Ermənistanda cari ilin mayında baş tutan məlum hakimiyyət dəyişiklyindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi vəziyyətdə də müəyyən yeniliklər müşahidə edilməkdədir. Buna əsas səbəb yeni Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərblə yaxınlaşmaq, həmçinin, Kremlin maraqlarına zidd olan digər addımlar atmaq niyyətidir.
Artıq Avropa İttifaqı ilə İrəvan əməkdaşlıq münasibətlərini daha da genişləndirmək, qarşılıqlı münasibətlərdə əsaslı yeniliklər etmək istəyini açıqlayıb. Bu fonda o da bəllidir ki, İrəvanda hakimiyyətə təyin edilən yeni məmurlar əsas etibarı ilə Qərbmeylli olanlardır. Amma məsələ təkcə bununla bitmir. İrəvan, yuxarıda qeyd olunduğu kimi, Moskvanın heç də maraqlarına cavab verməyən digər addımlar da atmağa hazırlaşır.
Hazırda buna konkret nümunə kimi Gümrüdə Rusiya hərbi bazası göstərilir. Erməni politoloq Stepan Qriqoryan qeyd edir ki, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır. Qriqoryan baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Aykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində hesab edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. O qeyd edir ki, hətta Rusiyaya heç də az “sadiq” olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin qarşılığında xeyli məbləğdə pul alır. Onun fikrincə, “Metsamor“ AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır: “Rusiya AES-in bağlanmasına kompensasiya olaraq Avropa İttifaqının Ermənistana təqdim etməyə hazır olduğu maliyyə dəstəyini əlinə keçirməyə hazırlaşır. Müxtəlif dəyərləndirmələrə görə, bu yardım 500 milyon dollar təşkil edə bilər. Bundan sonra, faktiki olaraq, Türkiyənin “Metsamor“ AES-in bağlanması tələbini yerinə yetirdikdən sonra Moskva Ankaradan Rusiya-Türkiyə münasibətlərinin digər sahələrində bir sıra güzəştlərə nail olacaq”. Erməni ekspertin əlində olan məlumatlara əsasən, Rusiya erməni maraqlarını hesaba almayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır: “Rusiyanın niyyətləri özünü keçmiş SSRİ ərazisində mövcud olan “tanınmamış dövlətlər”ə münasibətinin analizində də göstərir. Rusiyanın konsulluq xidmətləri Dnestryanının, Abxaziyanın və Cənubi Osetiyanın sakinlərinə tamamilə sərbəst şəkildə Rusiya vətəndaşlıq pasportları paylayır. Bu ərazilərin liderləri Moskvada dövlət səviyyəsində qəbul edilir. Bunu Rusiya tərəfindən açıq dəstəkdən məhrum olunmuş “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi barədə demək mümkün deyil. Eyni zamanda, Ermənistan hakimiyyəti Rusiyanı özünün yeganə strateji tərəfdaşı hesab etməkdə davam edir”. Bir daha bildirək ki, erməni politoloqun fikirləri birbaşa baş nazir Nikol Paşinyana yaxın olan media orqanında dərc edilib. Bu isə, əslində, Paşinyanın mövqeyi sayıla bilər və indi görünən odur ki, bununla Paşinyan iqtidarı Rusiyadan getdikcə daha açıq şəkildə narazılıq ifadə edir. Belə vəziyyət Kremldə xoş qarşılanmır və İrəvanın Moskvanın üzünə ağ olması kimi dəyərləndirilir. Bunu Rusiyanın “Kolokol Rossii” qəzetində “Ermənistanın Paşinyan xəstəliyi” sərlövhəli məqalədə yer alan fikirlərdən də aydın görmək olar. Burada diqqət ilk növbədə ona yönəldilir ki, Ermənistanın yeni hökumətində Avropa qlobalist strukturlarının və Sorosun Açıq Cəmiyyət Fondunun adamları təmsil olunur və bu da Rusiyanın böyük narazılığına səbəb olub: “İrəvandakı hadisələr hamıdan çox Rusiyanın xoşuna gəlməyib. İş hətta mitinq iştirakçılarının və Paşinyanın gizlədə bilmədikləri rusofob əhval-ruhiyyədə də deyil. Bütün bəyanatlar gerçəkləşsə, regionu nəticəsi proqnozlaşdırılmayan yeni irimiqyaslı müharibə gözləyir ki, bu da əsla Rusiyanın ürəyincə deyil. Paşinyanın məsuliyyətsiz bəyanatları və hərəkətləri dərhal reaksiyaya, təkcə Qarabağda deyil, Naxçıvanla sərhəddə də vəziyyətin gərginləşməsinə səbəb olub. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojin mətbuat konfransında Ermənistanın indiki hakimiyyətini kəskin tənqid edərək deyib: “Ümumiyyətlə, məsələn, bu məsələyə dair əsası ATƏT tərəfindən qoyulmuş müvafiq relsə uyğun gəlməyən gurultulu bəyanatlar, yəqin ki, qeyri-konstruktivdir”.
Nəşr yazır ki, indi Ermənistanda mülkiyyət yenidən bölüşdürülür. Bu, ilk növbədə, Rusiya şirkətlərinin biznesinə təsir göstərib: “Elektromaydan”dan sonra “Vahid Enerji Sistemi” Rusiya Səhmdar Cəmiyyəti Sarkisyanın xahişi ilə iki aktivini – “Ermənistan elektrik şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətini və “Razdan” istilik elektrik stansiyasını Rusiyanın digər şirkətinə, amma sahibi artıq erməni olan “Taşir” şirkətinə verib. “Taşir” daha bir aktivin – “Yüksəkgərginlikli elektrik şəbəkələri” QSC-nin əldə edilməsi üçün Ermənistan hökuməti ilə müqavilə imzalayıb. Amma 2018-ci il mayın 30-da həmin müqavilənin pozulduğu elan edilib. Səbəb də bu olub ki, müqavilə “Ermənistan üçün əlverişsizdir”. Aktivlər Paşinyanın sponsoru, oliqarx Hagik Sarukyana verilib. Ermənistanda qazpaylayıcı aktivləri olan ”Qazprom” üçün də böyük problemlər yaranıb. “Ermənistan dəmir yolu” QSC-nin idarəetməsində Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun xidmətlərindən imtina edilib.
