Vüqar Qədirov: “Hansısa referendumun keçirilməsi isə yalnız ermənilərin xülyası ola bilər”
Son günlər Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda dinamiklik müşahidə edilir. Xarici işlər nazirlərinin Moskvaya səfəri, onun ardınca Lavrovun regiona işgüzar səfərlərini bu fəallığın nümunəsi saymaq olar. Danışıqların hansı fazada olduğu haqda da müxtəlif fikirlər, versiyalar səsləndirilir.
Bunlardan ən başlıcası budur ki, danışıqlar Kazan və Madrid prinsipləri üzrə aparılır, ermənilər 5 və ya 7 rayonu qaytarmağa hazırdırlar, ancaq əvəzində nəsə istəyirlər. Ermənistanın rayonları qaytarmağın müqabilində hansı tələbləri ola bilər?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, Ermənistanın tələbləri çox ola bilər, ancaq bunların mümkün olub-olmaması müzakirə mövzusudur: “Danışıqlardakı dinamikanın artdığını görürük. Aprel hadisələri zamanı Azərbaycan öz ərazilərinin bir qismini geri qaytardı, Lələtəpə strateji yüksəkliyini tutdu. Bu gün elə bir vəziyyət yaranıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarmağa hazırdır. Erməni politoloqlarının açıqlamalarından görürük ki, onları ciddi narahat edən detallar var. Ermənistanı narahat edən məsələ odur ki, Azərbaycan tərəfi boşaldılan ərazilərdə dərhal öz hərbi obyektlərini yerləşdirəcək. Onların fikrincə, bu, zəbt etdikləri Dağlıq Qarabağa “təhlükə” yaradacaq. Ermənistanda qorxurlar ki, bu rayonların verilməsindən sonra hərbi status-kvo pozulacaq. Əslində, Azərbaycan 5 rayonun deyil, 7 rayonun boşaldılmasını tələb edir. Ermənistan tərəfi isə, sadəcə, 5 rayonun qaytarılmasından danışır. Məsələ ondadır ki, burada erməni ictimai rəyi həlledici rol oynamır. Erməni hakimiyyətinin “Azərbaycan öz hərbi obyektlərini burada yerləşdirməklə Qarabağı təhdid edəcək” kimi fikirləri də avantüradır. 5 rayonun qaytarılması ilə bağlı həll paketinə görə, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Həmin sülhməramlılar bölgədə sülhün qarantı olmalıdırlar. Əslində, sülhməramlı qüvvələrin yalnız ruslardan ibarət olması fikrini, sadəcə, Ermənistan və Rusiya tərəfi bilərəkdən qabardırlar. Rəsmi Bakı bunu qətiyyən qəbul etmir. Danışıqlar 5 yox, 7 rayonun qaytarılmasını nəzərdə tutan Madrid prinsipləri əsasında aparılmalıdır. Ermənilərin tələbi budur ki, beş rayonun qaytarılması müqabilində referendum keçirilsin və bununla da Dağlıq Qarabağın statusu müəyyənləşsin. Ancaq Azərbaycan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirib. Hansısa referendumun keçirilməsi isə yalnız ermənilərin xülyası ola bilər.
İndi aparılan danışıqlar formatı mərhələli həll planını özündə əks etdirmir. Azərbaycan tərəfi yalnız ilkin şərt olmadan beş rayonun boşaldılmasına razıdır. Daha sonra isə iki rayonun qaytarılması və Qarabağa aralıq statusun verilməsi məsələsi durur. Azərbaycanın ərazi bütövlüyü bu razılaşmada danışıqlar predmeti olmamalıdır. Bunu bizim rəsmilər dəfələrlə bəyan ediblər”
Məhəmmədəli QƏRİBLİ