Qabil Hüseynli: “Əldə olunan nəticə həm də Azərbaycan-Türkiyə münasibətləri üçün də böyük uğur vəd edir”
Türkiyədə keçirilən və Ərdoğanın qələbəsi ilə yekunlaşan seçkinin nəticələrini məğlub siyasi təşkilatlar da tanıyıb. Seçkidə Ərdoğanın əsas rəqibi olan və ikinci nəticəni göstərən Məhərrəm İncə də rəsmi nəticələr elan edilmədən Ərdoğana məğlub olduğunu etiraf edib.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi M.İncə hakim Ədalət və İnkişaf Partiyasının sədri və prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib. M.İncə iyunun 25-də keçirdiyi mətbuat konfransında seçkinin nəticələrini qəbul etdiyini bildirib. "Məni heç kim hədələməyib. Bu bəzi şizofrenlərin iddiasıdır. 15 milyon yurddaşım mənə səs verdi. 15 milyon səs verirsə, bunu 30 milyon da edə bilər. Bu istiqamətdə fəaliyyət göstərəcəyəm. Seçkinin nəticələrini qəbul edirəm”, - deyə prezidentliyə namizəd vurğulayıb. Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün lazım olan nəticəni göstərən bütün partiyalar seçkinin nəticəsini tanıyıb. Həm qaliblərin, həm də məğlubların qəbul etdiyi nəticələrlə bağlı hansı qənaətə gəlmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bütün partiyaların nəticələrin tanınması ilə bağlı eyni mövqeyi sərgiləməsi Ərdoğanın qələbəsinə heç bir şübhə yeri qoymur: “Bu o anlama gəlir ki, Ərdoğan və onun partiyası çox böyük səs toplaya bilib. Seçkidən əvvəl Türkiyə ilə bağlı fərqli proqnozlar verilirdi. Amma görünən budur ki, Ərdoğan öz liderlik keyfiyyətləri hesabına birinciliyini qoruyub saxlaya bildi. Bundan sonra Türkiyə siyasi sistemində yeni bir layihənin gerçəkləşdirilməsinə nail ola bilib. Deyilirdi ki, Ərdoğan 48 faizdən çox səs toplaya bilməyəcək. Amma ortada uğurlu bir nəticə var. Həm ümumxalq səsverməsi yolu ilə prezidenrt seçildi, həm də ölkənin parlamentar sistemini dəyişib prezident üsul-idarəsinə keçirdi. Bununla da Türkiyədə yeni siyasi sistem formalaşdı və həmin sistemə ilk olaraq Ərdoğan başçılıq edəcək. Partiyaların razılıq etməsi göstərir ki, Türkiyədəki yeni sistemin bünövrəsi möhkəm təməllər üzərində qurulur. Bu nəticəyə gələ bilərik ki, əldə olunan nəticə həm də Azərbaycan-Türkiyə münasibətləri üçün də böyük uğur vəd edir. Hesab edirəm ki, bu nəticə Türkiyənin daha böyük hədəflərə çatmasına yeni impuls vermiş olacaq. Sonradan seçkinin nəticələrinin məhz həmin qüvvələr tərəfindən də tanınması Ərdoğanın zəfərinə heç bir şübhə yeri qoymadı”.
Məhəmmədəli QƏRİBLİ