Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı PKK terror təşkilatını silahlandırmaqda ittiham edib. Ərdoğan Rusiyanın PKK-ya zenit raketləri verdiyini bildirib.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın terror təşkilatına silah verdiyini bildiklərini deyib.
Jurnalistin "Hakkaridə bir helikopterimiz vuruldu və iki şəhidimiz oldu. O hadisədə istifadə edilən silahların terror təşkilatının əlinə necə keçdiyi barədə bir məlumat varmı?" sualına Ərdoğan belə cavab verib: "Hansı silahdan istifadə edildiyi bəllidir. Hazırda terrorçuların əlində Rusiya tərəfindən verilmiş zenit raketləri var. Separatçı terror təşkilatı bunlarla təchiz edilib. Bunlar Suriya tərəfindən, İraq tərəfindən separatçı terror təşkilatına çatdırılır. Silahlı qüvvələrimiz heç bir şeyi gözardı etmədən bunların üzərinə gedir".
Qeyd edək ki, 2015-ci ilin dekabrında boğazdan keçən Rusiya donanmasının Qara dəniz Filosuna aid gəmilərdən biri, "Caesar Kunikov”un güvərtəsindəki rus əsgərinin çiynində hazır vəziyyətə gətirilmiş raketin eynisi bir müddət sonra bir PKK-çının əlində də görüntülənmişdi.
Mayın 13-də Hakkaridə iki türk əsgərinin şəhid olmasına səbəb olan hərbi vertolyotun da eyni silahla vurulduğu müəyyənləşdirilib.