Kremldən gələn xəbərdarlıqlara baxmayaraq, Ermənistanın yeni hökuməti Qərbyönlü siyasətindən hələ də geri çəkilmək niyyətində deyil və bu istiqamətdə fəal addımlar atmaqda davam edir. Siyasi ekspertlər hesab edir ki, Moskva İrəvanın özünü uzun müddət belə aparması ilə barışmayaraq, Ermənistana qarşı daha sərt siyasətə start verəcək.
Məhz belə bir vaxtda erməni mediası yazır ki, İrəvan Kremli kifayət qədər qəzəbləndirəcək daha bir addım atmağa hazırlaşır. “Jamanak” qəzetinə Ermənistan hökumətindəki mənbə bildirib ki, ölkənin baş naziri Nikol Paşinyan 11-12 iyul tarixlərində Brüsseldə NATO-nun sammitində iştirak etmək niyyətindədir: “Ermənistanın baş nazirinin NATO-nun sammitində iştirakı bizim ölkəmiz üçün çox əhəmiyyətlidir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, rəsmi İrəvan respublikanın təhlükəsizliyinin təmin olunması məsələlərində NATO-ya etibarlı müttəfiq kimi baxır”.
Daha əvvəl isə Paşinyan bildirirdi ki, onun hökuməti ölkənin xarici siyasət kursunu dəyişdirməyə, həmçinin Rusiya ilə birgə təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmağa hazırlaşmır. Lakin ekspertlərə görə, Kreml Ermənistanın yeni hakimiyyətinə tam etibar etmir və hələlik İrəvanda kəşfiyyatla məşğuldur. Ermənistanın yeni Nazirlər Kabinetində qərbyönümlü siyasətçilər kifayət qədər olmasa da, Moskva şübhələrini araşdırmaqda davam edir. Rusiya Paşinyanın öz yerini möhkəmlədəndən sonra Qərbə doğru da inamlı addımlar atacağını istisna etmir. Qərb-Rusiya münasibətlərinin gərgin olduğu bir vaxtda Paşinyanın NATO-nun sammitində iştirakı Kremldə qəzəb doğurmaya bilməz. Çünki heç kimə sirr deyil ki, NATO başda olmaqla, Qərb dünyası Rusiyanın başlıca geosiyasi rəqibidir. Prezident Vldaimir Putinin Rusiyanı yenidən dünya nəhənginə çevirmək strategiyasının başlıca məqsədlərindən biri isə NATO-nu mümkün qədər Rusiyanın sərhədlərindən uzaqda saxlamaqdır. Amma İrəvıan indi Moskvaınn planlarına mane olur. Serj Sarksiyan dönəmində Ermənistan regionun NATO ilə əməkdaşlıq baxımından ən geridə olan ölkəsi idi və Rusiyanın forpostunun onun bir nömrəli geosiyasi, hərbi rəqibi ilə tərəfdaşlığı ancaq formal xarakter daşıya bilərdi. Lakin indi Rusiyanın Cənubi Qafqazdakı forpostu fəal şəkildə Qərbə doğru meyl etməyə, Avropa İttifaqı və NATO ilə yaxınlaşmağa başlayıb.
Qeyd edək ki, bundan əvvəlki çıxışlarında və Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Paşinyan Ermənistanın xarici siyasət kursunu dəyişməyə hazırlaşmadığını bəyan etmişdi. Lakin “Jamanak” yazır ki, NATO-nun dövlət başçıları səviyyəsindəki sammitinə qatılmaq Paşinyanın yalan söylədiyini üzə çıxaracaq və bu, Moskvaya xəyanətdir. Həmçinin, KTMT-yə rəğmən, Ermənistanın təhlükəsizlik məsələsində başqa "müttəfiq" axtarması Rusiya ilə münasibətlərdə qaranlıq məqamların olduğunu göstərir.
Rusiyalı siyasətçi Vladimir Rıjkov hesab edir ki, Ermənistanın yeni hökuməti tamamilə fərqli xarici siyasət həyata keçirir. O düşünür ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Avropa və Amerika ilə münasibətlərində dəyişiklik olacaq: "Məncə, Ermənistan-Amerika, Ermənistan-Avropa münasibətlərində dəyişikliklər olacaq, lakin bu, Ermənistan-Rusiya münasibətlərinə bənzəməyəcək. Rusiyanın hakimiyyət orqanları Ermənistanı itirməməkdə maraqlıdır və bu istiqamətdə hərəkət etməyə çalışmalıdırlar. Çünki Ermənistan sürətlə Qərbin orbitinə yuvarlanır". Onun sözlərinə görə, hazırda Ermənistan radikal dəyişikliklərin ilkin mərhələsindədir. Digər politoloq Stanislav Tarasov isə hesab edir ki, Soçidə rusiyalı həmkarını əmin etməyə çalışan Nikol Paşinyan indi fərqli siyasət yürüdür: "ABŞ-ın Ermənistana maliyyə yardımını genişləndirəcəyi nəzərə alınmaqla, Ermənistan-Amerika münasibətləri və cari məsələlər Kremli narazı salır. Əslində, Rusiyanın Ermənistanın yeni hakimiyyətinin gerçək xarici siyasətinin necə olacağına dair tam fikrə ehtiyacı var, çünki aydın şəkildə Qərbin fəallığı və maraqları nəzərə çarpır. Erməni hakimiyyət orqanlarının yalnız inandırcı zəmanətləri kifayət deyil, biz real siyasətin necə olacağını və ABŞ-la Avropa İttifaqı arasında hansı razılaşmalara nail olunacağını izləməliyik. Həm ABŞ, həm də Avropa İttifaqı Ermənistanın maliyyəsini artırmaq niyyətindədir və bu, mənim fikrimcə, təsadüfi deyil". Ümumilikdə isə rusiyalı ekspertlər Moskvanın İrəvandan səslənən vədlərə inanmadığını, Ermənistanın real xarici siyasətinin müəmmalı olduğunu hesab edir. Bu səbəbdən də Kremlin İrəvanı cəzalandırmaq üçün yaxın tezlikdə hərəkətə keçməsi tamamilə gözlənilən sayılır.
Tahir TAĞIYEV