Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik.
Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Bu anlayış ənənələri, irqi və ya etnik kökləri çoxluqdan fərqlənənlərə qarşı daha yumşaq münasibəti nümayiş etdirir. “Tolerant” termini ilk dəfə XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Antik dövrdə tolerantlığın ilkin elementləri özünü göstərirdi: işğaldan sonra əsarət altına alınmış hər hansı xalqın nümayəndələrinin azadlığa buraxılması və vətənlərinə qayıtmağa icazə verilməsi; işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət etməyə imkan yaradılması və s. Orta əsrlərdə xüsusi qruplara münasibətdə tolerantlığın daha təkmil forması özünü göstərməyə başladı. Bu baxımdan “tolerantia” adlandırılan Latın konsepti “orta əsrlərin yüksək inkişaf etmiş siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə hesab olunurdu. Sonralar ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə gətirilməsinə icazə verilməsi məsələsini irəli sürdülər. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən sonrakı dövrlərə təsadüf edir.
İntibah dövründə siyasətçilər və tədqiqatçılar dini tolerantlığın qanunla tənzimlənməsinə dair müzakirələrə başladılar. 1689-cu ildə Britaniya parlamenti “Tolerantlıq aktı” adlanan sənəd qəbul etdi və bununla non-konformistlərə inanclarında azad olmaq hüququ verildi. 1789-cu ildə Fransa inqilabı ərəfəsində Milli Assambleya tərəfindən qəbul edilmiş Deklarasiyada fikirlərinə görə heç kəsə müdaxilə edilməməsi, dini inanclara hörmət bəslənilməsi vurğulanırdı.
XX əsrdən etibarən müvafiq konsept beynəlxalq sənədlərdə vacib müddəa kimi daha geniş əks olunmağa başlandı. 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin 18-ci maddəsində qeyd olunur: hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir, bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.
1995-ci ilin noyabrında keçirilmiş UNESCO-nun Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı, “dözümlülük insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır” fikirləri ifadə olunub. Müasir anlamda tolerantlıq çoxşaxəli mahiyyət kəsb edir.
Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst, heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Bu ölkədə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad hiss edir. Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər, humanist olduğu üçün, respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə biliblər. Qonşularla hər zaman mehriban olmuşuq və onların hansı millətin nümayəndəsi, hansı dinin təmsilçisi olmasından asılı olmayaraq, dözümlülük göstərmişik. Yüzilliklər bir-birini əvəz etsə də, Azərbaycan xalqı öz humanist mövqeyində qalıb, nəsillər babalardan əmanət qalan ənənəni davam etdiriblər. Əsrlər uzunu Azərbaycan bir çox millətin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əminamanlıq şəraitində yaşadığı ölkə kimi başqa respublikalara böyük bir örnəkdir.
Azərbaycanın tolerant bir ölkə olması artıq heç kimdə şübhə doğurmur. Bəzi qüvvələr zaman-zaman bu birgəyaşayış prinsiplərini zədələmək istəsələr də, ona müvəffəq ola bilməyiblər. Müxtəlif dini təriqətlərə mənsub olan Azərbaycan vətəndaşları əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşayıblar, bu ənənə bu gün də davam etməkdədir. Bu mühitin davam etməsində Azərbaycan hakimiyyətinin də rolu böyükdür. Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev respubilkamızda yaşayan çoxsaylı etnik qrupa və azsaylı xalqlara xüsusi diqqət göstərib. Bunun bariz nümunəsidir ki, “Yəhudilər Azərbaycanda” kitabı hazırlanıb, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanıb. Respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə ikigünlük səfəri zamanı əminliklə qeyd etmişdi ki, Azərbaycanda dinindən, dilindən, millətindən aslı olmayaraq, bütün insanların bir-birilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.
Bu gün ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta onlar çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq “ixrac etmək” mümkündür. Bu model Azərbaycan xalqının sərvətidir.
Bu gün dünyada baş verən hadisələr - dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə islam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada islam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qürurla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüzillərlə əminamanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir. Tolerantlıq fərqliliyimiz və zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Tolerantlıq həm də sosial hadisədir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə, cəmiyyətdə əminamanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Müasir Azərbaycan Respublikasının Konstitusiyası da din və vicdan azadlığını təbliğ etməklə yanaşı, dinlər və məzhəblərarası münaqişəyə imkan yaratmamaq, bütün etiqad və dini icma nümayəndələrinin qardaş kimi birlikdə yaşama imkanını qanun şəklində ortaya qoyub. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumların yaradılması və fəaliyyəti də Azərbaycanda milli və dini tolerantlığın, multikulturalizmin qorunub saxlanmasına xidmət edir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bir müsəlman ölkəsi olan Azərbaycanın digər mədəniyyət mənsublarının da rahatlıqla yaşayıb fəaliyyət göstərdiyi ümumi bir vətən olduğunun nümunəsidir. Cənab İlham Əliyevin göstərdiyi kimi, “İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir”. Aydındır ki, islamın “terror” formasında təqdim edilməsi müəyyən xarici qüvvələrin də marağına və islam dünyasının təriqətlər, məzhəblər savaşı burulğanına qərq olunması məqsədinə xidmət edir. “Təhsil radikalizmə qarşı başlıca qarantdır” deyən cənab Prezidentin göstərdiyi kimi, radikalizmlə və xurafatçılıqla mübarizənin ideoloji yolu isə maarifçilik, tolerantlıq, multikulturalizm və mütərəqqi milli xadimlərimizin əsərlərinin təbliği ilə mümkündür.
Vidadi XUDAŞOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.