Qabil Hüseynli: “Məgər o bilmir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr hansı gücə malikdir?”
BMT-nin baş katibi Antonio Quterreşin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına Rusiya rəsmisi tərəfindən maraqlı mövqe ortaya qoyulub.
Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri Fransa və ABŞ-la birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli qarşısında duran məsələləri reallaşdırmaq üçün işləyir. Lavrov bildirib ki, həmin qətnamələr döyüş əməliyyatları gedərkən qəbul edilib: “Bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib. Hər kəsin razılığı ilə Minsk Qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ-la birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq”.
Lavrovun cavabında böyük qüsur var. Onun sözlərindən belə çıxır ki, BMT qətnamələri, sadəcə, atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu? Lavrovun bu yanaşmasını necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Lavrovun məlum fikirləri təxribat xarakterlidir: “Düzü, mən bundan dərin təəssüf hissi keçirdim və eyni zamanda, narahat olmağa başladım. Bununla Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığını bir daha açıb ortaya qoymuş olur. Lavrov uzun müddət Rusiyanın BMT-dəki nümayəndəsi olub. Məgər o bilmir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr hansı gücə malikdir? Həmin qurumun qəbul etdiyi bütün qətnamələr eyni gücə malikdir. Yəni hansısa ölkə ilə bağlı qəbul edilən qətnaməyə onun icrasının 25 il yubadılması ilə bağlı qrif vurulmur. Onlar mütləq surətdə yerinə yetirilməlidir. BMT baş katibi isə, Lavrovdan fərqli olaraq, qətnamələrin icra olunmaması ilə bağlı olan maneələrdən danışıb. Hiss olunur ki, o, diqqəti icra mexanizmlərinin təkmilləşdirilməsinə yönəltmək istəyir. Ancaq Lavrov həmin qətnamələri sanki atəşkəs razılaşması kimi yozmaq istəyib. Biz onu səriştəsizlikdə təqsirləndirə bilmərik. O, təcrübəli diplomat kimi, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin nə olduğunu hamıdan gözəl bilir. Onun belə açıq formada BMT qətnamələrini ələ salması Rusiya kimi böyük dövlətin səviyyəsinə uyğun deyil. Sanki bununla Lavrov Dağlıq Qarabağ probleminin həllinin dalana dirənməsindən məmnunluq ifadə etmiş olub. Bir daha sübut olunur ki, Rusiya Azərbaycan torpaqlarının işğalda saxlanmasına şərait yaradır. Olduqca zərərli tendensiyadan xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