Məhəmməd Əsədullazadə: “Ordumuz Naxçıvanın işğaldan azad olunan yüksəkliklərindən Qarabağ istiqamətində ermənilərin hərbi...”
Məlum olduğu kimi, Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata açıqlamasında sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub.
Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib: “Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.
Z.Həsənov onu da bildirib ki, məqsəd ordunu müharibəyə hazırlamaqdır: “Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib. Belə ki, Xunut dağının, Ağbulaq yüksəkliyinin, Qızılqaya dağının və Mehridağın işğaldan azad edilməsi Dərələyəz mahalının Arpa kəndinin Əlahiddə Ümumqoşun Ordusunun nəzarətində olması ilə nəticələnib. Bu böyük hərbi nailiyyətdir. Çünki dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir
Bütün bu deyilənlərin fonunda, Laçına gedən yola ordumuzun nəzarət etməsi hərbi-taktiki nöqteyi-nəzərdən nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məlum qələbə çox mühüm hərbi-taktiki üstünlüyün təmin olunmasına şərait yaradıb: “Azərbaycanın Naxçıvanda keçirdiyi Günnüt əməliyyatı Ermənistana aprel döyüşlərindən sonra vurulan ən ağır zərbədir. Həmçinin, bu, yeni baş nazir Nikol Paşinyana tərs sillədir. Çünki Nikol Paşinyanın açıqlamaları Qarabağ danışıqlarını fiaskoya aparacaq bir porosesdir. Ona görə də ordumuzun hazırkı vəziyyəti və işğalçılara vurduğu zərbə rəsmi İrəvanı pat vəziyyətində qoyub. Günnüt kəndi və 11 min hektar strateji ərazinin ordumuzun nəzarətinə keçməsi, həmçinin, yüksəkliklərdə postlarımızın mövqelənməsi ciddi hərbi-taktiki uğurdur. Bu minvalla Ermənistanın ərazisində dislokasiya olunmuş hərbi obyektlərə nəzarət etmək mümkün olacaq. Onların hərəkət marşrutu, ən əsası isə Qarabağa gedən yol nəzarətə alınıb. Əgər hərbi əməliyyatlar başlayarsa, ordumuz Qarabağ istiqamətində olan bütün hərbi obyektləri vura bilər. Həmçinin, ordumuz Naxçıvanın işğaldan azad olunan yüksəkliklərindən Qarabağ istiqamətində ermənilərin hərbi birliklərinə arxadan raket zərbələri endirmək iqtidarında olacaq. Bu da ordumuzun düşmən üzərində qələbəsini təmin edə bilər. Təbii ki, Günnüt əməliyyatı hərbi-taktiki uğurumuzdur. Ermənistan üzərində Azərbaycanın növbəti psixoloji qələbəsidir”.
Vidadi ORDAHALLI