Saxta erməni təbliğatı beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir. Bu birmənalı olaraq belədir. Qondarma tarix yaratmağın ustası olan erməni ideoloqları Azərbaycan torpaqlarına qarşı da zaman-zaman əsassız iddialar irəli sürüblər. Məlum olduğu kimi, ermənilərin Cənubi Qafqaza köçürülməsinin tarixi elə də qədim deyil.
190 il bundan əvvəl dədə-baba torpaqlarımızda yerləşdirilən ermənilər burada məskunlaşan kimi ərazilərimizi mənimsəməyə başladılar. Bu gün ermənilər Cənubi Qafqazın aborigen xalqlarından olduqlarını iddia etsələr də, tarixi faktlar bunun əksini göstərir. Ermənilərin İran və Türkiyə ərazisindən Azərbaycan torpaqlarına köçürülməsini təsdiqləyən yüzlərlə fakt var. O faktlardan biri də ermənilərin Azərbaycanın müxtəlif yerlərinə, xüsusən də Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı 1978-ci ildə Ağdərədə ucaldılan abidədir. Tarixdən adı “Marağa-150 abidəsi” kimi tanınır, sonradan elə ermənilərin özləri tərəfindən dağıdılaraq yerlə-yeksan edildi. Bu abidənin açılış mərasimində çıxış edən erməni ideoloqları bildirirdilər ki, ermənilər bu torpağa 1828-ci ildə, “Türkmənçay” müqaviləsindən sonra köçürülüblər və 1978-ci ildə onların bu ərazilərə köçürülməsinin 150 ili tamam olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə ucaldılmış abidə simvolik məna daşıyır.
Tarixçilər bildirirlər ki, üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda dağıdılıb. Onlar vurğulayırlar ki, “Marağa-150” dağıntıya məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik məsafə var.
Tarixçilərin bildirdiyinə görə, bu abidənin ermənilər tərəfindən dağıdılmasının səbəbi onların özlərinə yeni saxta tarix yaratmaq iddiasından irəli gəlir.
Alimlər bildirirlər ki, ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa-150” abidəsidir ki, o abidə erməni saxtakarlığını bütün dünyada ifşa edə bilər.
Tarixçi Türkan Qasımovanın sözlərinə görə, XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. “Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində, XIX əsrin 20-30-cu illərindən başlayıb. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Miqrasiya nəticəsində ermənilərin Qarabağda süni çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələndi”.
Tarixçi qeyd edir ki, bu gün yüzlərlə sakin 1978-ci ildə inşa edilən “Marağa-150” abidəsinin açılışını yaxşı xatırlayır.
Tərtər rayon sakini İlqar Qasımov AzərTAC-a açıqlamasında bu barədə belə deyir: ”O zaman 16 yaşım vardı. Atamla Umudlu kəndinə gedərkən ermənilərin abidənin açılışını etdiklərini gördük. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı. Abidənin bu formada şəkli mərhum akademikimiz İman Mustafayev tərəfindən lentə köçürülüb. 1988-ci ildən sonra ermənilər kobud tarixi səhv buraxdıqlarını dərk edərək, abidənin ön divarında xırda ağ rəngli çay daşları ilə yazdıqları “Marağa-150” sözünü söküb, “səhvlərini”, yəni tarixi həqiqəti yox etdilər”.
Tarixçilər isə qeyd edirlər ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsini sübut edən analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa olunubmuş, lakin ermənilərin ərazi iddiaları başlayanda bu abidələr də ermənilər tərəfindən dağıdılaraq yox edilib.
Tarixçilərin verdiyi bilgilərə görə, ermənilərin ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinin qalıqlarının bu gün də saxlanması bizə əsas verir ki, ermənilərin bura 190 il əvvəl köçürüldüyünü əsaslı şəkildə sübut edək. Bu abidənin qalıqları erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitədir və mühüm siyasi əhəmiyyətə malikdir.
Qeyd edilənə görə, mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Ermənilərin Qarabağa köçürülməsini sübut edən, həmçinin, “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar “Dövlətqaçqınkom” tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Erməni yalanını ifşa edən bu abidə ölkəmizə səfərə gələn insanlara, o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə göstərilir.
Tarixçi Təzəgül Yusifova qeyd edir ki, Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr zamanı ermənilərin tez-tələsik ucaltdıqları abidəni sökərək izi itirməyə çalışması bir daha onların yalançı bir toplum olduğunu deməyə əsas verir. “Bu əməlləri ilə onlar yenə də unutmuşlar ki, tarixi həqiqətləri heç vaxt saxtalaşdırmaq olmaz, bu ancaq erməni xislətidir. Dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməniləri tarixi faktlarla ifşa etmək sahəsində alimlərimiz böyük işlər görürlər. Artıq dünyanın bütün mütərəqqi elm adamları bilməlidirlər ki, “Marağa-150” abidəsi ermənilərin Azərbaycana köçürülməsi tarixinin bir etirafıdır. Ermənilərin müxtəlif dövrlərdə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda məskunlaşması prosesi hər kəsə məlumdur. “Böyük Ermənistan” yaratmaq ideyası ilə həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində onlar kütləvi qırğınlar törədiblər. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələnib.
Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib və 1 milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində məcburi köçkünə çevrilib. Məlumdur ki, mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılması uzun və mürəkkəb bir tarixə malikdir. Ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər” - deyə tarixçi bildirdi. .
Tarixçi qeyd edir ki, erməni tarixşünaslığında belə bir saxta konsepsiya özünə möhkəm yer tutub ki, bu bölgə ermənilərə məxsusdur. “Bu abidə əyani sübut edir ki, ermənilər bura köçürülüb.
Qeyd edək ki, Ağdərə ərazisində bu abidənin qoyulmasının ermənilərin bura köçürülməsinin 150 illiyinə həsr edildiyini erməni tarixçisi V.A.Parsamyan da etiraf edib. O yazırdı: “Rusiyaya birləşənə qədər Şərqi Ermənistanın 169 min 155 nəfər əhalisinin 57305 nəfəri, yaxud 33,8 %-i erməni, 84089 nəfəri, yaxud 49,7 %-i müsəlman, 26911 nəfəri, yaxud 16 %-i kürd və 850 nəfəri, yaxud 0,55 %-i kənar millətlər idi”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində qeyd etdi ki, bu abidənin ermənilərin özləri tərəfindən dağıdılmasının əsas səbəbi onların burada özlərini “yerli xalq” kimi təsdiqləmək iddiasından irəli gəlib: “Məlum olduğu kimi, 1828-ci ildən sonra ermənilər İrandan və Türkiyədən Azərbaycan ərazilərinə köçürülməyə başladılar. Türkiyədən gələn ermənilər əsasən İrəvan, Zəngəzur ərazilərində, İrandan köçürülənlər isə Qarabağda məskunlaşdırıldı. İran ərazisindən Qarabağa 43 min nəfər erməni köçürülüb. Ermənilər orada yerləşəndən sonra ərazilərimizə qarşı müəyyən iddialar qaldırdılar, toponimlərin, yer-yurd adlarının dəyişdirilməsini həyata keçirdilər. O cümlədən də Ağdərənin adını dəyişdirib Mardakert qoydular. İrandan köçürülən ermənilərin məskunlaşması üçün Ağdərə və Tərtər arasındakı ərazidə böyük bir kənd saldılar və həmin kəndin adını Marquşavan qoydular. Yəni Marağanı bu adla əvəz etdilər. Ondan sonra isə, məlum olduğu kimi, orada abidə inşa etdilər və abidənin də üzərində açıq-aşkar erməni dilində ermənilərin bizim ərazilərə köçürülmə tarixi qeyd olunmuşdu. Onlar bu tarixin əbədi qalması üçün o abidəni inşa etmişdilər. Sonradan isə onlar saxtakarlıq edərək bu abidəni dağıdıb yerlə-yeksan etdilər ki, bura köçürüldüklərinin izini itirsinlər. Bunun da səbəbi o idi ki, onlar bura gəlmə olduqlarını ört-basdır etmək istəyirdilər. Onlar sübut etmək istəyirdilər ki, guya burada yerli xalqdırlar. Abidəni dağıtmaqla beynəlxalq aləmi çaşdırmaq niyyəti güdən ermənilər böyük tarixi saxtakarlıqlara yol veriblər. Ermənilərin torpaqlarımıza qarşı zaman-zaman iddiaları hər kəsə aydındır. Abidəni də dağıtmaqla bu iddianı bir daha etiraf etdilər. 1978-ci ildə abidəni qoydular, 1988-ci ildə isə onu dağıtdılar. Bu abidə cəmi on il yerində qaldı. Ancaq o abidəni xalqın yaddaşından, tarixin səhifələrindən silmək mümkün deyil. Onun fotoşəkilləri bizim əlimizdədir. Bilirsiniz ki, abidənin qalıqları da Azərbaycandadır və onlar qorunur”.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.