Yeganə Hacıyeva: “Bu baxımdan da həmin təsisatın Azərbaycandakı açıq və gizli fəaliyyətinə ciddi nəzarət edilməli, yeri gəlsə, Avropa ölkələrinin təcrübəsindən istifadə olunmalıdır”
Macarıstan parlamenti “Stop Soros” adlı bir sıra qanun layihələrini təsdiqləyib. Qeyd edək ki, həmin qanun layihələri ilə amerikalı milyarder, “rəngli inqilab”ların sponsoru Cors Soros tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq ediləcək və Macarıstandakı qanunsuz miqrantlara kömək göstərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Macar deputatlar, həmçinin, əcnəbilərin ölkəyə daimi əsasla köçürülməsinin qanunsuz elan edilməsilə bağlı Konstitusiya dəyişikliyini qəbul ediblər.
Macarıstanın baş naziri, qatı antimiqrant mövqeli Viktor Orban amerikalı milyarder Corc Sorosu dəfələrlə tənqid edərək bildirib ki, Sorosun maliyyələşdirdiyi QHT-lər Macarıstanda keçirilən seçkilərə və seçkiqabağı təşviqat kampaniyasına müdaxilələr ediblər, ölkədə miqrantları dəstəkləyən siyasətin təbliğatını aparıblar.
Qeyd edək ki, amerikalı milyarder Corc Sorosun başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyətinə qarşı Şərqi Avropa ölkələri ciddi mübarizə apararaq, Soros Fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar.
İsrail də Sorosun “Açıq Cəmiyyət” fondu ilə əlaqəsi olan təşkilatları ölkədən qovub. Sorosun fəaliyyəti artıq ABŞ-ın özündə də ciddi narazılıq doğurmağa başlayıb.
Qeyd edək ki, sözügedən təsisat Azərbaycanda da dəfələrlə məkrli niyyətlər həyata keçirməyə cəhd edib. Buna görə də bizim cəmiyyətimiz tərəfindən daim tənqid edilib. Hazırda Avropanın özündə bu təsisata qarşı kampaniyanın başlanması bir çox həqiqətlərə işıq salmış olur. Bir sözlə, həmin ölkələr Azərbaycanın illər əvvəl dəstəklədiyi mövqeyi hazırda qanunvericilik səviyyəsində bölüşürlər.
Yaranmış vəziyyəti qəzetimiz üçün şərh edən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, bir neçə ildir Avropa Birliyi ölkələrində hökumətlər yerli cəmiyyətlərlə Şimali Afrika, Əfqanıstan və Pakistandan olan qanunsuz miqrantlar üzündən, AB-nin tələbi olan liberal miqrasiya siyasəti üzündən problemlər yaşamaqdadırlar: “Avropa Birliyində miqrant axınının əvvəllərində ölkələrdə yerli cəmiyyətlərə inteqrasiya edəcəyi arzu olunan, ucuz işçi qüvvəsi kimi nəzərdə tutulan, bəzi ölkələrdə isə demoqrafik problemlərinin həlli olacag miqrantlar illüziyası var idi. Reallıqda isə AB humanitar və sosial müavinət əsasında yaşamağa adət edən, sığındıqları ölkələrdə cəmiyyətlərin mədəni və dini dəyərlərinə aqressiv münasibətli, fərqli mədəniyyət daşıyıcısı olan və bir çox hallarda isə sığındıqları Avropa dəyərlərinə nifrət edən bir kütlə ilə rastlaşdı. Bu kütlə uzunmüddətli yanaşmada sığındıqları dövlətlərin milli maraqlarına hədə olmağa qədər inkşaf etdi. Bu, AB-yə üzv ölkələrinin əksəriyyəti üçün xarakterikdir. Məsələn, bu günlərdə AB-nin nəhəng dövləti olan Almaniyada belə təcrübəli kansler Angela Merkelin koalisiyada olduğu ənənəvi tərəfdaşları ilə yanlış miqrasiya siyasəti üzündən problemlər yaşanmaqdadır. Faktiki olaraq hökumət parçalanmaqdadır.
AB-də liberal miqrasiya siyasəti nəhəng üzvlərinə belə problemlər yaratdığı halda, birliyin kiçik üzv dövlətləri olan Çexiya, Macarıstan və s. kimi ölkələr üçün xüsusilə faciəvi nəticələr verməyə başladı.
Məsələn, Avropada ard-arda baş verən terror aktlarında müsəlman miqrant izləri, postsovet ölkələrindən olan miqrantların 3-cü qüvvələr tərəfindən yerli hökumətlərə qarşı istifadə olunması və s. kimi hallar yerli hökumətləri sərt miqrasiya siyasəti yürütməyə məcbur etdi. Proseslər onu göstərdi ki, miqrantlar sığındıqları ölkələrin deyil, daha çox mənsub olduqları ölkələrin mədəni və siyasi dəyərlərinin daşıyıcılarıdırlar və bu fakt bu kontingentin seçkilər öncəsi 3-cü qüvvələr tərəfindən idarə və istifadə olunmasını asanlaşdırır.
Haqqında danışdığımız 3-cü qüvvələrə misal olaraq, birliyin ölkələrındə maliyyələşdirilən qeyri-hökumət təşkilatları və hökumətlərdəki nümayəndələri vasitəsilə ölkələrin daxili işlərinə qarışan "rəngli inqilab”ların sponsoru, amerikalı milyarder Corc Sorosu göstərmək olar.
Bu yaxınlarda keçirilən prezident seçkisi öncəsi Avropada məskunlaşmış amerikalı milyarder Corc Sorosun maliyyələşdirdiyi QHT-lər Macarıstanda seçkiqabağı təşviqat kampaniyasına müdaxilələr ediblər, ölkədə miqrantları dəstəkləyən siyasətin təbliğatını aparıblar.
Dıgər Şərqi Avropa ölkələri amerikalı milyarder Sorosun başqa dövlətlərin işinə müdaxilə edən bu cür pozucu fəaliyyətinə qarşı ciddi mübarizə apararaq, Soros Fonduna bağlı QHT-lərin ölkədəki fəaliyyətlərinə qadağa qoyublar.
Xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı və Avropa Şurasındakı maliyyələşdirdiyi deputat və məmurların mövqeyi sayəsində, Soros Fondunun maliyyələşdirdiyi “Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Amnesty İnternational”, “İnsan Haqları Evi”, “Açıq dialoq” və sair kimi tanınmış QHT-lərin ölkəmizə qarşı fəaliyyəti mövcuddur və biz bu günlərdə AŞPA-da da bu şəbəkənin ölkəmizə qarşı fəaliyyətinin yeni dalğasının şahidi olacağıq. Seçki öncəsi Avropada məskunlaşmış bəzi azərbaycanlı miqrantların fəaliyyətinin də bu fondun donor olduğu QHT-lər tərəfindən maliyyələşdirildiyi sirr deyil. Bu baxımdan da həmin təsisatın Azərbaycandakı açıq və gizli fəaliyyətinə ciddi nəzarət edilməli, yeri gəlsə, Avropa ölkələrinin təcrübəsindən istifadə olunmalıdır”.
Məhəmmədəli QƏRİBLİ