ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar. Trend-in məlumatına görə, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib.
Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Jurnalist Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlamışdı. X.İsmayılın vəkilləri həmin qərardan kasasiya şikayəti vermiş və jurnalistin azadlığa buraxılmasını istəmişdilər.
"Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı-jurnalist Xədicə İsmayılovanın şərti olaraq azadlığa buraxılması qərarı Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsi istiqamətində daha bir müsbət addımdır”. Bu barədə isə Avropa İttifaqı sözçüsünün Xədicə İsmayılovanın Azadlığa buraxılması ilə bağlı bəyanatında bildirilir (APA).
Bəyanatda deyilir ki, bu qərar və Azərbaycanla Aİ arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir: "Avropa İttifaqı ümid edir ki, bu qərar Xədicə İsmayılovun üzərindəki səfər qadağasının götürülməsi və yeni həbs olunmuş və ya siyasi səbəblərdən Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmış şəxslərin azadlığa buraxılması və ya reabilitasiyası ilə daha da güclənəcək”.