Vüqar Qədirov: “Biz dəfələrlə bəyan etmişik ki, nəzarətsiz ərazilər quldur, qaçaq oylağına çevrilib”
Ermənistanın xüsusi xidmət orqanlarının iyunun 18-də Qarabağ klanının hərbi cinayətkarlarından biri - general Manvel Qriqoryanı həbs etdi. O, Eçmiədzindəki evində çoxlu sayda silah-sursat saxlamaqda ittiham olunur. Silahlarla yanaşı, onun evində bahalı retro maşınlar, qar motosikletləri, qəfəslərdə vəhşi heyvanlar da aşkar edilib.
Həmçinin, ön cəbhə əsgərləri üçün nəzərdə tutulmuş ərzaq da olub. Ermənistan parlamentinin deputatı olan Manvel Qriqoryan müharibə illərində dinc azərbaycanlı sakinlərin öldürülməsi və işgəncələrə məruz qalmasında və Dağlıq Qarabağda evlərin yarılmasında da iştirak edib.
90-cı illərdə Qriqoryan Eçmiədzində və Armavir vilayətində ən nüfuzlu şəxslərdən biri olub. Buradan o, Ermənistanın Respublika Partiyası və sabiq prezident Serj Sarkisyan üçün səslər toplayıb.
Qriqoryan etiraf edir ki, Qarabağ müharibəsindən sonra Ermənistana minlərlə azərbaycanlı əsirlərlə qayıdıb. Onlardan birini öz evində əsir saxlayıb. Bu haqda o, “Azadlıq” radiosuna müsahibəsi zamanı bildirib: “Bəli. Minlərlə əsir saxlamışam. Simon (bu adı əsirə Qriqoryan verib) adlı yeniyetməni 4 il evimdə saxlamışam”.
Qeyd edək ki, Ermənistan güc nazirlikləri Qriqoryanın evindən insanlara işgəncə verib öldürülməsinə dair səhnələrin videoya çəkilmiş variantlarını da tapıblar. Təbii ki, erməni təbliğatı öldürülən şəxslərin kimliyini açıqlamır, amma həmin qurbanların azərbaycanlı əsirlər olduğu da istisna oluna bilməz. “Qriqoryan işində” meydana çıxan faktlar bir daha sübut edir ki, işğal altında saxlanan, nəzarətdən kənar ərazilərdə ermənilər bəşəriyyət və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə məşğul olublar. Azərbaycan belə halların olması ilə bağlı uzun illərdir həyəcan təbili çalır. Hazırda ermənilərin öz etirafları Azərbaycanın iddialarının özünü tam doğrultduğuna bir sübut sayıla bilərmi?
Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, orada 25 il hakimiyyətdə kriminal-quldur rejim olub: “İndi isə yeni hakimiyyət quldurları ifşa edir. Sabiq prezident Serj Sarkisyanın Ermənistanda hakimiyyəti illərində bir sıra cinayətkarlar qəhrəmanlaşdırılıb. Nümunə üçün Qaregin Njdenin İrəvanda heykəlinin qoyulmasını göstərə bilərik. Həbs edilmiş general Qriqoryanın evində çoxlu sayda silah-sursat saxlanması faktı onun müəyyən planları olduğunu göstərir. Ola bilsin ki, onun tabeliyində olan bir sıra insanlar ölkədə müəyyən hadisələr törətmək üçün əmr gözləyiblər. Beləliklə də cinayətkarların qəhrəmanlaşdırılması ölkə sakinləri üçün təhlükə mənbəyinə çevrilməyə başlayır. Hamı erməni siyasətində və Ermənistan ordusunda kimin kim olduğunu çox yaxşı bilir. Bizim üçün bir yenilik olmadı. Bununla Ermənistanın yeni hakimiyyəti sübut etdi ki, uzun illər ərzində Azərbaycanın söylədikləri həqiqət olub. Biz dəfələrlə bəyan etmişik ki, nəzarətsiz ərazilər quldur, qaçaq oylağına çevrilib. Onların ən tanınan generalının evindən görün nələr çıxır? İnsanları necə öldürdüyünü videoya çəkib ləzzət alırmış. Hələ sizi əmin edirəm ki, ictimaiyyətə həmin faktların cüzi bir hissəsi açıqlanır. Bu faktlara beynəlxalq ictimaiyyət diqqət etməlidir. Əlimizdən gələn şəkildə bunu daha geniş auditoriyaya çatdırmalıyıq. Siz elə bilirsiniz ki, separatçı rejimdə hazırda təmsil olunanlar Qriqoryandan fərqlənirlər? Əsla yox, hətta deyərdim ki, ondan da qəddardırlar. Buna əncam çəkilməsə, nəzarətsiz ərazilərdə daha ağır cinayətlərin şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