Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanın özü həll etməlidirlər. Rusiyanın münaqişəni 15 və ya 20 dəqiqə ərzində həll edə biləcəyini deyənlər yanılırlar. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdə deyib.
Diplomatın sözlərinə görə, Rusiya bu məsələdə yalnız vasitəçi ola bilər: "Hər hansı bir tərəfə təzyiq və ya zor vasitəsilə lazımi nəticə əldə etmək mümkün deyil. Təməldə etimad olmalıdır və onu yalnız münaqişə tərəfi olan ölkələr yarada bilər. Aprelin əvvəlindəki hadisələr mövcud vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticə çıxarmalıdır. Rusiya da nəticə çıxaracaq və vasitəçilik səylərini artıracaq".
"Türkiyə-Rusiya münasibətləri ilə bağlı əsas məsələ odur ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmir”. Bunu da Rusiyanın Azərbaycandakı səfiri deyib (APA).
O bildirib ki, rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir: "Bizim əməkdaşlığımız sınağa davam gətirdi. Mənim Azərbaycanda yüksək vəzifəli həmsöhbətlərimdən biri dedi ki, "biz Rusiya və Türkiyə arasında baş verənlərdən sizdən çox narahatlıq keçiririk”. Düşünürəm ki, o şişirtməyib. Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o düzgün praktik addımlar atmalıdır. Tarixi oxuyanlar bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibələr olub. Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, bu, hazırki vəziyyətdə də baş verəcək. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”.