Ermənistanda Rusiya kapitalı ilə işləyən digər şirkətlər, Rusiyanın xırda biznesi üçün də ciddi problemlər yaranıb. Onları milliləşdirmə bəhanəsilə sadəcə yerli oliqarxların xeyrinə tutub alacaqlar. Eyni zamanda ölkədə Rusiya telekanallarının yayımının qadağan edilməsi barədə məsələ müzakirə olunur. Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Məlikyan deyib: “Rusiyanın istər ölkə daxilində, istərsə də keçmiş Sovet İttifaqı ölkələrində həyata keçirdiyi imperiya təbliğatı bu ölkələrə öz təsirini qoruyub saxlamağa hesablanıb. Bununla belə, biz bu ölkənin öz iqtisadiyyatını necə inkişaf etdirdiyini, insan hüquqları baxımından hansı uğursuzluqlarla üzləşdiyini görürük. Buna görə də Rusiya rəhbərliyi belə təbliğatın köməyilə bunu ört-basdır etməyə çalışır”. Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan Kiril əlifbasını “zibil əlifba” adlandırıb və sənədlərin rus dilində yazılmasını qadağan edib. Bütün bunlar cəmi bir ay ərzində baş verib. Bu gedişlə Ermənistan qısa müddətdən sonra Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb Avropa İttifaqına və NATO-ya daxil olmaq istədiyini bildirəcək.
Rusiyadakı erməni diasporu Mixail Leontyevin iştirak etdiyi efirlərə etiraz etmək üçün “Komsomolskaya pravda” qəzetinin redaksiyası qarşısında qanunsuz mitinqlərə toplaşır, pisləmək, bağlamaq, işdən kənarlaşdırmaq, hamının üzr istəməsi və tövbə etməsi üçün bütün mümkün vasitələrlə böyük təzyiq göstərirlər. Yaxşı ki, güllələməyi tələb etmirlər. Budur erməni demokratiyası. Demək istəyirsən ki, belə cəsursunuzsa, nə üçün Qarabağ cəbhəsində, yaxud Hələbdə İŞİD-in mövqeləri qarşısında mitinq etmirsiniz? Bunun müqabilində siz Leontyevin iştirakı ilə bir neçə radio verilişindən bəzi məqamları kəsib təxribat xarakterli 6 dəqiqəlik parça düzəldirsiniz və incidilmişlər rolunda çıxış etməyə çalışırsınız. Mixail Leontyev çox emosional şəkildə həqiqəti dedi. Bəli, fikirlərinin deyiliş tərzi kobud idi, amma məzmunu həqiqət idi. Hər bir rusiyalı və erməni ürəyinin dərinliyində bunu bilir, amma ruslar heç kəsi incitməmək üçün tolerantcasına bu mövzunun üstündən sükutla keçməyə çalışırlar. Leontyev isə baltanı kökündən vurdu. Yaxşı olar ki, rusiyalı ermənilər Ermənistanda və Qarabağda hadisələrin gözümüz qarşısında necə çalxalandığı barədə düşünsünlər. Xankəndidə cavanlar güc strukturlarının nümayəndələri ilə dalaşır, güc orqanlarının istefası və buraxılması tələbləri ilə nümayişlər keçirilir, onların öz “maydanı” başlayır. İrəvanın özündə mitinq edənlər artıq bütün ermənilərin Patriarxı və Katolikosu ikinci Qareginin devrilməsini tələb edirlər. İş o yerə gəlib çatıb ki, tezliklə Şərqin ən qədim xristian kilsələrindən birinin başçısını Soros funksionerləri təyin edəcəklər. Eyni zamanda, gənc ermənilər fəxr edirlər ki, erməni Kim Kardaşyan qaradərili reperə ərə gedib, digər bir erməni – Aleksis Ohanyan kişi sifətli, qaradərili Serena Uilyamsın əri olub. Belə olan halda hansı milli identiklikdən, milli və dini adətlərdən söhbət gedə bilər? Böyük müharibə ehtimalı ətrafında çox təhlükəli oyunlar gedir. Çoxlu qan tökülə bilər, amma elə bu vaxt “sivil” Avropada kimsə şampan partlatmağa hazırlaşır”. Bütün bu qeyd edilənlərdən kifayət qədər aydın görünür ki, Rusiyada Ermənistanda baş verənlərdən kifayət qədər böyük narazılıq var. Məhz belə vəziyyətdə Kremlin İərvana qarşı təzyiq rıçaqlarını işə salması qətiyyən istisnalıq təşkil etmir. Belə rıçaqlardan ən başlıcası isə məhz Qarabağ münaqişəsidir. Rusiya bu cəbhədə İrəvanı yalnız buraxmaqla elə Ermənistanın özündə Paşinyana qarşı ciddi etiraz dalğası yarada bilər. Paşinyan isə bütün bunları bilə-bilə Kremlə qarşı çıxmaqda davam edir. Elə bu fonda hesab edilir ki, Kreml yaxın tezlikdə, Qarabağ kartı da daxil olmaqla, Paşinyana qarşı digər təzyiq rıçaqlarını işə salacaq. Bu isə qarşıdakı günlər ərzində konfliktin çözümündə mühüm yeniliklərin olmasını istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.