Bakıya və Ankaraya reallaşması bir ənənəyə çevrilib. İlham Əliyevin bu ənənəni davam etdirməsi fonunda yenidən Ərdoğanı qələbə münasibətilə ilk təbrik edən ölkə başçısı olması regional geosiyasi və vacib tarixi faktor kimi hansı əhəmiyyətə malikdir?
Politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, ölkələrimiz arasındakı münasibətlər bir qədər fərqli spesifikaya malikdir: “Bu, yaxın qonşuluq və iki ölkə arasındakı standart münasibətlərdən deyil. Biz iki qardaş ölkəyik. Ərdoğanın yenidən prezident seçilməsi həm Türkiyənin özü, həm də Azərbaycan üçün vacib əhəmiyyətə malikdir. Ölkə başçısı İlham Əliyev bunu bir daha xüsusi olaraq və hamıdan öncə qeyd edib. Əminəm ki, bizim ikitərəfli münasibətlərimiz bundan sonra da bütün istiqamətlər üzrə inkişaf edəcək. Biz bütün geopolitik anlam daşıyan məsələlərdə bir-birimizə dəstək olmuşuq. Türkiyənin bölgədə böyük gücə çevrilməsi bizim güclü olmağımız deməkdir. Bunun tarixi əhəmiyyəti ondan ibarətdir ki, biz öz keçmişimizə hörmət edərək qardaşlıq münasibətimizi saxlayırıq. Geopolitik anlamda da bizim mövqelərimiz haçalanmır. Bilirsiniz ki, biz qardaş ölkə olaraq, erməni faşizmi ilə də birgə mübarizə aparırıq. Bu baxımdan da hesab edirəm ki, Türkiyədə əldə olunan bu nəticə bizi növbəti 5 il müddətində də ermənilərlə mübarizədə effektli nəticələrə sövq etdirəcək. Digər tərəfdən isə, bu amil bizim Türkiyə ilə birgə reallaşdırdığımız böyük iqtisadi layihələrin tam güvənli olmasını şərtləndirəcək. Ölkə başçılarının təbrik və səfərlərlə bağlı bir-birinə etdiyi jestlər ölkələrimiz arasındakı münasibətlərin hansı dərəcədə səmimi olduğuna bir işarədir. Fürsətdən istifadə edib, bu seçim münasibətilə hər iki qardaş ölkəni təbrik edirəm”.
Məhəmmədəli QƏRİBLİ