Nəzakət Məmmədova: “Çanaqqala” zəfərinin ildönümü günü türk ordusunun Afrin mərkəzinə daxil olması…”
Türkiyədə keçirilən prezident və parlament seçkilərində əldə olunan ilkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,55 faiz səs toplayıb. Muharrem İncə 30,67 faiz səs alıb. Selahettin Demirtaş 8,36 faiz, Meral Akşener 7,33 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs alıb.
Millət vəkili seçkilərində “Cümhur ittifaqı” 53, 62 % (AK Partiya 42,49 %, MHP 11,13 %), “Millət ittifaqı” 34,03 % (CHP 22,67 %, İYİ Partiya 10,01 %, SP 1,35%), HDP isə 11,62 % səs alıblar. Artıq səslərin 99%-i sayılıb. Bu da “Cümhur ittifaqı”nın 343 millət vəkili ilə parlamentdə də üstünlüyü ələ aldığını göstərir. Nəticələrə görə, 5 partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 293, Cümhuriyyət Xalq Partiyası 146, Xalqların Demokrat Partiyası (HDP) 67, Milliyyətçi Hərəkat Partiyası 50, İYİ Partiya 44 millət vəkili ilə təmsil olunacaq. Göründüyü kimi, bu seçkilərin qalibi AKP və Ərdoğan olub. Bu tandem nəyin sayəsində qalib gəldi?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyədə xalq siyasətlə yaxından maraqlanır, ölkədə və dünyada gedən proseslərə maraq göstərir: “Çünki Türkiyə daim öz unikal geosiyasi mövqeyinə görə böyük dövlətlərin, beynəlxalq güc mərkəzlərinin diqqət mərkəzində olub. Onun üzərində oynanan oyunlar bu ölkəni dünya siyasətinin obyektinə, hazırda isə daha çox öz sözünü deyən, müstəqil siyasət yürüdən fəal iştirakçısına çevirib. Bu da əhalinin siyasətə biganə qalmamasına, siyasi proseslərdə fəal olmasına səbəb olub. Əhali arasında siyasi baxışlara görə kəskin qutbləşmə, tərəfdarı olduqları liderlərin mitinqlərində milyonlarla insanın iştirakı buna misaldır. Türkiyə hazırda Yaxın Şərqdə, Şimali Afrikada, Balkanlarda fəal xarici siyasət xətti yürüdür. Əvvəlki Qərbyönümlü siyasətdən, ABŞ və NATO-nun müttəfiqi olmaqdan uzaqlaşaraq müstəqil, Osmanlının coğrafi sərhədlərinə daxil olmuş torpaqlarda öz nüfuzunu bərpa etmək səyləri göstərir. Bu da ölkədə Cümhuriyyət, Atatürk ənənələri tərəfdarları ilə Osmanlı ənənələrinin tərəfdarları, dindar kəsim arasında fikir ayrılığı yaradıb və bu mübarizə siyasi proseslərə də bir dinamiklik, hərəkətlilik verib. Ölkənin siyasi sisteminin Konstitusiya islahatları vasitəsilə dəyişməsi də seçki prosesində fəallığa bir təkan verdi. Artıq bütün səlahiyyətlərin prezidentə keçdiyini görən parlament sisteminin tərəfdarları heç olmasa Millət Məclisində öz mövqelərini gücləndirməyə çalışdılar. Türkiyənin imperiya keçmişinin Ərdoğan hakimiyyəti illərində yenidən ön plana çıxarılması, 3 qitədə, 7 dənizdə hökmranlıq etmiş imperiyanın varisi olaraq yenidən bu ambisiyaların həyata keçirilməyə çalışılması xalqda bir özgüvən, yenidən lider dövlət olmaq fikri aşılayıb. Eyni zamanda, Türkiyə uzun əsrlər xilafətin və İslam dünyasının mərkəzi olub, burada dini ənənələr çox güclüdür. Ərdoğanın dini dəyərlərə üstünlük verməsi, islam təəssübkeşliyi çəkməsi, Fələstin və Qüds məsələsini daim diqqətdə saxlaması, İsraillə münasibətlərinin gərgin olması da əhalisinin əksər hissəsi dindar olan Türkiyədə onun davamlı uğurunu və 16 ildən bəri təkbaşına hakimiyyətdə qalmasını şərtləndirən əsas amillərdəndir”.
