Rauf Zeyni: “Buna görə də hesab edirəm ki, BMT-nin rezident əlaqələndiricisinin diqqətinə bu narazılığı çatdırmaq lazımdır”
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib ki, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb.
Onun sözlərinə görə, BMT-nin insan hüquqları ilə bağlı 9 sənədindən 8-i Azərbaycanda ratifikasiya olunub: "BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçsə də, bu gün də bu istiqamətdə səmərəli işlər görərək maarifləndirmə aparıla bilər. 70 illik dövrdə insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görəcəyik".
Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd olunduğunu deyən Q.İshaqzai söyləyib ki, Şərqdə qadınlara ilk seçki hüququ Azərbaycanda verilib.
BMT rəsmisinin çıxışında diqqətçəkən vacib məsələ ölkəmizin BMT insan hüquqları ilə bağlı sənədlərinə göstərdiyi ehtiramla bağlıdır. Rezident əlaqələndiricinin açıqladığı rəqəmlərdən aydın görünür ki, ölkəmiz bu sahədə hətta dünyanın demokratik sayılan ölkələrini belə qabaqlayır. Bu nəticəni hansı əlamətin göstəricisi saymaq olar?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, həmin tədbirin işində o da yaxından iştirak edib: “Son çıxışı da mən etdim. Qeyd edim ki, tədbir çox yüksək səviyyədə təşkil edilmişdi. 20-dən artıq ölkədən 40-a yaxın ombudsman iştirak edirdi. Tədbirdə ölkəmizin rəhbərliyində təmsil olunan məmurların da iştirakı dövlətimizn ombudsman təsisatına və insan haqlarına göstərdiyi yüksək ehtiramın göstəricisi sayıla bilər. Bu faktoru digər ölkələrdən tədbirə təşrif buyuran ombudsmanlar da çıxışlarında xüsusi olaraq vurğuladılar. Azərbaycan bütün beynəlxalq öhdəlikləri nümunəvi şəkildə yerinə yetirir. Biz, demək olar ki, dünyanın mühüm konvensiyalarının hamısına qoşulmuşuq. Bu da onun sübutu sayılır ki, biz üzərimizə düşən bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetiririk. Gəlin görək, həmin təsisatların bizə olan münasibəti adekvatdırmı? Xeyr! Elə BMT-nin özünü götürək. Mən oradakı çıxışımda da dedim. 25 ildir Azərbaycan xalqı gözləyir ki, BMT qəbul etdiyi qətnamələrin icrasına başlayacaq. Amma təəssüf ki, biz BMT-nin bu istiqamətdə olan fəaliyyətində ikili standartlara rast gəlirik. Beynəlxalq təşkilatlar onları saymayan Ermənistana qarşı heç bir sanksiya tətbiq etmirlər. Necə ola bilər ki, BMT-nin, Avropa Şurasının bir üzv ölkəsi digər üzv ölkənin ərazisini işğal edib və buna qarşı həmin təşkilatlar heç bir ciddi reaksiya vermirlər? Buna görə də hesab edirəm ki, BMT-nin rezident əlaqələndiricisinin diqqətinə bu narazılığı çatdırmaq lazımdır. Qoy o da gedib öz rəhbərliyindən soruşsun ki, nümunəvi bir ölkəyə belə ikili standartlar niyə tətbiq olunur?”
Məhəmmədəli QƏRİBLİ