ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş konqresmen Stiv Kohen Azərbaycanın milli bayramı - Respublika günü münasibəti ilə bəyanatla çıxış edib.
Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata əsasən, konqresmen Kohen Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu, onun prezident Vudro Vilson administrasiyası tərəfindən tanındığını və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman dövlət kimi tarixə düşdüyünü qeyd edib.
Bəyanatında Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini deyən konqresmen ölkənin müstəqillik illərində ciddi çağırışlarla qarşılaşdığını və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bu torpaqlardan çıxması tələbinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun hələ də erməni işğalında olduğunu bildirib.
Daha sonra bəyanatda Azərbaycanın təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə, nüvə materiallarının yayılmaması, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak və enerji təhlükəsizliyi kimi sahələrdə ABŞ-ın vacib tərəfdaşı olduğu diqqətə çatdırılıb. Bu kontekstdə, Azərbaycanın Əfqanıstanla bağlı töhfələri yüksək qiymətləndirilib. Bununla yanaşı, ölkəmizin Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılmasında oynadığı mühüm rol və Cənub Qaz Dəhlizi layihəsinin gələcəkdə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinə mühüm töhfəsi ilə bağlı məsələlərə xüsusi vurğu edilib.