Azər Həsrət: “Bu cür məsələlərdə diqqətli olmalıyıq”
“Kütləvi informasiya vasitələrinin nümayəndələri əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmalıdırlar. Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk”. Xəbər verildiyi kimi, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
O, mətbut nümayəndələrinə çağırış edərək bu məsələdə diqqətli olmağı tövsiyə edib: “Orduda baş verən bütün hadisələr dəqiqliklə araşdırılır və bu barədə ictimaiyyətə məlumat verilir. Hər bir əsgər ölümü olanda çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub. Ona görə də mətbuat işçiləri hadisə barədə məlumat verməyə tələsməməlidirlər. Araşdırmanın nəticəsini gözləmək lazımdır. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə tələskənliyə yol vermək olmaz”.
Zakir Həsənov bildirib ki, ermənilər Azərbaycana qarşı çox güclü informasiya mübarizəsi aparırlar: “Lakin onlar bu prosesdə də bizə uduzurlar. Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Bu gün hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışırlar. Media nümayəndələri belə provokasiyalara getməməlidir, diqqətli olmalıdırlar. KİV böyük bir qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, Vətənin müdafiəsinə qoşulmalıdır”.
Həqiqətən də sözügedən məsələdə media orqanlarının son dərəcə diqqətli olmalarına ehtiyac var. Çünki qarşı tərəf təkcə hərbi müstəvidə deyil, həm də media müstəvisində bizə qarşı müharibə aparır. Belə olan halda, son dərəcə diqqətli olmaq vacibdir. Bu baxımdan Zakir Həsənovun KİV-lərə etdiyi çağırışı ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət müdafiə naziri Zakir Həsənovun məlum çağırışını dəstəklədiyini bildirdi. Onun sözlərinə görə, bu cür məsələlərdə maksimum diqqətli olmalıyıq: “Şəxsən mən özüm neçə illərdir bu cür çağırışlar edirəm. Yazılarımda, çıxışlarımda bu məsələyə diqqət edirəm. Xüsusi olaraq vurğulayıram ki, bizim hər bir sözümüz, əməlimiz düşmən tərəfindən diqqətlə izlənir, öyrənilir. Əlbəttə, biz atdığımız addımlara və yazılarımıza diqqət etməliyik ki, onlara özümüz belə, bilmədən informasiya ötürmüş olmayaq. Təəssüflər olsun ki, bəziləri bu çağırışlarıma məhəl qoymurdu. Baxmayaraq ki, bunu dəstəkləyənlər çox idi. Ancaq bəlli bir kəsim var idi ki, onlar bu çağırışları qulaqardına vururdular və nəticədə də Azərbaycan Ordusu ilə bağlı sirlər, bir növ, düşmən tərəfinə ötürülmüş olurdu. O baxımdan, Müdafiə Nazirliyinə çağırışlar edirdim ki, bizi bir araya yığıb görüşlər, seminarlar keçirsinlər. Bütün bunlar sözügedən məsələnin aktuallığını bir daha sübut etmiş olur. Ona görə də Zakir Həsənovun media vasitələrinə belə bir çağırışla müraciət etməsi sevindirici haldır. Arzu edərdim ki, media təmsilçiləri və sosial mediadan fəal şəkildə istifadə edən insanlar bu çağırışa əməl etsinlər. Çünki həqiqətən də kimlərinsə hansısa hərbi əməliyyat barəsində informasiya yayması düşmənin xeyrinə işləyir. Bu minvalla hansısa formada düşmənə əlavə məlumat vermiş oluruq. Bu cür məsələlərdə diqqətli olmalıyıq. Ümid edirəm ki, bu baş verəcək. Baş verməyəcəyi halda, dövlətin qanunlarını işə salmaq lazımdır”.
Vidadi ORDAHALLI