Politoloq hesab edir ki, Ərdoğan göstəricilərinə malik olan siyasətçinin əhalisinin böyük bir hissəsi dindar və millətçi olan ölkənin rəhbəri seçilməsi onun əsasən bu iki qisim kütlənin gözləntilərinə cavab verən addımlar atması ilə bağlıdır: “MHP lideri Bahçeli kimi nüfuzlu, partiyadaxili müxalifətin belə bütün cəhdlərə baxmayaraq, yıxa bilmədiyi bir dövlət adamı ilə ittifaqı da ona səs qazandırdı. Türkiyə ordusunun Suriyada uğurlu əməliyyatları, bununla da Ərdoğanın ölkənin bölünməsinə çalışan xarici qüvvələrin planlarını pozması, Türkiyənin öz hərbi-sənaye kompleksini inkişaf etdirməsi, hazırda ölkənin S-400 və s. müasir silah növləri almaqla müdafiə və təhlükəsizliyinin etibarlı təmin olunması, terror aktlarının səngiməsi də Ərdoğanın nüfuzunu artırdı. “AK Parti” son dövrlərdə baş verən süni bahalaşma və lirənin dollara nisbətdə dəyərini itirməsi istisna olmaqla, ümumilikdə, hakimiyyətdə olduğu illərdə uğurlu iqtisadi siyasət həyata keçirib. Beynəlxalq Valyuta Fondu qarşısında borc almaqdan imtina edib. Azərbaycan və Rusiya ilə birgə bir sıra nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələri həyata keçirib. Xarici siyasətdə böyük uğurlar əldə edib. Ərdoğanın ən böyük uğuru Türkiyənin bölünməsinə imkan verməməsi, onun ərazi bütövlüyünü qoruyub saxlamasıdır. Çanaqqala zəfərinin ildönümü günü türk ordusunun Afrin mərkəzinə daxil olması, müxalif Doğan Holdinqin satın alınması, Halkbankda əməliyyatlar, seçkilərin fövqəladə vəziyyət rejimində keçirilməsi səbəbindən iğtişaşların geniş vüsət almaması da Ərdoğanın uğurunu təmin etdi”.
Nəzakət Məmədovanın sözlərinə görə, Ərdoğanın əsas təhdid mənbələrindən biri Qərbdir: “Lakin seçki ərəfəsi Konqresdə Türkiyəyə F-35, F-16, “Patriot” sistemləri və bəzi helikopter növlərinin satışına qadağa qoyuluşuna baxmayaraq, seçkiyə cəmi bir neçə saat qalmış ABŞ-ın Türkiyəyə F-35-ləri təslim etməsi mərasiminin təntənə ilə canlı yayımla göstərilməsi, bundan əvvəl isə Çavuşoğlu ilə Pompeo arasında Menbic məsələsində "yol xəritəsi"nin razılaşdırılması, PKK/PYD/YPG-nin tərksilah edilməsinə ABŞ-ın etiraz etməməsi Ərdoğanın artıq ABŞ-ın özünə qarşı mənfi münasibətini müəyyən qədər zərərsizləşdirdiyini, onun müxalifətə dəstəyini də zəiflətdiyini göstərdi. Ərdoğan, gördüyümüz kimi, öz dövlətinə və hakimiyyətinə əsas təhdid mənbəyi olan xarici qüvvələrlə son anda müəyyən razılığa gəlib onları neytrallaşdırmaqla, habelə səsvermə qabiliyyəti olan əhalinin əksər hissəsinin gözləntilərinə cavab verməklə 16 illik hakimiyyətini qarşıdakı illərdə də davam etdirmək əzmini bu seçkilərdə bir daha göstərdi”.
Məhəmmədəli QƏRİBLİ