Akif Nağı: “Ya Paşinyanı danışıqlara gətirsinlər, ya da biz müharibəyə başlamaqdan başqa çarəmizin qalmadığını bəyan etməliyik”
Ermənistanın baş naziri Nikol Paşinyan seçki islahatları komissiyası yaradıb. Baş nazirin 20 iyun tarixli əmri ilə yaradılmış komissiya Seçki Məcəlləsinə dəyişikliklər konsepsiyası hazırlayaraq ictimai müzakirəyə təqdim etməlidir.
Baş nazirin birinci müavininin rəhbərlik etdiyi komissiyaya ədliyyə naziri, polis rəisinin müavini, Mərkəzi Seçki Komissiyasının sədri, ictimai təşkilatların nümayəndələri, seçki hüququ üzrə ekspertlər daxildirlər. Nikol Paşinyan bu il mayın 8-dən baş nazir postunu tutur. O, hakimiyyətə xalq hərəkatı dalğasında gəlib. Baş nazir postuna oturandan sonra Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanda növbədənkənar parlament seçkisinə ehtiyac var, ancaq bunun üçün əvvəlcə seçki qanunvericiliyi dəyişməlidir. İndiki parlament ötən il aprelin 2-də beş il müddətinə seçilib. O vaxt prezident postunu tutan Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyası 105 nəfərlik parlamentdə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb. “Sarukyan bloku” parlamentə 31, “Çıxış” bloku 9 mandatla düşüb. Paşinyan atdığı son addımı ilə Dağlıq Qarabağla bağlı sülh danışıqları prosesindən yayındığını rəsmən təsdiqləmiş oldu. Çünki Azərbaycan tərəfi Paşinyan hakimiyyətə gələndən sonra bəyan edib ki, substantiv danışıqların aparılmasına hazırdır. Ancaq hiss olunur ki, Paşinyan müxtəlif üsullarla bu prosesdən yayınmağa can atır. Ən azı onun ortaya atdığı Seçki Məcəlləsinə dəyişikliklər konsepsiyası prosesləri 5-6 ay ləngidə bilər. Danışıqlar prosesinə məsul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinə hansı təzyiqləri etmək lazımdır ki, Paşinyan danışıqlar prosesindən müxtəlif bəhanələrlə yayınmasın?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan bundan əvvəl də belə qeyri-konstruktiv mövqe tutub: “İndiki halda, sadəcə, hakimiyyətə yeni gələn qüvvədən hansısa yeniliyə ümid edilirdi. Amma Paşinyanın seçiləndən sonra ortaya qoyduğu davranışlar sübut edir ki, ondan güzəşt gözləmək yersizdir. O, əksinə, daha sərt mövqe ortaya qoyur, işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlər edir. Əslində, Paşinyanın etdiyi gedişlərə iki aspektdən yanaşmaq olar. Onlardan başlıcası budur ki, o, ölkə daxilində mütləq gücə sahib olmaq üçün hakimiyyətini möhkəmləndirir. Eyni zamanda, Rusiya ilə və ya Qərblə hansı səviyyədə yaxın olacağına dair konturları cızır. Təbii ki, bütün bunların fonunda, onun başlıca məqsədi danışıqlardan yayınmaqla üzərinə heç bir öhdəlik götürməməkdir. Dediyiniz son proses də ona hesablanıb. Təbii ki, bizim yeganə yolumuz həmsədrlərə bacardıqca təzyiq göstərməkdən ibarətdir. Düzdür, bu da asan olan məsələ deyil. 25 ildir biz bu qaç-tutu onlarla “oynamağa” məcburuq. Həmsədrlər indiyə kimi prosesi yubatmaqla məşğul olublar. Fikir verin, onların Paşinyanla son görüşündən sonra bu proses baş verdi. Yəni danışıqlar prosesi daha bir dalana dirənmiş oldu. Biz həmsədrlərin qarşısında məsələni konkret qoymalıyıq. Ya Paşinyanı danışıqlara gətirsinlər, ya da biz müharibəyə başlamaqdan başqa çarəmizin qalmadığını bəyan etməliyik”.
Məhəmmədəli QƏRİBLİ