"Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası böyük bir ərazi üçün çirklənmə mənbəyidir. Bütün AES-lər təhlükəlidir, xüsusən də istismar müddəti bitmiş olmasına baxmayaraq, fəaliyyətini davam etdirən AES-lər”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında "Greenpeace Rusiya” təşkilatının enerji layihəsinin koordinatoru, enerji sahəsində tanınmış ekspert Rəşid Alimov bildirib. O deyib ki, Metsamor AES vaxtilə zəlzələyə müqavimət göstərib: "Yəni, layihə artıq köhnəlib və müasir tələblərə cavab vermir. Metsamor AES-də qoruyucu üzlük və müasir standartlara uyğun təhlükəsizlik sistemi mövcud deyil”.
Ekspert Metsamor AES-də qəza olacağı təqdirdə, hansı ərazilərin çirklənəcəyi ilə bağlı indiyə kimi dünyada bir sıra tədqiqat institutlarının araşdırma apardığını, həyəcan təbili çaldığını vurğulayıb: "Bunlardan biri Avstriyanın Yer haqqında Elmi İnstitutunun apardığı araşdırmadır. Araşdırmada Metsamor AES-də qəza baş verəcəyi halda, Azərbaycan da daxil olmaqla, böyük bir ərazinin çirklənəcəyi qeyd olunub. Bildirilib ki, hava şəraitindən asılı olaraq Metsamor AES-dəki mümkün qəza böyük ərazini çirkləndirə bilər və bu, region üçün olduqca təhlükəlidir”.
R. Alimov Metsamor AES-in mövcudluğunun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların, terrorçuların regiona diqqətini artırdığını da əlavə edib: "Metsamor AES yaxın ərazidə hərbi əməliyyatların baş verəcəyi halda hücuma məruz qala biləcəyi kimi, həm də terrorçular üçün əlçatandır”.