Qabil Hüseynli: “Bundan əvvəl ermənilər rəsmi səviyyədə belə təxribatlara əl atsalar da, onlara AŞPA səviyyəsində belə məzmunlu rəsmi cavab verilmirdi”
Avropa Şurası baş katibinin mətbuat katibi Daniil Holdqen Ermənistanın növbəti yalanını ifşa edib. Onun açıqlamasında bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın guya Azərbaycanın qurumda üzvlüyünün dayandırılması təşəbbüsü ilə çıxış etdiyini bəyan etməsi cəfəngiyyatdır.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib. Bu açıqlamada diqqətçəkən vacib məqam ondan ibarətdir ki, Avropa Şurası ilk dəfədir Ermənistan rəsmilərinin yalan danışdığını rəsmi şəkildə ifşa edir. Bu faktı qurumun Azərbaycana münasibətinin müsbət mənada dəyişdiyinin əlaməti kimi saymaq olarmı?
Politoloq Qabil Hüseynli Avropa Şurasının bu mövqeyini çox yüksək dəyərləndirdiyini dedi: “Əvvəla qeyd edim ki, bununla ermənilərin növbəti provokasiyası və aravuranlığının üstü açılmış oldu. Çox təəssüf edirəm ki, bizim bəzi KİV-lər tələskənliyə yol verib Yaqlandı ermənipərəst adlandırmağa başladılar. Gördünüz ki, Yaqlandın təmsil olunduğu qurum buna rəsmi səviyyədə aydınlıq gətirdi və ermənilərin növbəti yalanı ifşa edildi. Azərbaycanla Avropa institutları arasında hər zaman qarşılıqlı əməkdaşlıq olub. Son zamanlar isə bəzi xırda detalları çıxmaq şərtilə, bu münasibətlər daha yuxarı səviyyədədir. Avropa təsisatları Azərbaycanla əməkdaşlığı özləri üçün prioritet sayırlar. Bu mövqeyi onların kifayət qədər sanballı xadimləri də öz açıqlamaları ilə təsdiq ediblər. Təkcə qurumun tanınmış yetkililəri səviyyəsində verilən bir neçə bəyanat bunun əyani sübutu sayıla bilər. Azərbaycanın həyata keçirdiyi siyasət və imza atdığı qlobal layihələr ölkəmizin sanbalını daha da artırıb. Artıq Azərbaycan Avropa üçün olduqca vacib bir tərəfdaşa çevrilir. Azərbaycanın Avropa üçün artan önəmi bizim həmin təsisatlardakı nüfuzumuzu daha da artırmış olur. AŞPA-nın verdiyi son təkzibi də bunun əlaməti saymaq olar. Çünki bundan əvvəl ermənilər rəsmi səviyyədə belə təxribatlara əl atsalar da, onlara AŞPA səviyyəsində belə məzmunlu rəsmi cavab verilmirdi. Bu amil, eyni zamanda, AŞPA tərəfindən erməni məmurların saxtakar olduğunu sübuta yetirmiş oldu. Ümid edək ki, AŞPA, Avropa Şurası ilə əməkdaşlığımız bundan sonra da normal şəkildə davam edəcək. Əslində, AŞPA həqiqəti etiraf edib. Burada qeyri-adi nəsə yoxdur, amma biz belə diqqətlərə az alışdığımız üçün bunu təqdir etməliyik”.
Məhəmmədəli QƏRİBLİ