Naxçıvanda ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib. “Trend”in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, Naxçıvanda çox uğurlu əməliyyat keçirilib: "Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Artıq Laçına gedən yola da ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.
Z.Həsənov bildirib: "Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir".
Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ordumuzun nəzarətinə keçib.
Zakir Həsənov deyib ki, erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır. Nazir KİV nümayəndələrini əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmağa çağırıb: "Orduda baş verən bütün hadisələr dəqiqliklə araşdırılır və bu barədə ictimaiyyətə məlumat verilir. Hər bir əsgər ölümü olanda çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub. Ona görə də mətbuat işçiləri hadisə barədə məlumat verməyə tələsməməlidirlər. Araşdırmanın nəticəsini gözləmək lazımdır. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə tələskənliyə yol vermək olmaz".
Nazir bildirib ki, ermənilər Azərbaycana qarşı çox güclü informasiya mübarizəsi aparır: "Lakin onlar bu prosesdə də bizə uduzurlar. Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Serj Sarkisyan hakimiyyətini bitirdi. Bu gün hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır. Media nümayəndələri belə provokasiyalara getməməlidir, diqqətli olmalıdırlar. KİV böyük bir qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, Vətənin müdafiəsinə qoşulmalıdır".
Z.Həsənov Azərbaycan Ordusunun qida tələbatına da toxunub: "Azərbaycan Ordusunda bir ayda 500 tondan çox ət istifadə edilir. Dövlətimiz ordunun bütün tələbatını ödəyir. Bu gün əsgərlərimiz gündə 3 dəfə yemək yeyir. Onlar ən yüksək keyfiyyətli qidalarla təmin olunurlar. Dövlətimiz hərbçilərin rahatlığı üçün hər şeyi edir. Hətta əsgərlərin yeməyini də mülki işçilər bişirir. Biz istəyirik ki, əsgərlərimiz yalnız döyüş hazırlığına önəm versin. Ona görə də bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir".
"Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb". APA-nın məlumatına görə, bunu da müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: "Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək".
Z.Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək".