Mehman Muradlı: “Tədbirdə edilən məruzələrdən aydın göründü ki, ölkəmiz hətta dünyanın aparıcı dövlətlərini bu istiqamətdə qabaqlayır”
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilib.
Tədbirdə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların Azərbaycanda təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak ediblər.
Konfransda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abullayev, Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili Ülkər Bayramova, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyev və xarici qonaqlar çıxış ediblər. Konfransın yekununda Bakı Bəyannaməsi qəbul edilib. Belə bir mötəbər tədbirə məhz Bakının evsahibliyi etməsini hansı faktorla izah etmək olar?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir sıra səbəbləri var: “Bilirsiniz ki, son illər ərzində Azərbaycan müxtəlif məzmunlu nüfuzlu tədbirlərə evsahibliyi edir. Əvvəllər Bakı müxtəlif tədibrlərin keçirilməsi ilə bağlı iddiasını ortaya qoyanda bəzi dairələr tədbirlərin uğurla keçiriləcəyinə şübhə ilə yanaşırdılar. Ən əsası da bu məsələdə Azərbaycanın yeni müstəqillik əldə etmiş cavan ölkə olduğunu önə çəkirdilər. Amma bir qədər arxaya baxdıqda biz Azərbaycanın çox mötəbər siyasət, idman, mədəniyyət və başqa məzmunlu tədirlərə evsahibliyi etdiyinin şahidi oluruq. Təbii ki, elə tədbirlər var ki, onların keçirilməsində infrastruktur vacib amil kimi götürülür. Məsələn, mühüm idman tədbirlərini bu qəbildən saya bilərik. Belə yarışlara evsahibliyi etmək üçün yalnız nüfuz kifayət etmir, gərək idman qurğuların da standartlara cavab versin və lazımi sayda olsun. Ombudsmanaların Beynəlxalq Konfransının Bakıda keçirilməsinin isə ən başlıca səbəbi ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Bu nüfuz ölkəmizin beynəlxalq qanunlara və konvensiyalara bəslədiyi hörmət və onların tələblərinə riayət etməsindən qaynaqlanır. Ölkəmiz insan haqları ilə bağlı bütün qanunvericilik təşəbbüslərinə böyük hörmətlə yanaşır. Bizim ölkə qanunvericiliyində də ombudsmanların fəaliyyətini əks etdirən istiqamətlər üzrə mühüm və mütərəqqi sayıla biləcək qanunlar qəbul edilib. Tədbirdə edilən çıxışların məzmunundan aydın görmək olur ki, ölkəmizin insan hüquq və azadlığı sahəsində əldə etdiyi uğurlardan necə fəxrlə danışırlar. Bunu ölkəmizə həmin tədbir çərçivəsində təşrif buyurmuş qonaqlar dilə gətirirlər. Hesab edirəm ki, bütün bu parametrlərə görə Bakı belə məzmunlu tədbirlərə evsahibliyi etməyi haqq edir. Tədbirdə edilən məruzələrdən aydın göründü ki, ölkəmiz hətta dünyanın aparıcı dövlətlərini bu istiqamətdə qabaqlayır”.
Məhəmmədəli QƏRİBLİ